Məhkəmə qərarları › İş №2-1(114)-256/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-256/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-256/2024 28.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun məxsusluğu barədə arayışın verilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Gədəbəy rayonu Slavyanka bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Slavyanka kəndində Slavyanka-Ağamalı şose yolunun sağ tərəf, üst hissəsində olan ərazidən X21 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur.

2. Eyni zamanda DT və XK-nin Gədəbəy rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə xx.xx.2006-cı il tarixdə rəy vermişdir. Həmin rəydə satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına “yarar ” olmaqla, həmin məqsəd üçün satılmasının qanunamüvafiqli bildirilmişdir.

3. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir.

4. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 70 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 08 nömrə ilə qeydiyyata alınmışdır.

5. Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsi xx.xx.2021-ci il tarixdə iddiaçının atasına ayrılmış torpaq sahəsinə yerinə baxış keçirmiş və baxış zamanı ayrılmış 0.10 ha torpaq sahəsinin vətəndaşın faktiki istifadəsində olduğu, həmin ərazinin məqsədli təyinatının ərazinin yerquruluşu, təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilmədiyi və sürüşmə zonasında yerləşmədiyi müəyyən edilmış, eyni zamanda verilmiş rəydə daşınmaz əmlak obyektinin döngə nöqtələrinin koordinatları da müəyyən edilmişdir.

6. Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 367 nömrəli arxiv arayışında qeyd edilir ki, Slavyanka kəndində Slavyanka-Ağamalı şose yolunun sağ tərəf, üst hissəsində olan ərazidən mərhum X15 adına 0.10 ha həyətyanı məqsədlə torpaq sahəsinin ayrılması barədə Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli iclas protokolunun qərarı və ona əlavə edilmiş sənədlər arxivdə mühafizə olunur.

7. Ölüm haqqında xx.xx.2021-ci il tarixli AZ-İİ 136101 nömrəli şəhadətnaməyə əsasən X27 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

8. Gədəbəy rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli 296 nömrəli məktubundan məlum olur ki, İddiaçı mərhum atası X15 qanun üzrə vərəsəsidir.

9. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsi üzərində mərhum atasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 0.10 ha həyətyanı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsinə aid torpaqlardan ayrılmışdır.

10. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 149 nömrəli məkutubunda göstərilmişdir ki, Slavyanka kənd sakini X21 0.10 ha həyətyanı torpaq sahəsi ayrılması barədə bələdiyyənin 28 fevral 2006-cı il tarixli 03 saylı qərarı və 02 mart 2006-cı il tarixli 08 saylı alğı-satqı aktı qüvvədədir, ləğv edilməyib.

11. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Elektron məlumat bazasına əsasən Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Gədəbəy rayonu Slavyanka kəndi ərazisindən X1 nəzərdə tutulmuş 0.10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. 2) Həmin torpaq sahəsinin faktiki döngə nöqtələri və koordinatları Slavyanka kəndinin kompleks yerquruluşu layihəsindən çıxarışda və Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsinin xx.xx.2021-ci il tarixli rəyində göstərilən koordinatlarla eynilik təşkil edir (Faktiki istifadədə olan torpaq sahəsinin sərhədləri daxilindədir). 3) Həmin torpaq sahəsinin hər hansısa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. 4) Həmin torpaq sahəsi qaz kəmərinin mühafizə zolağına, elektrik xəttinin qorunma zolağına, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə müdafiə və digər təyinatlı öbyektlərin mühafizə zonalarına düşmür. 5) Elektron məlumat bazasına əsasən Gədəbəy rayonu Slavyanka kəndində X24 (0.12 ha), X31 (025 ha), X16 (0.06 ha) və X3 (0.12 ha) adına qeydə alınmış torpaq sahələri yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı məqsədli, xüsusi mülkiyyətdə olan torpaq sahəsinə aiddir və eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşuluqda yerləşmişdir.

12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş arayışda göstərilmişdir ki, Gədəbəy rayonu Slavyanka təsərrüfatının torpq islahatı ilə bağlı təsdiq edilmiş kompeks yerquruluşu layihəsinə əsasən Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Gədəbəy rayonu, Slavyanka kəndi ərazisindən X21 həyətyanı məqsədilə satılması nəzərdə tutulmuş 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla örüş təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.

13. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.25 ha torpaq sahəsi üzərində X22, X7 və X10 ümumi birgə, xx.xx.2014-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsi üzərində X3, xx.xx.2010-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.12 ha torpaq sahəsi üzərində X11 və xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.06 ha torpaq sahəsi üzərində X6 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlarda torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X5, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X23 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlarda torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.

15. Məhkəmənin sorğusuna Göygöl rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2023-ü il tarixli 187 nömrəli cavab məktubunda bildirmişdir ki, qeyd edilən torpaq sahəsi əkinə yararlı olsaydı alğı-satqı predmeti ola bilməzdi. Odur ki, həmin torpaq sahəsinə dair rəydə kənd təsərrüfatına yararsız olması qeyd edilmişdir. II. Məhkəmədə icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı və xx.xx.2006-cı il tarixli torpaqların alğı-satqısına dair akt əsasında Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində İddiaçı satılmış 0.10 ha torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb həyətyanı yaşayış məntəqələrinin torpaqları kimi çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı əsasında Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bununla bağlı xx.xx.2006cı il tarixdə torpaqların alğı-satqısına dair akt tərtib edilmiş və xx.xx.2006-cı il tarixdə 08 nömrə ilə qeydiyyata alınmış və bununla bağlı yerquruluşu layihəsindən çıxarışda torpaq sahəsi koordinatlarla göstərilmişdir. Alqı-satqı ilə bağlı banka müvafiq dövlət rüsumu ödənilmişdir. Aradan keçən müddət ərzində qeyd edilən torpaq sahəsinə dair çıxarış alınmamışdır. X27 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı mərhum P.Rəhimovun birinci növbə vərəsəsi İddiaçı Gədəbəy rayon notariat ofisinə müraciət edilmişdir. Qeyd edilən torpaq sahəsinə mərhum X15 adına çıxarış alınması ilə bağlı İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" AR Qanununun 7.2-ci maddəsinə əsasən, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Belə ki, eyni yerdə yerləşən və ətrafdakı qonşulara bələdiyyə tərəfindən satılan torpaqlara həyətyanı yaşayış məntəqələrinin torpaqları kimi çıxarış verilmişdir. Belə ki, X17 verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarış, X25 verilmiş ********** qeydiyyat nömrəli, 17.092015-ci il tarixli çıxarış, X8 verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış, X4 verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış qeyd edilən çıxarışlardan bəziləridir. Bununla da cavabdeh inzibati orqan vətəndaşlara qarşı ayrı seçkilik qoyaraq bəzilərinə çıxarış vermiş digər vətəndaşlara çıxarış verməmişdir. Hesab edir ki, inzibati orqan olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi ərizəsinin icrasından əsassız olaraq imtina etmişdir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

19. İddiaçının vəkil olan nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, Gədəbəy rayon Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı və xx.xx.2006-cı il tarixli torpaqların alqı-satqısına dair akt əsasında Gədəbəy rayonu, Slavyanka kəndi ərazisində X2 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X21 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

21. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

22. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

23. Cavabdeh orqanın yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

24. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

25. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

26. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gədəbəy rayonu Slavyanka bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

27. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

28. İddiaçının nümayəndəsi olan vəkili və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

29. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz imtina göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 7-ci bəndi).

30. Üçüncü şəxs Göygöl rayonu Slavyanka bələdiyyəsinin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

31. İddiaçının nümayəndəsi olan vəkili Vəkil oğlu şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

32. Cavabdeh orqanın nümayəndəsi X28 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir.

33. Yekun məhkəmə qərarının elan olunması xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

34. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı; - Gədəbəy rayonu Slavyanka kəndinin kompleks yerquruluşu layihəsindən çıxarış; - Ölüm haqqında xx.xx.2021-ci il tarixli AZ-İİ 136101 nömrəli şəhadətnamə; - Gədəbəy rayon Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 296 nömrəli məktubu; - Torpaqların alğı-satqısına dair xx.xx.2006-cı il tarixdə 08 nömrəli akt; - Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsi xx.xx.2021-ci il tarixli 38 nömrəli rəyi; - 22.06.2011-ci il tarixli A 340281 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2022-ci i tarixli 149 nömrəli məkutubu; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş arayış; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çarışlar və onların verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər; - Məhkəmənin sorğusuna Göygöl rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2023-ü il tarixli 187 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

35. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

36. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Slavyanka kəndində Slavyanka-Ağamalı şose yolunun sağ tərəf, üst hissəsində olan ərazidən X21 0.10 ha həyətyanı torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Eyni zamanda DT və XK-nin Gədəbəy rayon şöbəsi ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid olması, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməməsi, elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməməsi barədə rəy vermiş, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 70 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2006-cı il tarixdə 08 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda, Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsi xx.xx.2021-ci il tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinə yerinə baxış keçirmiş və baxış zamanı ayrılmış 0.10 ha torpaq sahəsinin vətəndaşın faktiki istifadəsində olduğu, həmin ərazinin məqsədli təyinatının ərazinin yerquruluşu, təsərrüfat planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu, həmin yerin başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilmədiyi və sürüşmə zonasında yerləşmədiyi müəyyən edilmış, eyni zamanda verilmiş rəydə daşınmaz əmlak obyektinin döngə nöqtələrinin koordinatları da müəyyən edilmişdir. X27 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və İddiaçı onun qanun üzrə vərəsəsi kimi tanınmışdır.

37. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsi üzərində mərhum atasının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 0,10 ha həyətyanı torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsinə aid torpaqlardan ayrılmışdır.

38. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquruluşu planından çıxarış, torpaqların alğı-satqısına dair akt, Gədəbəy RİHB Memarlıq və Tikinti şöbəsi xx.xx.2021-ci il tarixli 38 nömrəli rəyi ilə də təsdiq edilir.

39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

40. Mübahisəli torpaq sahəsi iddiaçıya Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 saylı qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2006-cı il tarixli akta satılmış və həmin torpaq sahəsinin iddiaçıya fərdi yaşayış evinin tikintisi məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gədəbəy rayon şöbəsinin rəyi ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Gədəbəy raypnu Slavyanka bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.

41. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (örüş) əraziyə düşür.

42. Məhkəmə cavabdehin orqanın həmin dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsi iddiaçının atasına ayrılan zaman DT və XK-nin Gədəbəy rayon şöbəsi ayrılmış torpaq sahəsinə verdiyi rəyində satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına yararlı yaxud yararsız olması barədə qeydi oxunmaz halda olmuş (rəydə “yarar ” olmaqla kimi qeyd edilmişdir), lakin həyətyanı məqsəd üçün satılmasının qanunamüvafiqli bildirilmişdir.

43. Məhkəmə sorğusu isə arxivdən bələdiyyə qərarına əlaəv edilmiş sənədlər tələb edilsə də, təqdim edilmiş sənədlər içində olan rəy də iş materiallarında olan rəylə eyni qaydada olmuşdur.

44. Həmin halın aydınlaşdırılması məqsədilə Göygöl rayonu Slavyanka bələdiyyəsinə verilmiş sorğuya cavabda bələdiyyə (xx.xx.2023-ü il tarixli 187 nömrəli cavab məktubunda) bildirmişdir ki, qeyd edilən torpaq sahəsi əkinə yararlı olsaydı alğısatqı predmeti ola bilməzdi. Odur ki, həmin torpaq sahəsinə dair rəydə kənd təsərrüfatına yararsız olması qeyd edilmişdir.

45. Lakin əldə olunmuş mütəxəssis rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi tərəfindən tərtib edilmiş arayışla müəyyən edilmişdir ki, həm elektron məlumat bazasına, həm də Gədəbəy rayonu Slavyanka təsərrüfatının torpq islahatı ilə bağlı təsdiq edilmiş kompeks yerquruluşu layihəsinə əsasən Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarı ilə Gədəbəy rayonu Slavyanka kəndi ərazisindən X1 nəzərdə tutulmuş 0.10 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla örüş təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir.

46. Yəni, göründüyü kimi, torpaq sahəsi iddiaçının mərhum atasına ayrılan vaxtda da mövcud olan Gədəbəy rayonu Slavyanka təsərrüfatının torpaq islahatı ilə bağlı təsdiq edilmiş kompeks yerquruluşu layihəsinə, sonradan tərtib edilmiş X13 X20 əsasən də kateqoriyası kənd təsərrüfatı təyinatlı olmuşdur.

47. Lakin bununla belə, iddiaçı tərəf iş materiallarına X24, X31, X16, X3 adına verilmiş çıxarışlar əlavə edərək, iddia etmişdir ki, həmin çıxarışlarda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir, hansı ki, həmin torpaq sahələri iddiaçıya ayrılmış torpaq sahəsinin qonşuluğunda (cərgə ilə) yerləşir.

48. Bununla bağlı mütəxəssis qarşısında sual qoyulmuş və verilmiş rəydə bildirilmişdir ki, elektron məlumat bazasına əsasən Gədəbəy rayonu Slavyanka kəndində X24 (0.12 ha), X31 (025 ha), X16 (0.06 ha) və X3 (0.12 ha) adına qeydə alınmış torpaq sahələri yaşayış məntəqələrinin torpaqları olmaqla, həyətyanı məqsədli, xüsusi mülkiyyətdə olan torpaq sahəsinə aiddir və eyni zamanda iddiaçıya ayrılmış torpaq sahəsi ilə qonşuluqda yerləşmişdir.

49. Digər tərəfdən, eyni bələdiyyə qərarı ilə iddiaçının atası ilə yanaşı torpaq sahəsi ayrılmış şəxslər - X18 (0,03 ha), X29 (0,10 ha), X32 (0,12 ha) və X9 olmuş və məhkəmənin sorğusuna cavab məktubu ilə müəyyən edilmişdir ki, həmin şəxslərdən X18 və X19 adına daşınmaz əmlak qeydiyyatdan keçməsə də, X9 və X23 Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları (müvafiq olaraq Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan çıxarışlarda torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqələrinin torpaqları” kimi qeyd edilmişdir.

50. Məhkəmənin qənaətinə görə, hər kəsin hüquq və azadlıqlarının qanun və məhkəmə qarşısında bərabərliyinə təminat verilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə cavabdeh orqan tərəfindən riayət edilməmiş və ayrı-seçkiliyə yol verilmişdir.

35. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

36. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

37. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası): Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

39. Qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu müəyyən olunmuşdur.

40. Buna görə də məhkəmə hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin, habelə iddiaçının mərhum atası ilə eyni bələdiyyə qərarı əsasında torpaq sahəsi ayrılmış şəxslərin torpaq sahələrinin hüququ təsdiq edən sənədlərdə kateqoriya olaraq yaşayış məntəqələri torpaqları kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitision norma və prinsipin mahiyyətinə ziddir.

41. Başqa sözlə, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

42. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrıseçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

43. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86).

44. Bu baxımından məhkəmə qeyd olunan çərçivədə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından (hüququn atasına məxsusluğu barədə arayışın verilməsindən) imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır.

46. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

47. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

49. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X21 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar