Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2561/2022 25.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, iddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Goranboy Suvarma Sistemləri İdarəsinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayon Elektrik Şəbəkəsi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir Mərkəzi Aran RETSİ”) qarşı aktların etibarsız hesab edilməsi, borcun ləğv edilməsi və elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti Goranboy Suvarma Sistemləri İdarəsi cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayon Elektrik Şəbəkəsi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir Mərkəzi Aran RETSİ”) qarşı cavabdehin əməkdaşlarının tərtib etdikləri 07 iyun 2022-ci il tarixli, 047260 saylı, 13 iyun 2022-ci il tarixli, 047262 saylı, 20 iyun 2022-ci il tarixli, 047264 saylı, 23 iyun 2022-ci il tarixli (nömrəsi oxunmur), 23 iyun 2022-ci il tarixli (nömrəsi oxunmur), 07 iyul 2022-ci il tarixli, 047302 saylı, 07 iyul 2022-ci il tarixli, 047303 saylı, 08 iyul 2022-ci il tarixli, 047304 saylı, 18 iyul 2022-ci il tarixli, 047310 saylı, 18 iyul 2022-ci il tarixli, 047308 saylı aktların etibarsız hesab edilməsi, Goranboy rayon Subartezian Quyularının istismarı İdarəsinin cavabdehə 54220,8 manat borcunun ləğv edilməsi, Goranboy rayon Subartezian Quyularının istismarı İdarəsinin İnzibati binasına, nasos təmiri sexinə, Goranboy şəhəri ərazisində ünvanlarda yerləşən GR-118 və GR-067 reper saylı 2 ədəd subartezian quyularına elektrik enerjisinin verilməsinin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birgə araşdırıb, inzibati icraat və inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən qiymətləndirərək aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: -1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 10-1.1. maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Goranboy Suvarma Sistemləri İdarəsi vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN: 6100096361) və hazırda tərəflər arasında olan mübahisə inzibati (publik) hüquq normaları ilə deyil, mülki prosessual qanunvericiliyin normaları ilə tənzimlənən kommersiya mübahisəsidir. Odur ki, hazırkı iddia tələbi inzibati mübahisə kimi baxılmalı olmadığından mümkünsüz sayılmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbinin mümkünlük məsələsini yoxlayarkən cavabdeh orqanın əməkdaşları tərəfindən tərtib edilmiş aktların inzibati icraatın predmeti olan inzibati akt olub-olmaması da araşdırılmalıdır. Belə ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13.06.2013-cü il tarixli qərarı). Beləliklə, hazırda mübahisə predmeti olan aktlar yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmamaqla inzibati akt hesab edilmədiyindən tərəflər arasında olan mübahisə də inzibati (publik) hüquq normaları ilə deyil, mülki prosessual qanunvericiliyin normaları ilə tənzimlənən iqtisadi mübahisədir. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçının dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyək lüzümsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçının dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı: İddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Goranboy Suvarma Sistemləri İdarəsinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayon Elektrik Şəbəkəsi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir Mərkəzi Aran RETSİ”) qarşı aktların etibarsız hesab edilməsi, borcun ləğv edilməsi və elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə dair iddia mümkün sayılmasın. İddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Goranboy Suvarma Sistemləri İdarəsinə hazırkı iddia tələbi ilə kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov İş № 2-1(114)-2561/2022 MƏHKƏMƏ İCLASINDAN KƏNAR AYRICA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Gəncə İnzibati Məhkəməsi 25 avqust 2022-ci il Gəncə şəhəri Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, iddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Goranboy Suvarma Sistemləri İdarəsinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayon Elektrik Şəbəkəsi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir Mərkəzi Aran RETSİ”) qarşı aktların etibarsız hesab edilməsi, borcun ləğv edilməsi və elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 10:00-da başlandı. İddiaçı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Goranboy Suvarma Sistemləri İdarəsinin cavabdeh “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Goranboy rayon Elektrik Şəbəkəsi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir Mərkəzi Aran RETSİ”) qarşı aktların etibarsız hesab edilməsi, borcun ləğv edilməsi və elektrik enerjisinin verilməsinin bərpa edilməsi tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 10:05-də qurtardı. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2561/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2561/2022
25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver