Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2561/2023 17.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5594/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Bərdə rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, N və N nömrəli hərbi hissələrdə xidmət edərək döyüş əməliyyatlarında iştirak etmiş, döyüşlər zamanı yaralanmışdır, lakin halhazıra kimi müharibə veteranı statusu ala bilməmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-25-11/2-2922/23 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-6836 nömrəli arayışı və digər təqdim olunan sənədlərə əsasən İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Ağdam qarnizonu bərbi tirbunalının hökümü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2014-cü il tarixli, 9/2-3801 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissənin əmr kitabında xx.xx.1993-cü il tarixli 328 nömrəli əmrdə Bərdə rayon Hərbi Komissarlığından səfərbər edilmiş şəxsi heyətin ümumi siyahısında İddiaçı adı 86-cı sırada qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-6836 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissənin əsgər heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda 14-cü MAT-un hərbi qulluqçusu, atıcı, sıravi İddiaçı yanvar-may 1994-cü il tarixdə pul təminatı ilə təmin olunması barədə məlumat vardır. -surəti işə əlavə edilmiş Ağdam Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli, İ- 278/96 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq onu döyüşən orduya göndərməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. -Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, iddiaçıya təyin edilmiş cəzanın icrası təxirə salınsa da hökmün icra müddəti keçdiyinə görə icra edilə bilməz. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 245 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunmuşdur. -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli, 43 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli, 3 saylı əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/3-12729 nömrəli məktubundan görünür ki, İddiaçı "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-6836 nömrəli arayışına və digər təqdim olunmuş sənədlərə əsasən hərbi hissəni özbaşına tərk etdiyi üçün barəsində Ağdam Qarnizonu Hərbi Tribunalının hökmü ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə barəsində müsbət qərar qəbul edilmədiyindən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmişşəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən 1993-cü il tarixdə Bərdə rayon Hərbi Komissarlığından səfərbər edilərək N №-li hərbi hissəyə göndərilmiş, həmin hərbi hissədə yanvar-may 1994-cü il tarixdə pul təminatı ilə təmin olunmuşdur. Daha sonra Ağdam Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli, İ- 278/96 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 42-ci maddəsi təxirə salınaraq onu döyüşən orduya göndərməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Bundan sonra o, N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 245 nömrəli əmri ilə xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına salınaraq atıcı vəzifəsinə təyin olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.1997-ci il tarixli, 3 saylı əmrinə əsasən isə həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Lakin cavabdeh orqan onun hərbi hissəni özbaşına tərk etdiyinə görə Ağdam Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli, İ-278/96 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını əsas gətirərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. İş materiallarında olan Ağdam Qarnizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli, İ- 278/96 nömrəli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsa da, barəsində həmin Məcəllənin 42-ci maddəsi tətbiq olunaraq onu döyüşən orduya göndərməklə hökmün icrası hərbi əməliyyatlar qurtaranadək təxirə salınmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən Əsasnamənin qeyd hissəsində göstərilmiş “2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinə əsasən cəzadan azad edilmiş şəxslər”ə müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçı barəsində də həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 42-ci maddəsi tətbiq edilmişdir. Eyni zamanda həmin Məcəllənin 53-cü maddəsinin 1-ci bəndinə görə hökmün icra müddətinin keçməsinə görə cəzadan azad olunmuş hesab edilmişdir və bununla da məhkumluğu olmayan şəxs hesab olunur. Mövcud qaydalar isə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş şəxslərin müahribə veteranı statusu almasını istisna edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2561/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2561/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver