Məhkəmə qərarları › İş №2-1(114)-2563/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2563/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2563/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.2008-ci il tarixdə verilmiş AO№1047251 nömrəli təkrar hərbi biletdə onun xx.xx.1991-ci il tarixdən 06.1992-ci il tarixədək N saylı hərbi hissədə xidmət etməsi barədə qeyd vardır.

2. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 415 saylı qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin iyun ayında aldığı və xx.xx.2014-cü il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Gəncə Regional MTEB-nin məhkəmə-tibbi ekspertizasında canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “Qəlpə yaralanmalarından sonra sol çənə şaxəsi proyeksiyasında 2.2x0.2sm, sol saidin yuxarı 1/3-nin arxa-iç səthində 3.5x1.0sm, sağ bazunun orta 1/3-nin iç səthində 1.4x6.0sm, bayır səthində 0.9x0.7sm, sağ diz oynağının bayır səthində 3.5x1.5sm ölçüdə çapıq toxumaları”nın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

3. Azərbaycan Respublikası Səfərbərlik bə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 269 saylı arayışında qeyd edilmişdir ki, X1 xx.xx.1991-ci il tarixdən 06.1992-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Tərtər HP-nun 19HP-190 saylı xx.xx.2007-ci il tarixli məktubuna əsasən SHÇDX-nin Kəlbəcər rayon bölməsində hərbi vəzifəlilərin qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİİ qrup əlildir.

4. Kəlbəcər ƏÖMB (809) nömrəli hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli 1 nömrəli əmrindən çıxarışla müəyyən edilir ki, X2 İİİ rotanın İİ vzvodun vzvod komandirinin müavini təyin edilmişdir.

5. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(040)-09/2015 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.1991-ci il tarixdən 1992-ci ilin iyun ayının 30-na qədər Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Ağdaban, Aşağı Ayrım, Çərəktar, Çəpli, Qozlukörpü, Narınclar kəndləri uğrunda gedən döyüşlərdə iştirak etməsi və Narınclar kəndində olan Aydoğan dağı ətrafında döyüş zamanı yaralanıb Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunması faktının müəyyən edilməsi qət edilmişdir.

6. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 2/2-3352 nömrəli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, təqdim olunan sənədlərə əsasən döyüş əməliyyatları aparıldığı dövrdə (Kəlbəcər ƏÖMB) N nömrəli hərbi hissənin tərkibində iyun 1992-ci ildən sonrakı müddətdə hərbi xidmətinə dair məlumatlar olmadığına görə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə hər hansı bir öhdəlik qoyulmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir.

7. Məhkəmənin sorğusuna Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli xx-xx/2024 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(040)-09/2015 nömrəli qətnaməsi xx.xx.2015-ci il tarixdə qüvvəyə minmişdir.

8. Məhkəmənin sorğusuna Tərtər Hərbi Prokurluğunun xx.xx.2024-cü il tarixli 3- 3210/2-020512/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Tərtər Hərbi Prokurluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material olmamışdır. 2001-2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin qeydiyyat kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barəsində olan xx.xx.2007-ci il tarixli 19HP-190 nömrəli məktubu göndərmək mümkün deyildir.

9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 1698 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1991xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, N nömrəli hərbi hissə komandirinin yanvardekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

10. Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-16434/2024 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2021-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan verdiyi şikayət üzrə Agentlikdə əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2021-ci il tarixli qərarla Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. II. Məhkəmədə icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyası”na qarşı iddia ərizəsi ilə xx.xx.2024cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə Komissiyası”nın üzərinə onun müharibə veteranı adının verilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il tarixdə Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olmuşdur. Hazırda məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Təzə qəsəbə 600, küçə 15, ev 253-də müvəqqəti məskunlaşaraq orada yaşayır. O, xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilədək keçmiş SSRİ ordu sıralarında, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N () saylı hərbi hissənin tərkibində hərbi xidmət edib, hərbi xidmətdə olarkən Kəlbəcər rayonun Ağdaban, Aşağı Ayrım, Çərəktar, Çəpli, Qozlukörpü, Narınclar kəndləri uğrunda erməni işğalçılarına qarşı Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir və Narınclar kəndində olan Aydoğan kəndi ətrafında gedən döyüşlər zamanı odlu silahdan baş beyinin ocaqlı travması, keçirilmiş kəllə beyin travmasının davamlı qalıq əlamətləri, sifətin sol yarısının, sol çənə şaxəsinin və bədəninin müxtəlif nahiyyələrindən yaralanıb, Kəlbəcər rayonun Mərkəzi xəstəxanasında müalicə almışdır. Bu barədə, yəni onun Kəlbəcər rayonun Ağdaban, Aşağı Ayrım, Çərəktar, Çəpli, Qozlukörpü, Narınclar kəndləri uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etməsi və Narınclar kəndində olan Aydoğan kəndi ətrafında gedən döyüşlərdə yaralanaraq Kəlbəcər rayonun Mərkəzi Xəstəxanasına gətirilib orada müalicə olunması faktı müəyyən olunmuş və bu barədə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, iş 2(040)- 09/2015 saylı qanuni qüvvəsini almış qətnamə vardır. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X8 Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli, №xxxxxxx0003 saylı qərarından görünür ki, o, həmin tarixdən 3-cü qrup əlildir. Həmçinin Tərtər Hərbi Prokurorluğunun 19HP-190 saylı xx.xx.2007-ci il tarixli məktubun surətindən görünür ki, barəsində Tərtər rayon Hərbi Prokurorluğunda hal-hazırda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. O, dəfələrlə müraciət etməsinə baxmayaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası"nın xx.xx.2024-cü il tarixli, 2/2-3352 №-li məktubu ilə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Halbuki, döyüşlərdə iştirak edib yaralanmasının onunla o zaman döyüşlərdə iştirak edən, hazırda müharibə veteranları olan şahidləri X9, X12 və sairə şahidlər bir daha təsdiq etmişlər.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

14. Məhkəmənin hüquqi yardımından sonra xx.xx.2024-cü il tarixdə İddiaçı ərizə ünvanlayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə ona müharibə veteranı adının verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

16. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

17. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

18. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Şəmkir rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

19. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

20. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehin isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

23. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

24. Cavabdeh orqanın iddiaya yazılı etirazı daxil olmamışdır.

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

26. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1992-ci ilin iyun ayında yaralanmış, Kəlbəcər RMX-da müalicə almışdır. Bundan sonra hərbi xidmətini davam etdirə bilməmiş və Kəlbəcər rayonunun işğal olunması ilə əlaqədar məcburi köçkün düşmüşdür. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.2008-ci il tarixdə verilmiş AO№1047251 nömrəli təkrar hərbi bilet; - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 415 saylı qərarı; - Azərbaycan Respublikası Səfərbərlik bə Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 269 saylı arayışı; - Kəlbəcər ÖMMB (809) nömrəli hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli 1 nömrəli əmrindən çıxarış; - Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(040)-09/2015 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 2/2-3352 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli xx-xx/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Tərtər Hərbi Prokurluğunun xx.xx.2024-cü il tarixli 3- 3210/2-020512/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 1698 nömrəli cavab məktubu; - nda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Məhkəmə sorğusuna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Realibitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-16434/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

29. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat aşkar edilmədiyindən cavabdeh orqan tərəfindən ona müharibə eteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

30. Cavabdehin imtinasının dəlillərinin araşdırılması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, Kəlbəcər ƏÖMB (809) nömrəli hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixli 1 nömrəli əmri ilə X2 İİİ rotanın İİ vzvodun vzvod komandirinin müavini təyin edilmiş və 1992-ci ilin iyun ayınadək Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 1992-ci ilin iyun ayında “Qəlpə yaralanmalarından sonra sol çənə şaxəsi proyeksiyasında 2.2x0.2sm, sol saidin yuxarı 1/3-nin arxa-iç səthində 3.5x1.0sm, sağ bazunun orta 1/3-nin iç səthində 1.4x6.0sm, bayır səthində 0.9x0.7sm, sağ diz oynağının bayır səthində 3.5x1.5sm ölçüdə çapıq toxumaları” travması almış və Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 415 saylı qərarı ilə həmin travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir.

31. İddiaçı həmin yaralanmaya görə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmiş, əlilliyin müddəti bitdikdən sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2021-ci il tarixli göndəriş rəsmiləşdirilmiş və Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan verdiyi şikayət üzrə Agentlikdə əyani müayinəsi həyata keçirilmiş və xx.xx.2021-ci il tarixli qərarla Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır.

32. Eyni zamanda, məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 1698 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.

33. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun 1992-ci ilin iyun ayından sonrakı dövrdə hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmamasıdır.

34. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

35. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

36. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

37. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

39. Göründüyü kimi, Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.

40. Bu qaydadan istisna Əsanamənin “Qeyd” hissəsində göstərilən hallardır ki, İddiaçı hazırda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilməmişdir (bu Qərarın 31-ci bəndi).

41. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə Veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə Veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

42. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun 1992-ci il tarixdən sonrakı hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.

43. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür.

44. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

45. Bundan başqa, iddiaçı cavabdeh orqana müraciət edərkən döyüşlərdə iştirakını təsdiq edən sənəd qismində Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(040)- 09/2015 nömrəli qətnaməsini də təqdim etmiş və Müdafiə Nazirliyi xx.xx.2024-cü il tarixli 2/2-3352 nömrəli imtina məktubunda həmin qətnaməyə münasibət bildirərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə hər hansı bir öhdəlik qoyulmadığını qeyd etmişdir.

46. Məhkəmə bununla bağlı qeyd edir ki, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2(040)-09/2015 nömrəli qətnaməsi ilə İddiaçı xx.xx.1991-ci il tarixdən 1992-ci ilin iyun ayının 30-na qədər Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Ağdaban, Aşağı Ayrım, Çərəktar, Çəpli, Qozlukörpü, Narınclar kəndləri uğrunda gedən döyüşlərdə iştirak etməsi və Narınclar kəndində olan Aydoğan dağı ətrafında döyüş zamanı yaralanıb Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunması faktının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə hazırda da qüvvədədir.

47. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər.”

48. Göründüyü kimi, Plenumun qərarına görə hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.

49. Eyni zamanda şəxsin döyüşlərdə iştirak etməsini və yaralanmasını təsdiq edən məhkəmə qətnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə də faktı sübut edən hal kimi qəbul edilmir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

51. Məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, order və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan və vetern adının verilməsi üçün yalnız iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi kifayət etmədiyindən, eyni zamanda şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasının (tərxis olunması) da vacib şərt olması səbəbindən iddia əsaslı sayıla bilməz.

52. Belə ki, iddiaçının hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.

53. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

54. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

55. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə:

56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar