Məhkəmə qərarları › İş №2-1(114)-2564/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2564/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2564/2023 07.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçıların nümayəndələri və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “xx.xx.2022 təvəllüdlü X1 “Əliyeva”dan “Qəzənfərli”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 ilə X7 xx.xx.2021-ci il tarixdə nikahlarını bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1728 nömrə ilə qeydiyyat aparılmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Onların birgə nikahından xx.xx.2022-ci il tarixdə X8 adlı övladları doğulmuş, bu barədə xx.xx.2022-ci il tarixdə 1977 nömrəli doğum akt qeydi tərtib edilməklə, iddiaçılara 1 saylı Gəncə regional ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, AZ-İV seriyalı, 743854 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçılardan İddiaçı2 övladı X1 “Əliyeva”dan “Qəzənfərli”yə dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-Ə-445/2023 nömrəli məktubla imtina etmişdir. Məktubda qeyd olunur ki, xx.xx.2022-ci ildə doğulmuş iddiaçının uşağına xx.xx.2022-ci il tarixdə 1 saylı Gəncə ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində doğum haqqında akt qeydi açılmış, uşağın soyadı valideynlərin soyadına uyğun olaraq «Əliyeva» kimi yazılmış və doğum haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respubliksının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən «Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən «Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Göründüyü kimi, uşağın soyadını digər valideynin soyadına dəyişdirilməsi Ailə Məcəlləsinə əsasən Qəyyumluq və Himayəçilik orqanın səlahiyyətinə aid məsələdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarının 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Hazırda uşağın 18 yaşına çatmadığı üçün Cavabdeh tərəfindən uşağın soyadının dəyişdirilməsi mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı X1 “Əliyeva”dan “Qəzənfərli”yə dəyişdirilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 2020-ci ildə koronavirus xəstəliyinə (COVİD-19) yoluxmuşdu. Onun müayinə və müalicəsi Goranboy rayonununda yerləşən xəstəxanada aparılırdı. O, 2020-ci ilin iyun ayının 20-də kəskin respirator çatmamazlığı diaqnozu ilə vəfat etdi. X3 vəfat edənədək Samux rayon İcra Hakimiyyətində icra başçısının müavini vəzifəsində çalışmışdır. O, işlədiyi kollektivdə daim nizam-intizamı, vətəndaşlarla səmimi davranışı, eləcə də işinə məsuliyyəti ilə həmişə seçilmişdir. Onun vəfatı ailə üzvlərini çox sarsıtmışdır. Onun ölümündən sonra iddiaçılar qərara gəlmişdir ki, uşağı anadan olacağı halda, mərhumun adının əbədiləşdirilməsi üçün uşağın soyadının onun adı ilə əvəz edilməsini həyata keçirsinlər. Nəhayət, iddiaçıların birgə nikahından 28 aprel 2022-ci il tarixdə Sara adlı qızları dünyaya gəldi. Bir müddət uşağın böyüməsini gözləmiş və onun 1 yaşı olmamış soyadının mərhum Qəzənfər Əliyevin adı ilə dəyişdirilməsini həyata keçirmək istəmişlər. Buna görə də cavabdehə müraciət etmişlər. Cavabdeh X1 "Əliyeva" dan "Qəzənfərli" yə dəyişdirilməsi barədə ərizəni təmin etməkdən imtina etmişdir. İddiaçılar hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunsuz hesab olunmalı və uşağın soyadının dəyişdirilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh orqan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə istinad edərək, "18 yaşına çatmamış uşağı soyadının dəyişdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanın razılığının olması" səbəb göstərmişdir. Halbuki, cavabdeh orqan yaxşı bilir ki, soyadın dəyişdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanın razılığı tələb olunmur. Yalnız uşağın adının dəyildirilməsi zamanı valideynlərin və müvafiq icra hakimiyyətinin razılığı ilə uşağın adı dəyişdirilə bilər. Bundan başqa, Saranın soyadının "Qəzənfərli" olaraq dəyişdirilməsi onun mənafeyinə zidd deyildir. Əksinə, gələcəkdə övladları bunun ən doğru olduğu gənaətinə gələcəkdir. Çünki, mərhum Qəzənfər Əliyev əsl fəxr edilməli şəxsiyyət olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçıların nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iş üzrə heç bir etirazının olmadığını və iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına doğum haqqında şəhadətnamələrin surəti, doğum akt qeydlərinin təsdiqlənmiş surəti, cavabdehin imtinası, nikahın bağlanması haqqında şəhadətnamənin surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mövcud qanunvericilik normasına əsasən (Ailə Məcəlləsinin 54.1-ci maddəsi) uşağın soyadının dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınmaqla icazə verilə bilər. Odur ki, məhkəmə cavabdeh inzibati orqanın iddiaçıların müraciətinə münasibətdə qəbul etdiyi imtina aktını əsassız hesab etməklə iddianın təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 26.1 və 26.2-ci maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 158.2-ci maddəsində göstərilir ki, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Qeyd olunan Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydiyyata alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv” qaydalarını müəyyən edən müddəalarının 1-ci bəndinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinə dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin müddəaların 3-cü bəndinin tələblərinə əsasən vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdikdə vətəndaşlıq vəziyyəti aktlarında dəyişikliklər edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM qeyd etmişdir ki, dövlətin öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olması ilə əlaqədar əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və (və ya) müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələblərini nəzərə almaqla ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər qoyula bilər. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. “Giyo Fransaya qarşı” işdə (Guillot v. France) Fransanın dövlət orqanlarının ərizəçinin qızını Flor de Mari adı ilə qeydiyyata almaqdan imtina etmələri və bu adın müvafiq dini adlar siyahısında olmadığını əsas gətirmələri ilə əlaqədar olaraq Məhkəmə izah etmişdir ki, uşağın adının valideynləri tərəfindən seçilməsi şəxsi və mənəvi məsələdir və buna görə də şəxsi həyat anlayışının tətbiq dairəsinə düşür. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in (formalaşmış) presedent hüququna görə bu cür müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Avropa İnsan Hüquqları Məhkəməsi də məsələyə eyni cür yanaşaraq konkret olaraq öz qərarlarında «uşağın maraqlarının üstün tutulması» prinsipini əsas götürür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına uyğun olaraq zəruri inzibati icraatın aparılması və icraatın nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilib-edilməməsi barədə məlumatın məhkəməyə göndərilməsinin təmin edilməsi barədə məhkəmənin sərəncamına cavab olaraq cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-Ə-445/2023 nömrəli məktubunda hər hansı inzibati icraatın aparılması haqqında məlumat göstərilməmişdir. Halbuki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə, digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçılara hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Həmin icraatın gedişində cavabdeh həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərindən irəli gələn araşdırmanı aparmalı olduğu halda, bunu da etməmişdir. Belə ki, adıçəkilən Qaydalar cavabdehdən ərizə ilə bağlı araşdırmanın aparılmasını və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən bundan imtina edilməsi barədə Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərar çıxarılaraq, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verilməsini və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarılması nəzərdə tutulmuşdur Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X8 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 1977 nömrəli doğum akt qeydində soyadının “Qəzənfərli” kimi qeyd olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar