Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2567/2022 23.11.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi, T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-ci ildən 2004-cü ilədək müxtəlif sahələrdə fasiləsiz işləmişdir. İş stajı ümumlikdə 33 ildən çoxdur. xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Gəncə şəhər Nizami rayon İcra hakimiyyətində İcra Başçısının müavini vəzifəsində, 1995-ci ildən 2004-cü il tarixədək isə “Gəncə X7”ndə məntəqə rəisi vəzifəsində işləmiş və əmək haqqı almışdır. Bununla bağlı əmək kitabçasında da müvafiq qeydlər vardır. İddiaçı qeyd olunanların nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təmin edilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən imtina edilmişdir. İddiaçının vəkili X4 iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır, onun ümumilikdə 24 il 10 ay 12 gün stajı var, yəni xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək və xx.xx.1195-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlə bağlı işdən çıxma əmrləri mövcud olmadığına görə həmin dövrlər nəzərə alınmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş xx.xx.1987-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1991-ci ildən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar məsələləri üzrə icra hakimiyyəti başçısının müavini vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Gəncə X8”ndə lüləli mal-qara kökəltmə məntəqəsində rəis vəzifəsində işləmişdir. -işə əlavə edilmiş Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 824 nömrəli məktubunda qeyd edilmişdir ki, 2016-cı ilədək Gəncə Şəhər İcra Hakimiyyətində olan sənədlər Azərbaycan Respublikası X11 filialına təhvil verildiyi üçün İddiaçı 1991-2003-cü illərdə Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyətində işləməsi və əmək haqqı alması, həmçinin işə qəbul və işdən azad edilməsi barədə heç bir məlumat təqdim edilməsi mümkün deyil. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2022-ci il tarixli, 1039(291)/3 nömrəli arxiv arayışında bildirilir ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun xx.xx.1991-1994-cü illər üzrə əmr kitablarında X3 işdən azad olunma əmri aşkar olunmamış, həmçinin göstərilən təşkilatın əmək haqqı cədvəlləri X11 Filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1996-2004-cü illər üzrə əmr kitabları yoxlanılmış, X3 adı aşkar olunmamışdır. Bu səbəbdən X3 işdən azad olunma əmri arayışda göstərilməmişdir. Həmçinin bildiririk ki, həmin təşkilatın mövcud 1995-1997-ci illər üzrə əmək haqqı cədvəlləri yoxlanılmış, X3 adı aşkar olunmamışdır. Bu səbəbdən X3 həmin illərdə aldığı əmək haqqı arayışda göstərilməmişdir. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olmaması (təhsil və hərbi xidmət dövrü də daxil edilməklə sığorta stajı 24 il 5 ay təşkil edir) səbəbi ilə imtina edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 24 il 5 ay təşkil etdiyini bildirərək imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1972-2021-ci illərdə ayrı-ayrı vaxtlarda müəyyən fasilələrlə müxtəlif işlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin imtinasında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi onun sığorta stajının ümumilikdə 24 il 5 ay olması göstərmiş, bundan əlavə Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyətində xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək və “Gəncə X7”ndə xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək mübahisələndirilən dövrləri iddiaçının sığorta stajı kimi nəzərə almama səbəbi olaraq işdən azad olunma əmrlərinin aşkar olunmamasını göstərmişdir. İş materillarına əlavə edilmiş Dövlət X5 arxiv arayışında Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti arxiv fondunun xx.xx.1991-1994-cü illər üzrə, həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 1996-2004-cü illər üzrə əmr kitablarında X3 işdən azad olunma əmrləri aşkar olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə cavabdeh etirazına münasibətdə qeyd edir ki, iddiaçının işdən azad edilməsi barədə arxiv məlumatının olmaması, başqa sözlə sözügedən əmrlərin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sənədlərin arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial sığorta stajı mövcuddur. Həmçinin cavabdeh tərəfindən mübahisəndirilməyən sosial sığorta stajı kimi iddiaçının 24 il 5 ay hesablanmışdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının xx.xx.1991-ci il tarixindən xx.xx.1993-cü il tarixədək Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının humanitar məsələləri üzrə icra hakimiyyəti başçısının müavini vəzifəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “Gəncə X8”ndə lüləli mal-qara kökəltmə məntəqəsində rəis vəzifəsində işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə mübahisələndirilən müddət də nəzərə alınmaqla iddiaçının ümumilikdə 34 il 3 ay 6 gün sosial sığorta stajı yaranmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının həmin tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2567/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2567/2022
23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver