Məhkəmə qərarları › İş №2-1(114)-257/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-257/2021

06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-257/2021 06.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X13) qarşı Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən, onun şəxsi mülkiyyətində olan ******* nömrəli çıxarış ilə verilmiş 2.51 ha torpaq sahəsinin və JN-0090, KOD 50901018 nömrəli Dövlət Aktı ilə verilmiş 1.82 ha torpaq sahəsinin koordinatlarının yerində tanıdılması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən, onun şəxsi mülkiyyətində olan RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən verilmiş 2.51 ha və JN-0090 (KOD ********) nömrəli xx.xx.2003-cü il tarixli xxxxna əsasən verilmiş 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin kontur, koordinat və parametrlərinin yerində ölçülüb naturadan ayrılaraq ona verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iddiaçı «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə təqdim edərək, onun şəxsi mülkiyyətində olan ******* nömrəli çıxarış ilə verilmiş 2.51 ha torpaq sahəsinin və JN-0090, KOD 50901018 nömrəli Dövlət Aktı ilə verilmiş 1.82 ha torpaq sahəsinin koordinatlarının yerində tanıdılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı şifahi məhkmə baxışı iclasında iddianı müdafiə edərək göstərmişdir ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 40 saylı qərarı ilə 1.82 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2016-ci il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri onun mülkiyyətinə verilmişdir. Onun xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair çıxarış və Dövlət Aktı verilsə də torpaq sahəsinin kontur, koordinat və parametrləri naturada ayrılaraq ona verilməmişdir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina məktubunda güya əraziyə baxış keçirildiyini RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən verilmiş 2.51 ha və JN-0090 (KOD ********) nömrəli xx.xx.2003-cü il tarixli xxxxna əsasən verilmiş 1.97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada yerlərinin ölçülərək icrasının təmin olduğunu və bu barədə akt tərtib edildiyin göstərmişdir. Lakin həmin məktubda göstərilənlər formal olaraq göstərilmiş, mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin heç biri naturadan ayrılaraq ona verilməmiş və tərtib olunmuş aktın məzmunundan onun məlumatı olmamışdır. Həmin aktı ona küçədə imzalatdırmışlar. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X13 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahələri dəfələrlə ölçülüb, lakin torpaq sahəsi ölçülən zaman iddiaçı iştirak etməmişdir. Torpaq sahələrinin yerləri məlumdur. İddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini JN-0090 (KOD ********) nömrəli xx.xx.2003-cü il tarixli xxxx, RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, xx.xx.2016-cı il tarixli A 024797 nömrəli torpaq sahəsinin planı və ölçüsü, xx.xx.2019-cu il tarixli akt, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********83 nömrəli məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********58 nömrəli məktubu və cavabdehin xx.xx.2020ci il tarixli **********95 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş JN-0090 (KOD ********) nömrəli xx.xx.2003-cü il tarixli xxxxndan görünür ki, Goranboy rayonu Qarasüleymanlı kənd sakini İddiaçı (ailə üzvləri X1, X5 və X6) Goranboy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 40 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.82 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Goranboy rayonu Qarasüleymanlı kəndi ərazisində yerləşən 2.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli A 024797 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, xx.xx.2015-ci il tarixli ********** nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, Goranboy rayon DNK xx.xx.2015-ci il tarixli 4Ə-368 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Qarasüleymanlı kənd sakini İddiaçı, X15, X4, X16, 7 saylı Bərdə Ərazi İdarəsinin mülki müqavilə üzrə işçisi X9 iştirakı ilə akt tərtib edilərək İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsində göstərdiyi RX 082642 seriyalı ********** qeydiyyat nömrəli və xx.xx.2016-cı il tarixli çıxarışa əsasən mülkiyyətində olan 2.5 ha torpaq sahəsi və İddiaçı oğlu X2 RX ******* seriyalı ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarışa əsasən mülkiyyətində olan 1.97 ha torpaq sahəsi yerində sərhəd məsafəsinə uyğun ölçülərlə İddiaçı tanıdılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********58 nömrəli məktubundan görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə yerquruluşu işlərinin aparılması üçün sifarişin verilməsi, eləcədə onun hesablaşma hesabına xidmət haqqının ödənilməsi üçün əlaqələndirmənin təmin edilməsi məqsədilə JN-0090 (KOD ********) saylı «xxxx»nın əsli ilə MMC-nin Gəncə şəhəri, H.Əliyev prospekti, 51a ünvanında yerləşən Gəncə Layihə-Tədqiqat İdarəsinə müraciət edəcəyi təqdirdə məsələyə qanunvericiliyə uyğun olaraq baxılacağı və bu barədə «xxxx» MMC-nin Gəncə Layihə-Tədqiqat İdarəsinə müvafiq tapşırıq verildiyi bildirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; Daşınmaz əmlakın kadastr uçotuna alınmasını təmin etmək, daşınmaz əmlakın vahid dövlət kadastrını, dövlət torpaq kadastrını və onun tərkib hissəsi olan torpaq reyestrini tərtib etmək və aparmaq, daşınmaz əmlakın kadastr qiymətinin müəyyən edilməsi sahəsində tədbirlər görmək; Daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum vasitəsilə bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək; Dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; Dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq; Dövlət torpaq kadastrının aparılmasını təmin etmək məqsədilə xüsusi (sahəvi) təyinatlı geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı işlərini həyata keçirmək, müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil etmək; Fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında” və “İnformasiya əldə etmək haqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək Xidmətin vəzifələridir («Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında» Əsasnamənin 3.0.18, 3.0.19, 3.0.23, 3.0.24, 3.0.27, 3.0.50, 3.0.53, 3.0.57 və 3.0.70-ci bəndləri). Xidmət öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə həyata keçirir (Əsasnamənin 5.1-ci bəndi); Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli aktda iddiaçıya məxsus olan torpaq sahəsinin yerində sərhəd məsafələrinə uyğun ölçülərlə ona tanıdılması göstərilsə də, iddiaçı aktda göstərilənlərin formal olduğunu, əslində həmin akta yerində yox, küçədə ona imza etdirdiklərini və faktiki olaraq ona məxsus torpaq sahəsinin yerində ona tanıdılmadığını bildirmişdir. Məhkəmə iddiaçının göstərdiklərini aktda qeyd olunanlarla təhlil edib, həqiqətən sözügedən aktın formal tərtib olunması nəticəsinə gəlmişdir. Belə ki, sözügedən aktdan xx.xx.2003-cü il tarixli JN-0090 nömrəli dövlət aktı ilə iddiaçının mülkiyyətinə verilmiş 1.82 ha torpaq sahəsinin ona tanıdılmadığı müəyyən olunur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən və şəxsi mülkiyyətində olan ******* nömrəli çıxarış ilə verilmiş 2.51 ha torpaq sahəsinin və JN-0090 (KOD ********) nömrəli Dövlət Aktı ilə X1, X5 və X3 adına verilmiş 1.82 ha torpaq sahəsinin koordinatlarının yerində tanıdılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı Goranboy rayonunun Qarasüleymanlı kəndində yerləşən ******* nömrəli çıxarış ilə verilmiş 2.51 ha torpaq sahəsinin və JN-0090, KOD 50901018 nömrəli Dövlət Aktı ilə verilmiş 1.82 ha torpaq sahəsinin koordinatlarının yerində tanıdılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar