Məhkəmə qərarları › İş №2-1(114)-257/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-257/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-257/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı və vəkili Vəkil İnqilab oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və ona ikinci dərəcə əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı ildə N saylı hərbi hissədə xidmətdə olarkən hərbi hissənin ərazisində təmir işləri görərkən başına dəmir düşməsi nəticəsində travma almışdır. Uzun müddət stasionar qaydada müalicə aldıqdan sonra hərbi komissiyanın rəyi əsasında xidmətə yarasız olduğu üçün ehtiyata buraxılmışdır. Bundan sonra ona baş-beyinin diffuz travması, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıq əlamətləri və s. diaqnozu qoyulmuş və komissiyanın xx.xx.2019-cu il tarixli qiymətləndirmə qərarı ilə ona ikinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur. Həmin qiymətləndirmədə əlillik vəya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Hazırda da o eyni problemlə yaşayır. Buna baxmayaraq cavabdeh təşkilat onun əlillik dərəcəsini ləğv etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında ərizə təqdim edərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi üçün prosessual müddətin bərpa edilməsini xahiş etmiş, məhkəmə iş materiallarını nəzərədən keçirərək iddiaçının mübahisələndirilən qərarın mövcudluğunu məhkəmə iclasında məlumatlandırıldığından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbi ilə müraciət etməsi üçün prosessual müddət buraxılmamış hesab etmişdir. İddiaçının vəkilinin müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1687/2023 nömrəli qərarının ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dəqiqləşdirilmişdir. İddiaçı və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən göndərilmiş etirazda qeyd edilmişdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə 31 nəfər vətəndaşın əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Qazax rayon sakini xx.xx.1987-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9. bəndinə müvafiq olaraq Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 5 (beş) il müddətinə ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 6727 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı-kəllə beyin travmasının (xx.xx.2016) soltərəfli piramid çatışmazlığı, dağınıq üzvi nevroloji nişanələr, asteno-nevrotik hal, vegetativ-damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiyanın nəticələri. Тəpə-alın nahiyəsinin çapılmış yarasından sonrakı bitişmiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrinin (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarda anasını, bacısını, uşaqlarını döydüyünü, dava saldıqdan sonra sakitləşdiyini qeyd etmiş, sonradan peşman olmadığını bildirmişdir. Təqdim etdiyi müayinə sənədləri son illərə aid olmuş, əvvəlki illərdə ev şəraitində müalicə aldığını qeyd etmişdir. Hal-hazırda qəbul etdiyi dərmanların adlarını bilməmişdir. Müayinə zamanı alının tüklü hissəsində çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış, D=S, hərəkətlər tam həcmdə olmuşdur. Psixi statusunda emosionall-labil, kobud izlənilmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Komissiyaya dəvət olunmuş anası (X3) mübahisə yaratmış nalayiq sözlər istifadə etmişdir. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışda diaqnoz “Üzvi mənşəli (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqi tapmamışdır. Əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunu müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 6727 nömrəli Xəstəlik haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı “Keçirilmiş qapalıkəllə beyin travmasının (xx.xx.2016) soltərəfli piramid çatışmazlığı, dağınıq üzvi nevroloji nişanələr, asteno-nevrotik hal, vegetativ-damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiyanın nəticələri. Тəpə-alın nahiyəsinin çapılmış yarasından sonrakı bitişmiş dəri çapığı” diaqnozlu travmasının səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi Xidmət vəzifələrinin (Xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" kimi müəyyənləşdirilmişdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1687/2023 nömrəli qərarından görünür ki, əlillik təyinatına əsas verə biləcək nevroloji, patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunu müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Təpə-alın nahiyəsinin çapılmış yarasından sonrakı bitişmiş dəri çapığı. Postkontuzion sindrom, postravmatik ensefalopatiya, sol tərəfli piramid çatmamazlıq, davranışın üzvi nevroloji nişanələr" diaqnozuna əsasən 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş alt sistemdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müayinəsi nəticəsində «baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Təpə-alın nahiyəsinin çapılmış yarasından sonrakı bitişmiş dəri çapığı» diaqnozu qoyulsa da əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərək “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə, eyni zamanda 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona qoyulmuş «Keçirilmiş qapalı-kəllə beyin travmasının (xx.xx.2016) soltərəfli piramid çatışmazlığı, dağınıq üzvi nevroloji nişanələr, asteno-nevrotik hal, vegetativ-damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiyanın nəticələri. Тəpə-alın nahiyəsinin çapılmış yarasından sonrakı bitişmiş dəri çapığı» diaqnozuna əsasən xx.xx.2019-cu il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmiş, lakin vaxtından əvvəl, yəni xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edilmiş və müayinə nəticəsində « baş beynin diffuz travması, keçirilmiş qapalı kəllə beyin travmasının qalıq əlamətləri. Təpə-alın nahiyəsinin çapılmış yarasından sonrakı bitişmiş dəri çapığı» diaqnoz qoyulsa da “diaqnoz əlillik təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən, 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İstinad olunan normaya əsasən məhkəmə qeyd edir ki, iddiaçının əyani müayinəyə cəlb edilməsi iş üzrə öz təsdiqini tapır. Belə ki, fevral 2023-cü il tarixdə Agentlik onun əyani müayinəsini həyata keçirdikdən sonra qərar qəbul etmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının vaxtından əvvəl müayinəyə cəlb edilməsi əsasları təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1687/2023 nömrəli qərarı iddiaçıya əlillik təyin edilməsindən imtina hissəsində ləğv edilməli və əlillik dərəcəsinin bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. -33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-1687/2023 nömrəli qərarı İddiaçı əlillik təyin edilməsindən imtina edilməsi hissəsində ləğv edilsin. İddiaçı əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar