Məhkəmə qərarları › İş №2-1(114)-258/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-258/2022

11.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-258/2022 11.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə 17.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 01.09.1977-ci il tarixdən 20.12.1999-cu il tarixə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisələndirilməyən ümumi iş stajı cavabdeh inzibati orqana təqdim etdiyi hərbi biletinə əsasən 20.05.1975-ci il tarixdən 20.06.1977-ci il tarixə qədər hərbi xidmət olduğu müddət olan 2 il 1 aydır. İddiaçının mübahisələndirilən ümumi iş staiı 1977-1999-cu illərdə onun Bərdə rayon H.Zərdabi (Kalinin) adına kolxozunda işlədiyini iddia etdiyi illərdir. Bərdə rayon Dövlət Arxivinin 31 avqust 2020-ci il tarixli 138 nömrəli arxiv arayışına əsasən, o, 1978-1986, 1988-1992, 1994-1996-cı illərdə minimum adam günləri tamamlayaraq əmək haqqı almış, bu isə ümumilikdə 16 il ümumi iş stajı edir. Əlavə olaraq, müvafiq arxiv arayışında İddiaçı 1977-ci ildə minimum 180 gün normaya qarşılıq 61 gün, 1987-cü ildə minimum 140 günə qarşılıq 10 gün, 1993-cü ildə minimum 140 günə qarşılıq 102 gün, 1997-1999-cu illərdə minimum 140 günə qarşılıq müvafiq olaraq 64, 82, 60 gün adam günü norması tamamladığı əks olunmuşdur. Həmin illərdə İddiaçı tamamladığı adam günləri müvafiq olaraq, 2 il 11 ay 5 gün ümumi iş stajına bərabərdir. Beləliklə, iddiaçının "Bərdə rayon Samux kolxozu”nda işlədiyini iddia etdiyi, mübahisələndirilən illər 18 il 11 ay 5 gün təşkil edir. İddiaçının 1977-1999-cu illərdə işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə cəmi 21 il 5 gün təşkil edir və iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranmır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbinin mahiyyətindən də məlum olur ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsində hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələbinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajı və ya müəyyən həcmdə pensiya kapitalı tələb olunur. Bərdə rayon Dövlət Arxivinin 31.08. 2020-ci il tarixli 138 nömrəli məktubundan görünür ki, iddiaçı 1977-1999-cu illər üzrə Bərdə rayon H.Zərdabi (Kalini) adına kolxozda işləmişdir. 1978-1986, 1988-1992, 1994-1996-cı illərdə minimum adam günləri tamamlayaraq əmək haqqı almış, bu isə ümumilikdə 17 il ümumi iş stajı edir, eləcə də 1977-ci ildə minimum 180 gün normaya qarşılıq 61 gün, 1987-ci ildə minimum 140 günə qarşılıq 10 gün, 1993-cü ildə minimum 140 günə qarşılıq 102 gün, 1997-1999-cu illərdə minimum 140 günə qarşılıq müvafiq olaraq 64, 82, 60 gün adam günü norması tamamladığı əks olunmuşdur. Həmin illərdə iddiaçının tamamladığı adam günləri müvafiq olaraq, 2 il 11 ay 5 gün ümumi iş stajına bərabərdir. Deməli iddiaçının hərbi xidmət müddəti də daxil olmaqla ümumilikdə 22 il 5 gün (17 il + 2 il 11 ay 5 gün + 2 il 1 ay) sığorta stajı yaranmış olur. Hazırki halda iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı yaranmır, başqa sözlə onun malik olduğu sığorta stajı əmək pensiyası hüququnun realizəsi baxımından yetərli deyildir. Qeyd olunur ki, hər bir iddia tələbininin arzu olunan hüquqi nəticəsi olmalıdır. Göründüyü kimi inzibati orqanın müvafiq imtinası nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş verməmişdir.Ona görə də hazırki iş üzrə iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə pensiyanın təyin edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar