Məhkəmə qərarları › İş №2-1(114)-2582/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2582/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2582/2022 12.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Goranboy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “Goranboy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı forma-88 arayışının verilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Goranboy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona aid forma-88 arayışının tapılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun 181 saylı Hərbi Hissəsində xidmət edərkən, müvafiq döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar aldığı xəsarətə görə 2-ci qrup əlil kimi ehtiyata buraxılmışdır. Son zamanlar, boyun hissəsində kəskin ağrıların əmələ gəlməsi ilə əlaqədar Goranboy Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Xəstəxanada ona bildirilmişdir ki, bu ağrılarla əlaqədar, boyun nahiyəsinin MRT müayinəsi lazımdır və ona X2 MRT müayinəsi üçün göndəriş verilmişdir. Bu müayinədən sonra onun boyun nahiyəsində C3-4 diskində C4-5 diskində 2 mm ölçüdə həmçinin C5-6 diskdə sağa meyilli posterior geniş əsaslı 2.5 mm ölçüsündə protruiziya aşkarlandı. Dəfələrlə yuxarıda qeyd olunan qanunların tələblərini əsas tutaraq onun səhhətində yaranmış problemlə bağlı Sanatoriya-Kurort müalicəsinə göndərilməyini tələb etsə də bu tələbinə əhəmiyyət verilməmiş və ona bildirilmişdir ki, sanatoriya kurort müalicəsinə onlar yox Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1 Goranboy Rayon Qəbul Şöbəsi göndərir. O, göstərilən ünvanda olmuş və Qoca İsmayılov adlı mütəxəssiv ona bildirmişdir ki, Goranboy rayon Mərkəzi Xəstəxanasında olan Forma-88 sənədlərə əlavə edilməyincə onu Sanatoriya kurort putyovkası ilə təmin etmək mümkün olmayacaqdır. O, Forma-88 ilə bağlı Goranboy rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, ancaq çox təəssüf ki, Forma-88-in tapılması qeyri mümkün olmuşdur. Forma-88 xəstəxanadan belə demək mümkünsə yoxa çıxmışdır. O, rəsmi olaraq Forma-88-in tapılması və sənədlərə əlavə olunaraq sanatoriya kurort putyovkası ilə təmin olunmağı ilə bağlı yuxarıda qeyd olunan mütəxəssisə göndərilməsi üçün ərizə ilə müraciət etmişdir. Goranboy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 648 nömrəli, 11 avqust 2022-ci il tarixli cavab məktubunda bir daha sübut olunur ki, onun 88 saylı forması itmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 12 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh “Goranboy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 3 ünvanında yaşayan xx.xx.1981-ci il təvəllüdlü İddiaçı oglu xx.xx.1999-cu il tarixdən Silahlı Qüvvələrin N saylı Hərbi Hissəsində tağım komandiri vəzifəsində çalışmış, xx.xx.2011-ci il tarixdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş hərbi həkim ekspertizası haqqında əsasnamənin xəstəliklər cədvəlinin 15-ci maddəsinin 3-cü qrafasına əsasən” aşağıdakı xəstəliklə tibbi şəhadətləndirmə aparılmış və hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır qərarı verilmişdir. Diaqnoz: Şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində. xx.xx.2011 -ci il tarixdən “Şizofreniya paranoid forma, natamam remissiya mərhələsində” diaqnozu ilə MRX-nın poliklinikasının ruhiəsəb kabinetində dispanser qeydiyyatındadır. İİ qrup əlildir. Mütəmadi olaraq ona göstəriş olan dərman preparatları tərəflərindən imtiyazlı qrup xəstə kimi yazılaraq verilir. İddiaçı dəfələrlə Goranboy MRX-nın rəhbərliyinə ona ll qrup əlil kimi nəqliyyat vasitəsinin verilməsi üçün forma- 88 doldurulmasını tələb etmişdir. MRX-nın rəhnbərliyi isə dəfələrlə ona izah etmişdir ki, onun xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair Əsasnamə”sində göstərilən tələblərə uyğun gəlmədiyinə görə ona tərəflərindən nəqliyyat vasitəsi almaq üçün forma-88 doldurulması qanuna müvafiq deyildir. Goranboy RMX PHŞ rəhbərliyi bildirir ki, vətəndaşların 88 saylı formaları Səhiyyə Nazirliyinin Alt sisteminə 2016-cı il tarixdən “Online” sistem vasitəsi ilə göndərildiyi üçün Sizin 88 saylı formanız Alt sistemdə mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 5 saylı qərarı ilə təsdiq edilmiş İcbari Tibbi Sığorta üzrə-Dövlət Agentliyinin “Xidmətlər Zərfi”nə daxil olan tibbi xidmətlər və tariflərdə kurort müalicəsi xidməti göstərilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu, yəni iddianın düzgün cavabdehə qarşı verildiyi müəyyən olunmur. Bundan əlavə, “Goranboy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 991 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaşların 88 saylı formaları Səhiyyə Nazirliyinin Alt sisteminə 2016-cı il tarixdən “Online” sistem vasitəsi ilə göndərildiyi üçün İddiaçı Forma-88 saylı arayışı Alt sistemdə mövcud deyildir. Göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkəti nəticəsində iddiaçının hər hansı hüququ pozulmamışdır. Həmçinin məhkəmə iclasında iddiaçıya cavabdehin əvəz edilməsi təklif olunsa da, iddiaçı cavabdehi əvəz etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Goranboy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı forma-88 arayışının verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh “Goranboy rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı forma-88 arayışının verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar