Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-259/2022 08.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Təmraz oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X1 filialına qarşı yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Təmraz oğlu (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X1 filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 585 nömrəli Attestatı, İT-1 ******* nömrəli əmək kitabçası, NZ ******* nömrəli hərbi bileti əsasında yaşa görə əmək pensiyasına hüququ yarandığı gündən ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuş, 21.02.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Onun 25 il 6 aydan artıq sosial sığorta stajı və 65 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Buna görədə o müvafiq sənədlərini hazırlayıb Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialına təqdim etmiş, onun sənədləri filial tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X1 Filialına göndərilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1 Filialınin 27 sentyabr 2021-ci il tarixli **********1 saylı məktububunu 18 oktyabr 2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Məktubda qeyd edilmişdir ki, onun sosial sığorta stajı 23 il 8 ay 5 gün təşkil etdiyindən qanuvericiliyin tələbinə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilməz. 1 fevral 1972-ci il tarixdə 17 saylı Qazax rayon texniki Peşə məktəbinə qəbul edilmiş, 27 yanvar 1973-cü il tarixdə 17 saylı Qazax rayon texniki peşə məktəbini Traktorçu Maşınçı sənəti üzrə bitirmişdir. Ona məxsus MT-1 № ******* saylı əmək kitabçasına əsasən o 17 may 1972-ci il tarixdə 57 nömrəli əmrlə Qazax rayon 6 nömrəli tütünçülük sovxozuda traktor parkına müvəqqəti fəhlə kimi işə qəbul edilmiş, 2 oktyabr 1974-cü il tarxdə 103 nömrəli əmrlə Dəmirçilər kənd 6 saylı tütünçülük sovxozuna (Sovet Azərbaycanı) fəhlə kimi işə qəbul edilmişdir. 9 may 1975-ci ildən 20 may 1977-ci ilədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra Dəmirçilər kənd 6 saylı tütünçülük sovxozunda fəhlə kimi işini davam etdirmidir. 05 iyun 1984-cü -ci il tarixdə 30 nömrəli əmrlə “Sovet Azərbaycanı” sovxozuna sürücü vəzifəsinə təyin edilmiş, 11 noyabr 1997-ci il tarixdə 77 saylı əmrlə Azərbaycan üzüm emalı müəssisəsindən sürücülükdən azad edilmişdir. Onun sosial sığorta stajı Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X1 Filialına tərəfindən düzgün hesablanmamışdır. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Qazax Rayon İcra Hakimiyyəti Dövlət Arxivinə göndərilmiş sorğuya cavab olaraq 17 may 1972-ci ildən 11 noyabr 1997-ci ilədək əmək stajı barədə Qazax Rayon Dövlət Arxivi müvafiq arayış tərtib edərək qeyd edilən illər ərzində əmək stajının xranologiyasını təqdim etmiş və 1988 -1997ci illər üçün əmək haqqı cədvəli arayışa əlavə edilmişdir. Onun texniki peşə təhsili haqqında 585 nömrəli Atestatına, MT-1 № ******* saylı əmək kitabçasına və hərbi biletinə əsasən sosial sığorta stajı 25 il 9 ay olduğu halda, cavabdehin 27.09.2021-ci il tarixli **********1 saylı məktubunda onun sosial sığorta stajı 23 il 8 ay 5 gün təşkil etdiyi qeyd edilməklə, qanunvericiliyin tələbinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilə bilmədiyi göstərilmişdir. Ancaq onun sosial sğorta stajının 25 il 9 ay deyil, 23 il 8 ay 5 gün hesablanmasının səbəbləri barədə imtina məktubunda qeyd edilməmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi bileti və texniki peşə təhsili haqqında attestatın surətlərinə əsasən sığorta stajı 23 il 8 ay 5 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 23 il 8 ay 5 gün sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18035,65 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı 13.01.2022-ci il tarixli **********9 nömrəli etiraz təqdim etmiş, etirazında imtinada qeyd olunan əsasları təkrarlayaraq əlavə olaraq bildirmişdir ki, iddiaçının onlara təqdim etdiyi Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilən 585 saylı attestata əsasən, 01.02.1972-ci il tarixdən 27.01.1973-cü il tarixədək peşə təhsili aldığı 11 ay 26 gün, ******* nömrəli hərbi biletə əsasən 09.05.1975-ci il tarixdən 20.05.1977-ci il tarixədək 2 il 11 gün həqiqi hərbi xidmət illəri iddiaçının mübahisələndirilməyən ümumi iş stajına əlavə olunmuşdur. İT-İ ******* nömrəli əmək kitabçasında mövcud olan qeydlərdən müəyyən olunur ki, iddiaçı 02.10.1974-cü il tarixdə Dəmirçilər Kənd 6 saylı Tütünçülük Sovxozuna işə qəbul olunmuş, 09.05.1975-ci il tarixədək həmin sovxozda işləmiş, həmin tarixdən həqiqi hərbi xidmətə yollanmış, hərbi xidmətdən qayıtdıqdan sonra 21.05.1977-ci il tarixdən 11.11.1997-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. Əmək kitabçasındakı qeydlərə müvafiq olaraq, iddiaçının ümumilikdə 21 il 0 ay 28 gün ümumi iş stajı onun mübahisələndirilməyən ümumi iş stajına əlavə olunmuşdur. İT-İ ******* nömrəli əmək kitabçasında 17.05.1972-ci il tarixdə Qazax rayon 6 nömrəli tütünçülük sovxozunda müvəqqəti fəhlə işləməsi ilə bağlı qeydlər mövcud olsa da, həmin dövrdə texniki peşə məktəbində oxuduğu illər onun sosial sığrta stajına əlavə edildiyi üçün onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edilməmişdir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərlə onun ümumi iş stajı 24 il 1 ay 5 gün təşkil etməklə, tələb olunan sosial sığorta stajından azdır. İddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddia etdiyi müvafiq dövr müddəti hazırda onun subyektiv hüquqi marağını yaratmır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. sosial sığorta stajı (bundan sonra-sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7.1. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə cəmi 24 il 1 ay 5 gün təşkil edir və iddiaçının subyektiv hüquqi marağı - pensiya almaq hüququ yaranmır. Odur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulan ikinci əsas tamamlanmadığı üçün iddia rədd olunmalıdır. Məhkəmə araşdırmasının predmetini cavabdehin 27.09.2021-ci il tarixli **********1 nömrəli məktubu, İT-l ******* nömrəli, 02.10.1974-cü il tarixində doldurulmuş əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti, iddiaçıya məxsus 27.01.1973-cü il tarixdə verilmiş 585 nömrəli Attestatın təsdiqlənmiş kserosurəti, 395 nömrəli, 04.11.2021ci il tarixli Qazax rayon Dövlət Arxivinin arxiv arayışı, iddiaçıya məxsus NZ ******* nömrəli hərbi biletin təsdiqlənmiş kserosurəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması. İddiaçının xx.xx.1956-cı il təvəllüdlü olmaqla, 21.02.2021-ci il tarixdə pensiya yaşına – 65 yaşına çatması işin mübahisəsiz halıdır. Hazırda işin mübahisəli halı iddiaçının 25 il sığorta stajına malik olub-olmaması ilə bağlıdır. İddiaçıın təqdim etdiyi sənədlərdəki məlumatlara əsasən 01.02.1972-ci il tarixdən 27.01.1973-c il tarixədək peşə məktəbində oxumuş, 03.05.1975-ci il tarixdən 20.05.1977ci il tarixədk hərbi xidmətdə olmuş, 02.10.1974-cü il tarixdə Dəmirçilər Kənd 6 saylı Tütünçülük Sovxozunda işə qəbul olunmuş, 11.11.1997-ci il tarixədək həmin sovxozda işləmişdir. Bununla yanaşı iddiaçı iddia edir ki, 17.05.1972-ci ildən 11.11.1997-ci ilədək 6 nömrəli tütünçülük sovxozunda işləməklə, təhsil aldığı dövr ilə birlikdə 25 il 09 ay sığorta stajı toplamışdır. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Qazax Rayon Dövlət Arxivinin 395 nömrəli, 04.11,2021-ci il tarixli Arxiv arayışından görünür ki, iddiaçı Sovet Azərbaycanı sovxozunun 17.05.1972-ci ill tarixli, 57 saylı əmri ilə sovxozun traktor parkına fəhlə kimi işə qəbul olunmuş, 02.10.1974-cü il tarixli, 103 saylı əmr ilə 6 saylı Tütünçülük sovxozuna fəhlə qəbul edilmiş, 21.05.1975-ci il tarixli 65 saylı əmrlə hərbi xidmətə çağrıldığı üçün fəhləlikdən azad edilmiş, 05.04.1984-cü il tarixli, 30 saylı əmr ilə Sovet Azərbaycanı sovxozuna sürücü vəzifəsinə təyin edilmiş, 11.12.1997-ci il tarixli, 77 saylı əmr ilə sovxoz ləğv edildyi üçün işdən azad olunmuşdur. Həmin arayışa əlavə olunmuş cədvəldən görünür ki, iddiaçı 1972-ci ilin may-dekabr, 1973-1974, 1975-ci ilin yanvar-may, 1977-ci ilin iyun-dekabr ayları, 1978-1996-cı illərdə və 1997-ci ilin yanvar-iyun və dekabr aylarında əmək haqqı almışdır. Cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı imtinasında iddiaçının ümumilikdə 23 il 08 ay 05 gün sosial sığorta stajı olduğunu bildirsə də, hansı illəri nəzərə aldığını qeyd etməmişdir. Bununla belə, inzibati orqan məhkəməyə təqdim etdiyi etirazında yuxarıda qeyd olunan müddətlərdən 01.02.1972-ci il tarixdən 27.01.1973-cü il tarixədək peşə məktəbində oxuduğu 11 ay 26 gün, 09.05.1975-ci il tarixdən 20.05.1977-ci il tarixədək hərbi xidmətdə olduğu 02 il 11 gün, əmək kitabçasında qeyd olunan 02.10.1974-cü il tarixdən 09.05.1975ci il tarixədək 07 ay 07 gün, 21.05.1977-ci il tarixdən 11.11.1997-ci tarixədək 20 il 05 ay 20 gün, cəmi 24 il 01 ay 05 gün müddəti mübahisələndirmir. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının 27.01.1973-cü il tarixdən 02.10.1974-cü il tarixədək olan əmək fəaliyyəti dövrü nəzərə alınmır. Həmin müddətlə bağlı məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə istinad edərək bildirir ki, iddiaçının işlədiyi dövr qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayıldığından və iddiaçının 27.01.1973-cü il tarixdən 02.10.1974-cü il tarixədək sovxozda işlədiyi dövr onun əmək kitabçasında qeyd edilməsə də, arxiv sənədləri, əmək haqqı cədvəlləri ilə təsdiq olunduğundan ümumi iş stajına daxil edilməlidir. Belə ki, arxiv sənədlərində iddiaçının 1972-ci ilin may ayından 1975-ci ilin iyun ayınadək əmək haqqı alması işdəki arxiv arayışı ilə öz təsdiqini tapır. Beləliklə, İddiaçının hərbi xidmət dövrü, arxiv sənədləri və əmək kitabçasında olan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixədək 25 ildən az olmayan sığorta stajı olduğundan və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin şərtləri iddiaçıya münasibətdə mövcud olduğundan iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1 -ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunan qanunvericilik normasına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının pensiya hüququ 21.02.2021-ci il tarixindən yarandığından ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1 filialının üzərinə İddiaçı Təmraz oğluna 21.02.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-259/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-259/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver