Məhkəmə qərarları › İş №2-1(114)-2592/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2592/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2592/2022 04.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “mərhum X1 adına tərtib edilmiş A seriyalı 353494 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 adına tərtib edilmiş A seriyalı 353494 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X4 atasıdır və aqrar islahat zamanı onlara həyətyanı torpaq sahəsi verilmişdir. Lakin sonradan atası yeni ailə həyatı qurmuş, hazırda həmin həyətyanı torpaq sahəsi ilə bağlı atasının həyat yoldaşı ilə mübahisələri yaranmışdır. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, **********71 nömrəli etiraz təqdim etmişdir. Etirazda qeyd olunur ki, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində yerləşən 8055,06 kv.m həyətyanı torpaq sahəsinə dair tərtib edilmiş A 353494 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədində yalnız mərhum X3 adı, elektron subyektlər siyahısında isə digər 9 nəfər ailə üzvlərinin də (iddiaçı da olmaqla) adları qeyd edilmişdir. İddiaçıya izah verilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda elektron subyektlər siyahısında olan şəxslərin adları öz əksini tapır. Lakin o, bununla razılaşmamış və əsassız olaraq məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı inzibati akt sayılmayan torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə dair iddia irəli sürmüşdür ki, torpaq sahəsinin planı və ölçüsü sənədi inzibati akt deyildir, torpaq sahəsinə hüquq əldə etmiş şəxsin torpaq sahəsinin planını və ölçüsünü özündə əks etdirən texniki sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt dedikdə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının Qərarın 5.1-ci bəndində göstərilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Digər tərəfən məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlər sadalanmış və həmin sənədlərin siyahısında torpaq sahəsinin plan və ölçü sənədi qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “mərhum X1 adına tərtib edilmiş A seriyalı 353494 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar