Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2595/2022 13.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Qazax şəhəri F.Qayıbov küçəsində mülkiyyətinə verilmiş 0.0095 ha və 0.0082 ha torpaq sahələri üzərində hüquqlarının dövlət qeydiyyatına alınması qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehə Qazax şəhəri F.Qayıbov küçəsində mülkiyyətinə verilmiş 0.0095 ha və 0.0082 ha torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə müraciət etmiş, lakin «sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi aşkar edilmişdir» səbəbindən müraciəti təmin edilməmişdir. Halbuki hər iki müraciətə rəsmi sənədlər əlavə edilmişdir. Belə ki, Qazax Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 2/25 saylı sərəncamı mövcuddur və həmin sərəncam Qazax şəhəri üzrə həyətyanı sahələrin özəlləşdirilməsi barədədir. Sərəncam Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanıların, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının istifadəsindəki bağların torpaqlarının onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsaslanır. Sərəncamın 1-ci bəndində qeyd olunur ki, “Qazax şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilsin”. Qeyd edilən sərəncamla qanuni istifadəsində olan Qazax şəhəri F.Qayıbov küçəsində yerləşən 0.0095 ha və 0.0082 ha torpaq sahələri mülkiyyətinə verilmişdir. Hər iki torpaq sahəsinə görə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq Sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət Torpaq kadastrı kitabında uçota alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona Rayon İcra Hakimiyyətinin eyni sərəncamı ilə verilmiş 622.32 kv.m torpaq sahəsi qeydə alınmış, hazırki plan və ölçü də həmin sərəncamın əsasında verilməsinə baxmayaraq imtina edilmişdir. Bundan əlavə cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan göründüyü kimi ona və ailə üzvlərinə 0.08 ha torpaq sahəsi verilmiş və RİH-nin sərəncamı ilə həmin 95.45 kv.m, 82.39 kv.m və 622.32 kv.m sahələrin mülkiyyətə verilməsi qərara alınmışdır. Həmin sahələr bitişikdir və cəmi 0.08 ha-dır. Qazax şəhərində heç bir sakinə torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilməmişdir, ona görə də islahat zamanı sakinlərə ayrılmış torpaq payları RİH-nin sərəncamı ilə rəsmiləşdirilmişdir. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Rayon İcra Hakimiyyətinin 2001-ci ildən sonra torpaq ayırmaq səlahiyyəti yoxdur, ona görə də iddiaçının təqdim etdiyi plan və ölçü sənədi hüquqmüəyyənedici sənəd hesab edilmir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, **********80 nömrəli iddiaya etirazda qeyd edilmişdir ki, Qazax şəhərində yerləşən 0.0095 ha və 0.0082 ha torpaq sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından, hüquqların dölət reyestrində qeydə alınmasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -təsdiq edilmiş surəti işə əlavə edilmiş “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 2/25 saylı sərəncamı ilə Qazax şəhərində yerləşən 95.45 kv.m həyətyanı torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş A № 339096 “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 2/25 saylı sərəncamı ilə Qazax şəhərində yerləşən 82.39 kv.m həyətyanı torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. -təsdiq edilmiş surəti işə əlavə edilmiş A № 339095 “Torpaq sahəsinin Planı və ölçüsü” sənədindən görünür ki, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 2/25 saylı sərəncamı ilə Qazax şəhərində yerləşən 622.32 kv.m həyətyanı torpaq sahəsinin texniki göstəriciləri İddiaçı adına işlənmişdir. -surəti işə əlavə edilmiş Qazax Rayon İcra Hakimiyyəti başçısının 2/25 nömrəli, xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, Qazax şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" X1 Cəmiyyətin xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktubda qeyd edilmişdir ki, Qazax şəhəri üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı və ailə üzvlərinin adları mövcuddur. Ailə tərkibi 5 (beş) nəfər, qanuni həyətyanı torpaq sahəsi 0.08 hektar kimi qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********54 nömrəli məktubundan görünür ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya və ailə üzvlərinə 0.08 ha torpaq payı verilmiş, Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 2/25 saylı sərəncamı ilə bütün Qazax şəhər sakinlərinin qanuni istifadəsində olan torpaq sahələrinin, o cümlədən iddiaçıya verilmiş həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsası kimi mübahisələndirilən torpaq sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi qeyd olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçıya dövlət reyestrində qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Qazax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011ci il tarixli 2/25 saylı sərəncamı ilə ayrılmamış, sahə islahatın subyekti kimi ayrılmış, lakin müvafiq şəhadətnamə təqdim edilmədiyindən RİH məsələni bütün sakinlərə münasibətdə qeyd olunan sərəncamla tənzimləmişdir.. Göstərilənlərə əsasən cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, iddiaçı sözügedən torpaq sahələrini qanuni əsaslarla əldə etmişdir və əmlak qanuni əsaslarla əldə edilmişirsə, bu zaman onun qeydiyyatının aparılması da yolveriləndir. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Odur ki, sözügedən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş Qazax şəhərində yerləşən 95.45 kv.m və A № 339096 “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə müəyyən edilmiş Qazax şəhərində yerləşən 82.39 kv.m həyətyanı torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2595/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2595/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver