Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2595/2024 05.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Allahverdiyeva Gülnarə Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə etmiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o, Goranboy rayonunda özünümüdafiə batalyonun tərkibində xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 1991-ci ilin 10 oktyabr tarixindən 1993-cü ilin dekabr ayınadək özünümüdafiə batalyonunu tərk etmiş və həmin dövrdə döyüş əməliyyatlarında iştirak etməmişdir. O, 1993-cü ilin dekabr ayında N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Lakin ona məhkəmə iclasında məlum olmuşdur ki, hərbi hissə komandiri tərəfindən onun şəxsi heyətin siyahısına daxil edilməsi ilə bağlı əmr verilməmişdir. Yalnız xx.xx.1995-ci il tarixdə N saylı hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən o, may 1995-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilərək müvafiq vəzifələrin icrasına buraxılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının 113, 157, 803 nömrəli hissələrə daxil olması və xx.xx.1995-ci il tarixədək xidmət etməsi barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Həmin sənədlərdən görünür ki, iddiaçı atəşkəsdən (xx.xx.1994-cü il tarixdən) sonra N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuşdur. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı Goranboy rayonunda özünümüdafiə batalyonun tərkibində xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Bu fakt Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli arayışında əks olunmuşdur. Bundan əlavə, iddiaçının 113, 157, 803 nömrəli hissələrə daxil olması və xx.xx.1995-ci il tarixədək xidmət etməsi barədə məlumat aşkar edilməmişdir. İddiaçı yalnız atəşkəsdən (xx.xx.1994-cü il tarixdən) sonra N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olmuşdur. İddiaçı 1993-cü ilin dekabr ayında N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyini bildirsə də, bunu təsdiqləyən heç bir sübut müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçıya izah edir ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldırmalı, iddia qaldırmaz əvvəl isə oxşar tələblə ilkin olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılı müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməsinə” uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Lakin hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu, yəni iddianın düzgün cavabdehə qarşı verildiyi, habelə iddia qaldırmazdan əvvəl oxşar tələblə ilkin olaraq əsl cavabdehə yazılı müraciət edildiyi müəyyən olunmur. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-2595/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2595/2024
05.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver