Məhkəmə qərarları › İş №2-1(114)-26/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-26/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-26/2021 15.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, İddiaçı “Şəhriyar-M” X2 cavabdeh Bərdə rayonu Mollagüllər bələdiyyəsinə (üçüncü şəxs “Fərid-Ayxan” X5) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Şəhriyar-M” X5 cavabdeh Bərdə rayonu Mollagüllər bələdiyyəsinə (üçüncü şəxs “Fərid-Ayxan” X5) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Cavabdeh2 02.12.2002-ci il tarixli, 12 saylı qərarının ləğvinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İcra Hakimiyyəti başçısının 10 dekabr 1999-cu il tarixli, 228b saylı sərəncamı ilə “Şəhriyar M” X3 H.Hacıyev adına Aqro-istehsal müəssəsisənin ərazisindən bələdiyyə fondundan torpaq sahəsi ayrılmasına dair sahəseçmə komissiyasının 25 sentyabr 1999-cu il tarixli aktına əsasən əkinə qismən yararlı örüş sahəsinin şimaldan “Samux” toxumçuluq müəssisəsinin torpağı ilə, şərqdən Kür çayı ilə, cənubdan qəbiristanlıq ilə, qərbdən isə “Ziya” X2 torpaqları ilə həmsərhəd 55 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra Mollagüllər Bələdiyyəsinin 10 may 2000-ci il tarixli, 03 saylı qərarına əsasən 15 avqust 2000-ci ildə sözügedən torpaq sahəsinin icarəyə verilməsi barədə 50 il müddətinə icarə müqaviləsi bağlamışlar. Uzun illər suvarma üçün sərfəli olmadığından həmin torpaq sahəsinin 15 hektara yaxın hissəsindən əkin məqsədi ilə istifadə edə bilməmişlər, yalnız örüş təyinatı ilə istifadə etmişlər. 2018-ci ilin aprel ayında torpağın 15 ha hissəsinin “Fərid-Ayxan” KFT tərəfindən istifadə edildiyini gördükdə, hərəkətlərini dayandırmalarını xahiş və tələb etsələr də, üçüncü şəxs buna əhəmiyyət verməmişdir. Cavabdehin bildirdiyinə görə, Bərdə rayonu Mollagüllər Bələdiyyəsinin 02 dekabr 2002-ci il tarixli 12 saylı qərarı ilə torpaq sahəsi onlara verilmişdir. Bundan sonra, “Fərid-Ayxan” KFT-na və Cavabdeh2nə qarşı mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə və torpaq sahəsinin əməli istifadələrinə qaytarılması tələbinə dair Bərdə Rayon Məhkəməsində iddia qaldırılmışdır. Bərdə Rayon Məhkəməsinin iddia tələbi üzrə qəbul edilmiş qərardadında göstərilmişdir ki, iddia tələbi inzibati xarakterli olduğundan aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır. Bərdə Rayon Məhkəməsində işə baxılarkən iş üzrə ekspertiza təyin edilmiş və 13 iyun 2018-ci il tarixdə və 29 may 2019-cu il tarixdə Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən rəy verilmişdir. İddiaçı və cavabdehlərin iştirakları ilə sözügedən əraziyə naturada baxış keçirməklə verilmiş mütəxəssis rəyinə əsasən Bərdə R.İ.H.Bnın 10 dekabr 1999-cu tarixli 228 B saylı sərəncamı və Bərdə rayonu X1 10 may 2000ci il tarixli 03 saylı Qərarı ilə bələdiyyə fondunda saxlanılan əkinə qismən yararlı örüş sahəsindən “Şəhriyar-M” X3 25 il müddətinə icarəyə verilmiş 55 ha torpaq sahəsinin icarə müddəti başa çatmadığı halda, Bərdə rayonu Mollagüllər Bələdiyyəsinin 02 dekabr 2002-ci il tarixli 12 saylı qərarı ilə 2 hissədən ibarət olub, biri “Şəhriyar-M” KFTna verilən torpaq sahəsinə cənubi-şərq tərəfdən bitişik olmaqla 25 hektar, ikincisi isə “Şəhriyar-M” KFT-na verilən 55 ha torpaq sahəsinin tərkib hissəsi olmaqla, həmin ərazinin şərq tərəfdən içərisində yerləşən 15 ha torpaq sahəsi ilkin torpaqayırma sənədlərində (təsərrüfatın yerquluşu planından çıxarışda) həm “Şəhriyar-M”, həm də “Fərid-Ayxan” KFT-na veriləcək torpaq sahəsi kimi işlənmişdir. Sözügedən 15 ha torpaq sahəsi həm sənəd üzrə, həm də naturada üst-üstə düşür. “Şəhriyar-M” KFT-nın hazırda faktiki istifadəsində olan torpaq sahəsi 2 konturdan ibarət olmaqla, cəmi 48,14 ha-dır. Ondan biri 42.55 ha olub, onun 38.12 ha ilkin torpaqayırma sənədində göstərilən 55 ha icarə torpağının bir hissəsi olmaqla, qalan 4.43 ha icarəsinə verilmiş torpaq sahəsi ilə cənub tərəfdən qonşu olan bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsidir. Digəri isə 5.59 ha olmaqla ərazinin şərq tərəfindən Kür çayı ilə qonşu olan hissəsində yerləşir. Sözügedən 55 ha sahədən çatışmayan 11.29 ha torpaq sahəsi hər iki KFT-na ilkin torpaqayırma sahəsində göstərilən mübahisəli 15 ha sahənin bir hissəsidir ki, hazırda həmin sahədən “Fərid-Ayxan” KFT istifadə edir. Mübahisəli torpaq sahəsi Bərdə RİHBnın 10 dekabr 1999-cu il tarixli 228 B saylı sərəncamı ilə “Şəhriyar-M” KFT-na verilmişdir, mütəxəssis rəyi ilə də 15 ha torpaq sahəsinin “Fərid-Ayxan” KFT tərəfindən istifadə edilməsi öz əksini tapmışdır, onda təsərrüfatlarına məxsus olan 55 ha torpaq sahəsinin 15 ha hissəsinin “Fərid-Ayxan” KFT-ə ayrılmasına əsas olmuş Bərdə rayonu Mollagüllər Bələdiyyəsinin 02.12.2002-ci il tarixli 12 saylı qərarı ləğv edilməli və qanunsuz inzibati aktın ləğvinin hüquqi nəticələri tətbiq olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili X4 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. İş üzrə tərəflərin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mühabisələndirmə haqqında iddia inzibati aktın təqdin (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Göründüyü kimi iddiaçı Bərdə rayonu Mollagüllər bələdiyyəsinin 02.12.2002-ci il tarixli qərarını - inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli 2-1(083)-1831/2019 nömrəli sərəncamı ilə iddiaçıya real yardım edilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılaraq yenilənmiş iddia ərizəsi təqdim edilməsi, iddia ərizəsi verilməsi üçün qanunla müəyyən edilmiş və iddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunsa da, iddiaçı iddia ərizəsində yol verilən formal xətaları aradan qaldıraraq yenilənmiş iddia ərizəsini məhkəməyə təqdim etmiş, lakin qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizəni məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən təkrar iddiaçıya real yardım edilərək Bərdə rayonu Mollagüllər bələdiyyəsinin 02.12.2002-ci il tarixli qərarının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizənin məhkəməyə təqdim edilməsinə dair 05.05.2021-ci il tarixli sərəncam göndərilmişdir. Məhkəmənin sərəncamı 15.05.2021-ci il tarixdə iddiaçıya təqdim olunsa da, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin üzürlü səbəbdən buraxılmasına əsas olmuş hallar barədə ərizə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prossessual hərəkətlərə dair məsələni də həll etməlidir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “Şəhriyar-M” X2 cavabdeh Bərdə rayonu Mollagüllər bələdiyyəsinə (üçüncü şəxs “Fərid-Ayxan” X5) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar