Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-260/2021 15.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X7, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) X4 adına DT və XK-nin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş A 351344 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Əliyev X14 (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs X8) xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, X4 adına DT və XK-nin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş A 351344 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 211/2020 nömrəli qərardad ilə iddiaçının nümayəndəsi X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 211/2020 nömrəli qərar ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-211/2020 nömrəli qərarından üçüncü şəxs X2 Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(104)- 586/2020 nömrəli qərardad ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)- 211/2020 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 0,25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 21.3 kv.m yaşayış, 26.9 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi iddiaçının nənəsi mərhum X5 məxsus olmuşdur. xx.xx.1979cu ildə G.Əmrahova qeyd edilən əmlakı və onun içərisində olan bütün əmlakı iddiaçıya vəsiyyət etmişdir. xx xxxxxx 1981-ci ildə G.Əmrahova vəfat etmiş, iddiaçı xx.xx.1983-cti ildə qeyd edilən vəsiyyətnamə ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. İddiaçı nənəsi öləndən sonra miras əmlakı həm faktiki, həmdə vəsiyyətnamə əsasında qəbul edərək qeyd edilən əmlaka daim sahiblik edərək istifadə etmiş və hazırki tarixədək də istifadə etməkdədir. Qeyd edilən mülklə bağlı mərhum G.Əmrahovanın adına xx.xx.2007-ci il tarixdə ********* qeydiyyat nömrəli, **********46-10301 reyestr nömrəli ******* nömrəli çıxarış alınmışdır. Bu yaxınlarda İddiaçı nənəsindən qalan miras əmlakı vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mülkiyyətinə keçirmək üçün DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, müraciət edərkən X9 qeyd edilən vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin qanuni qüvvədə olması barədə məktub da həmin müraciətə əlavə edilmişdir. Lakin cavabdeh orqan fərdi yaşayış evinin yerləşdiyi 2503.82 kv.m torpaq sahəsinə AİK-nin xx.xx.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə X4 adına DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verildiyini əsas gətirərək ərizənin icrasından imtina etmişdir. Qeyd edilən imtina cavabı alındıqdan sonra iddiaçının əmisi X4 adına DT və XK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olan AİK-nın xx.xx.1998- ci il tarixli, 13 nömrəli qərarının əldə olunması ilə bağlı bütün zəruri idarələrə sorğu edilmiş, alınmış cavablardan aydın olmuşdur ki, ümumiyyətlə AİK-nin belə bir qərarı mövcud olmamışdır. Belə ki, aqrar islahat aparılan zaman S.Məmmədov ümumiyyətlə Söyüdlü kəndində yaşamadığından və qeydiyyatda olmadığından onun adına torpaq sahəsinin verilməsi mümkün deyildi. Mövcud olmayan AİK-nın qərarı əsasında da torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi də qanunsuzdur. Digər tərəfdən reyestr xidmətindən alınmış torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənədin verilmə tarixi, dövlət torpaq və kadastrı kitabında hansı tarixdə, hansı nömrə ilə uçota alınması qeyd olunmamaqla yanaşı həmin sənədin kim tərəfindən imzalanması və təsdiq olunması da yoxdur. Qeyd olunanlardan da göründüyü kimi, X4 adına DT və XK tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək X4 adına DT və XK-nin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş A 351344 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********15 nömrəli məktubunun surətindən görünür ki, araşdırma zamanı iddiaçının vərəsəsi olduğu X3 adına xx.xx.2007-ci il tarixdə istifadədə 0.25 ha torpaq sahəsi olmaqla 1 otaqlı 48 kv.m fərdi yaşayış evinə dövlət reyestrindən çıxarış və texniki pasportu verilmiş, həmçinin fərdi yaşayış evlərinin yerləşdiyi 2503.82 kv.m torpaq sahəsinə Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə X4 adına DT və XK-si tərəfindən “Torpaq sahəısinin planı və ölçüsü” sənədi verilmiş və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. - AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli, **********28 nömrəli arayışının surətindən görünür ki, Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən fərdi yaşayış evi X3 adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli xx.xx.2007ci il tarixli reyestrdən çıxarış verilmişdir, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha torpaq sahəsi Söyüdlü bələdiyyəsinin mülkiyyətindədir. - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1979-cu ildə Gədəbəy rayonu Söyüdlü kənd sovetində təsdiq edilmiş vəsiyyətnaməyə əsasən xx.xx.1981-ci ildə vəfat etmiş X3 əmlakı üzrə vəsiyyətnamədə göstərilən vərəsəsi İddiaçıdur. - Seriya MH ******* nömrəli xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu Söyüdlü kəndində istifadəsində olan 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli **********84 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı əsasında hazırlanmış vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda X4 adı aşkar edilməmiş, lakin həmin siyahıda İddiaçı adı qeyd edilmişdir, 2010-cu ilə aid düzəliş sənədlərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda X4 adı mövcuddur. - Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı əsasında hazırlanmış vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid xx.xx.2003-cü il tarixli cədvəldən görünür ki, 284-cü sırada İddiaçı adına 0.25 ha torpaq sahəsi qeyd olunmuşdur. - Surəti əlavə edilmiş DTvə XK-nin Yerquruluşu Layihə İnstitutunun mühəndisi, Söyüdlü bələdiyyəsinin sədri və Söyüdlü kənd İƏD üzrə nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2010-cu il tarixli aktın məzmunundan görünür ki, 284 xəritə nömrəsində qanuni həyətyanı 0.25 ha torpaq sahəsi səhvən başqa adamın adına qeyd olunduğu üçün düzəliş edilərək X4 adına sənədləşdirilməsi qeyd edilmişdir. - A 351344 nömrəli “Torpaq sahəısinin planı və ölçüsü” sənədindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 13 nömrəli qərarı ilə 2503.82 kv.m həyətyanı torpaq sahəsinin koordinatları X4 adına işlənmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. İş materialları ilə müəyyən olunur ki, Gədəbəy rayonu, Söyüdlü kəndi üzrə aparılan torpaq islahatı zamanı iddiaçının adı torpaq payı almaq hüququ olan subyektlərin siyahısına salınaraq 284-cü sırada qeyd olunmuş, lakin sonradan, yəni 2010-cu il tarixdə buna hüququ olmayan şəxslər (DTvə XK-nin Yerquruluşu Layihə İnstitutunun mühəndisi, Söyüdlü bələdiyyəsinin sədri və Söyüdlü kənd İƏD üzrə nümayəndəsi) tərəfindən iddiaçının adının siyahıdan çıxarılması və üçüncü şəxsin adının həmin nömrə altında siyahıya salınması barədə akt tərtib edilmiş və bunun əsasında X4 adına A 351344 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Halbuki Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə “X17 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə iclasında iş üzrə üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil izahatında qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi X4 adı torpaq payı almaq hüququ olan subyektin siyahısına salınaraq 284-cü sırada qeyd olunmuşdur. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, ilk olaraq həmin sırada, yəni 284-cü sırada Gədəbəy rayon Söyüdlü kəndi üzrə aparılan torpaq islahatı zamanı İddiaçı adı qeyd edilmiş, lakin sonradan, yəni 2010-cu ildə buna hüququ olmayan şəxslər tərəfindən iddiaçının adının siyahıdan çıxarılması və üçüncü şəxsin adının həmin nömrə altında siyahıya salınması barədə akt tərtib edilmiş və sonradan bunun əsasında hazırda məhkəmədə mübahisələnirilən X4 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Qeyd edilən hal məhkəmə araşdırması nəticəsində əldə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli, **********84 nömrəli məktubundan da müəyyən olunur. Belə ki, həmin məktubdan müəyyən olunur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı mövcuddur. Xidmətin və onun tabeliyində olan “xxxx” MMC-nin arxivlərində Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı əsasında hazırlanmış vətəndaşların xüusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda X6 adı aşkar edilməmiş, lakin həmin siyahıının 284-cü sırasında İddiaçı adı qeyd edilmilşdir. 2010-cu ilə aid düzəliş sənədlərində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid siyahıda X4 adı mövcuddur. Göründüyü kimi, DT və XK-nin Yerquruluşu Layihə institunun mühəndisi, Söyüdlü bələdiyyəsinin sədri və Söyüdlü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 226 nömrəli fərmanı ilə ləğv edilmiş, “X17 Komissiyasının” səlahiyyətlərini qanunsuz mənimsəmişlər və akt tərtib edərək qanunsuz olaraq 284-cü sırada qeyd edilmiş İddiaçı adını subyektlər siyahısından çıxararaq X4 adını qeyd etmişlər. X1 öz adına müvafiq sənədlər alaraq iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı isə hüquqlarının pozulması barədə yalnız inzibati orqana müraciət edən zaman məlumatı olmuş və nəticədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 16.1-ci maddəsində qeyd olunmuşdur ki, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. - 16.2-ci maddəsində qeyd olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı verlmiş iddia əsaslıdır, X4 adına DT və XK-nin Gədəbəy rayon şöbəsi tərəfindən verilmiş A 351344 nömrəli torpaq sahəsinin plan və ölçü sənəxdinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında iddia tələbi təmin edilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gədəbəy rayonu Söyüdlü kəndində yerləşən 2503.82 kv.m həyətyanı torpaq sahəsinə dair X4 adına verilmiş A 351344 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-260/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-260/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver