Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-260/2022 02.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçının hüquqi varisi X3 nümayəndəsi (vəkili) X8 oğlunun, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilərin sosial sığorta və işsizlik haqqlarını hesablanması barədə 19.06.2020-ci il tarixli, **********0088800 nömrəli qərarın ləğv edilməsi dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11.11.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vergi borcunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona (VÖEN **********) 23.06.2020-ci il tarixinə dövlət büdcəsinə ümumilikdə 3286.89 manat o, cümlədən vergilər üzrə 3145.35 manat, faizlər üzrə 141.54 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ona ünvanlanmış məktubda göstərilir ki, Azərbaycan Respublikası Maliyyə monitorinqi xidmətindən alınmış məlumata əsasən onun tərəfindən 22466.75 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 13200.00 USD məbləğində xarici valyuta əldə edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş qərarla razılaşmayaraq hesab edir ki, onun 22466.75 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 13200 ABŞ dolları məbləğində xarici valyuta əldə etməsinə görə vergi ödəməməlidir, yəni onun dövlətdən aldığı pensiya pulu hesabına qənaət edib topladığı Azərbaycan manatını banka müraciət edib xarici valyuta olan ABŞ dolları ilə mübadilə olunmasını xahiş etmiş və onun müraciəti təmin olunmuş və o bundan hər hansı gəlir əldə etməmişdir. Belə ki, mövcud valyuta məzənnəsinə görə Azərbaycan manatının xarici valyuta ilə mübadiləsi zamanı dövlət tərəfindən müəyyən edilmiş haqq ödənir və onun bankda mübadilə etdiyi pullar dövlətdən aldığı pensiya pullarıdır. O, uzun illər daxili işlər orqanlarında xidmət etmiş, hal-hazırda təqaüdçüdür və «Kapital Bank»ın Gəncə filialında pensiya hesabına topladığı 22466.77 manat pulu səhhəti ilə bağlı Türkiyə Respublikasına müayinə və müalicəyə getmək üçün ehtiyac yarandığından valyuta mübadiləsi edərək, 12700 ABŞ dolları almışdır. Lakin dünyanı bürüyən «Covid-19» pandemiyası ilə əlaqədar karantin rejiminə keçildiyi üçün o, heç yana gedə bilməmiş, bankdan aldığı təqaüd cədvəlinə görə onun həmin vəsaitə sahib olması mümkün olmuşdur. Bu bank tərəfindən tərtib olunmuş cədvəldən də görünür. Bundan əlavə o, həm də müharibə veteranıdır və 70 yaşı var. Ona cavabdeh tərəfindən bildirişlə müraciət edilmişdir ki, Azərbaycan manatının valyuta ilə mübadiləsinə görə götürdüyü valyutanın faizini 12 saylı Vergilər Baş İdarəsində dövlət büdcəsinə ödəsin, lakin o, pandemiya ilə bağlı karantin rejiminə düşməsi ilə əlaqədar cavabdehin çağırışına gedə bilməmişdir. «Kapital Bank»ın Gəncə filialında mübadilə etdiyi pul onun pensiya puludur və o başqa yolla pul əldə etməmişdir. Cavabdeh tərəfindən qeyd olunan əməliyyata görə borcun hesablanmasını qanunsuz sayaraq bildirir ki, Azərbaycan manatı ilə olan əmanətin xarici valyuta ilə mübadilə olunması üçün ödəniş bank tərəfindən həyata keçirilməli idi. Həmçinin o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqaüdçüsü və müharibə veteranı olduğundan ona məxsus 009227 nömrəli vəsiqədə göstərilmişdir ki, vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Ona görə də cavabdeh onu həm maddi, həm də mənəvi cəhətdən ziyana salmışdır. Dəfələrlə ona tətbiq olunmuş verginin silinməsi üçün sənəd toplamağa vəsait, vergi orqanına, məhkəməyə gedib-gəlməyə vaxt sərf etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 73-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Əgər vətəndaş qənaət etdiyi əmanətini bankın özündə xarici valyutaya mübadilə etdirirsə və bundan ötrü vergi ödənişi dövlət büdcəsinə ödəmək öhdəliyi daşıyırsa, bu barədə əvvəlcədən xəbərdar edilməlidir, yaxud da ki, bankın özündə bu əməliyyat aparılan zaman dövlət büdcəsinə ödənilməli vergi tutulub bu barədə vətəndaşa məlumat verilməlidir. Ona görə də, vergi orqanının qərarını əsassız və qanunsuz hesab edərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı 01.12.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 19.06.2020-ci il tarixli, **********0088800 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 01.12.2020-ci il tarixli, 2-1(114)- 2150/2020 nömrəli qərardad ilə iddaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı 21.01.2021-ci il tarixdə öldüyü üçün Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 250/2021 nömrəli, 01.02.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilərin sosial sığorta və işsizlik sığortası haqlarını hesablanması barədə 19.06.2020-ci il tarixli **********0088800 nömrəli qərarının ləğv edilməsi və 06 noyabr 2020-ci il tarixli dövlət büdcəsinə ödənilmiş 3735.60 manat məbləğində pulun geri qaytarılması tələbinə dair 2-1(114)-250/2021 nömrəli iş üzrə icraat İddiaçı hüquq varis(lər)i müəyyən edilənədək dayandırılmışdır. X7 vərəsəliyi qəbul etdiyi üçün Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-250/2021 nömrəli, 16.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-250/2021 nömrəli, 10.08.2021-ci il tarixli qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi 19.06.2020-ci il tarixli **********088800 nömrəli qərarının ləğv edilməsi, İddiaçı tərəfindən 06 noyabr 2020-ci il tarixdə dövlət büdcəsinə ödənilmiş 3735.60 manat məbləğində pul vəsaiti iddiaçıya qaytarılması öhdəliyi cavabdeh orqan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmuşdur. Cavabdeh orqanın apellyasiya şikayəti əsasında 28.08.2021-ci il tarixdə iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2-1(104)-691/2021 nömrəli qərardadla Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-250/2021 nömrəli, 10.08.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergilərin sosial sığorta və işsizlik haqqlarını hesablanması barədə 19.06.2020-ci il tarixli, **********0088800 nömrəli qərarın ləğv edilməsi dair inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının hüququi varisi 14.12.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 19.06.2020-ci il tarixli, **********0088800 nömrəli qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 14.12.2021-ci il tarixli, 2-1(114)-2462/2021 nömrəli qərardad ilə iddaçının hüquqi varisinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının hüquqi varisi X3 nümayəndəsi (vəkili) X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisinin notariusu tərəfindən verilmiş 12.07.2021-ci il tarixli V-384/2021 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 10.01.2021-ci il tarixdə vəfat etmiş-İddiaçı vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı-X6r. - İş materiallarına əlavə edilmiş 26.10.2020-ci il tarixli **********754400 nömrəli müraciətin cavablandırılması barədə məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq 19.06.2020-ci il tarixdə **********088800 nömrəli Qərar ona göndərilmişdir. - İş materiallarına əlavə edilmiş 23.06.2020-ci il tarixli **********5 nömrəli vergi borcunun ödənilməsinə dair bildirişdən görünür ki, cavabdeh tərəfindən İddiaçı 3735.60 manat məbləğində vergi borcunun olması barədə bildiriş göndərilmşdir. - İş materiallarına əlavə edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» 19.06.2020-ci il tarixli **********088800 nömrəli qərardan görünür ki, İddiaçı 2019-cu ilin bəyannamə hesab dövrünə 3145.35 manat vergi borcu hesablanmışdır. - İş materiallarına əlavə edilmiş 06.11.2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Bankının hökumət ödəniş portalı vasitəsi ilə dövlət büdəcəsinə 3735.60 manat məbləğində ödəniş etmişdir. - İş materiallarına əlavə edilmiş 07.07.2020-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı 07.07.2017-07.07.2020-ci illər ərzində kart hesabına 29.583.73 manat mədaxil olunub. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 36-cı maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia qaldırmış, məhkəmədən 19.06.2020-ci il tarixli, **********0088800 qərarın qanunsuz hesab edilməsini tələb etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 22466.77 manat məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmış, tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 3145.35 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********088800 nömrəli, 19.06.2020-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 33-cü maddə Vergi ödəyicilərinin uçotu - 33.3. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır... - 33.5. Bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə 50. Operativ vergi nəzarəti - 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən “Fərqlənmə nişanı”nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; - Maddə 66. Qeyri-qanuni gəlir Qeyri-qanuni əldə edilən gəlir Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müsadirə edilmirsə, həmin gəlirin qeyriqanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları - 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; - 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; - 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; - 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; - 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; - 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. - 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; - 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; - 67.2.3. fəaliyyət göstərilən ərazi. - 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergiödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. - 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması - 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. - 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: - 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; - 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; - 83.2.3. vergi yoxlaması materiallarına; - 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 99. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir - 99.1. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. - 99.2. Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: - 99.2.1. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; - 99.2.2. sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; - 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; - 99.2.4. bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir. - 99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: - 99.3.1. faiz gəliri; - 99.3.2. dividend; - 99.3.3. əmlakın icarəyə verilməsindən gəlir; - 99.3.4. royalti; - 99.3.5. vergi ödəyicisinə bağışlanmış borcun məbləği, bu Məcəllənin 98.2.4 -cü maddəsində göstərilənlər istisna olmaqla; - 99.3.6. sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir; - 99.3.7. təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği, bu Məcəllənin 98.2.2ci maddəsində göstərilənlər istisna olmaqla; - 99.3.8. vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir təqdirdə) - əmək haqqından başqa; - 99.3.9. həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq; - 99.3.10. xüsusi notarius tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar; - 99.3.11. vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq; - 99.3.12. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından əldə edilən uduşlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçı gəlirin əldə edilməsi mənbələri barədə təsdiqedici sənədlər təqdim etməmiş, bu səbəbdən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı 22466,75 manat olan valyuta mübadiləsi əməliyyatı aparmış, banka milli valyuta təqdim edərək ABŞ dolları almışdır. Cavabdeh konvertasiya olunmuş vəsaitin vergiyə cəlb edilməli olduğunu bildirib iddiaçının belə gəlirini onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 3735,60 manat məbləğində vergi məsuliyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrindən, 33-cü maddəsində isə vergi ödəyicilərinin uçotundan bəhs olunur. Məhkəmə qeyd edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparan vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İddiaçı valyuta mübadiləsi əməliyyatı aparması zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. İddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Cavabdeh qərarında Vergi Məcəlləsinin 66 və 67-ci maddələrinə istinad edərək iddiaçının gəlirinin vergiyə cəlb edilməli olduğunu və əlaqəli məlumatlardan istifadə edilməklə ödənilməli olan verginin məbləğini hesabladığını bildirmişdir. Məhkəmə bu məqamla razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 66-cı maddəsi qeyri-qanuni gəlirin vergiyə cəlb edilmə qaydasını tənzimləyir. Vergi Məcəlləsinin 66-cı maddəsinə görə qeyri-qanuni əldə edilən gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndində “Valyuta sərvətləri” anlayışı verilmişdir ki, xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. İşdə olan sənədlərlə iddiaçının valyuta mübadiləsi əməliyyatı aparan zaman qeyriqanuni gəlir əldə etməsi sübuta yetməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edərək iddiaçıya hesabladığı verginin məbləği ilə bağlı əlaqəli məlumatlardan istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq edə bilməz. Bundan başqa məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqaüdçüsü kimi yüksək məbləğdə pensiya alır və Kapital Bank ASC-nin Gəncə filialı tərəfindən verilmiş 07.07.2017-07.07.2020-ci illərə dair ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı kart hesabına 29.583.73 manat pensiya ödənişi daxil olmuşdur. Qeyd edilən maddi hüquq normalarına görə, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən ilk olaraq onun inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə inzibati orqanının şəxsin hüququna müdaxiləsinin qanuni olubolmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi orqanı valyuta mübadiləsi ilə bağlı iddiaçıya qeyd olunan vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi, habelə vergi orqanında aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü və miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası və işin faktiki hallarından asılı olaraq digər zəruri olan məlumatlar araşdırılması və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməsi üçün 23.06.2020-ci il tarixli **********5 nömrəli dəvət məktubu göndərməsini, həmçinin 26.10.2020-ci il tarixli **********754400 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu ilə iddiaçıdan bəyənnamənin təqdim olunması və kameral vergi yoxlamasının başa çatdırılması üçün yazılı izahatı və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsini tələb etdiyini bildirmiş, lakin cavabdeh qeyd olunan məktubların poçt göndərişi ilə iddiaçının yaşadığı ünvana göndərilməsi və həmin məktubların iddiaçıya çatdırılması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bu hal onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən göndərilmiş məktub iddiaçıya təqdim olunmadığına görə onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim etməsi də mümkünsüz olmuş, buna baxmayaraq iddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, bir halda ki, iddiaçının tələb olunan sənədləri təqdim etmə imkanı ondan asılı olmayan səbəbdən mümkün olmamışdır, o halda vergi orqanı tərəfindən tələb olunan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilmədiyinə görə **********088800 nömrəli, 19.06.2020-ci il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Yəni inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində heç bir araşdırılma aparılmamış (inzibati icraatın aparılmasına dair hər hansı bir sənəd etiraza əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır), iddiaçıya sənədlərin təqdim edilməsi üçün real şərait yaradılmamış, əlaqəli məlumatlardan istifadə edilməklə iddiaçının barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. İddiaçı qeyd olunan şəkildə əldə etdiyi pul vəsaitini toplayaraq valyuta mübadiləsini həyata keçirmişdir. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçının vergiyə cəlb etməsi əsassız olmuşdur. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi 19.06.2020ci il tarixli **********088800 nömrəli qərarı qanunsuz hesab edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 68-70, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş «Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə» qəbul etdiyi 19.06.2020-ci il tarixli **********088800 nömrəli qərarı qanunsuz hesab edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar apelyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-260/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-260/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver