Məhkəmə qərarları › İş №2-1(114)-2601/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2601/2024

13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2601/2024 13.12.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı əlilliyin təyinat tarixinin dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı ona təyin edilmiş ikinci dərəcə əlillik təyinat tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci il tarixinə dəyişdirilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayibə nəticəsində xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. II. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabehin üzərinə on xx.xx.2021-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması və itirilmiş (ödənilməmiş) 08 ay pensiya məbləğinin hesablanıb ona ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə Qazax rayonunun Daşsalahlı kəndində anadan olmuşdur. xx.xx.1988-ci il tarixdən başlanan xroniki xəstəliyi ilə əlaqədar ona xx.xx.2007-ci il tarixdə ikinci dərəcəli əlillik təyin olunmuş və Qazax rayon Mərkəzi xəstəxanasında həmin tarixdən ikinci dərəcəli əlil kimi qeydiyyatda olmuşdur. Xəstəliyi ilə əlaqədar ona "ağır formada qarışıq astma", "bronxial astma", "xroniki respirator çatmamazlığı", "tənəffüs çatmamazlığı İİİ dərəcə", "qarışıq tipli kəskin ventilyasiya pozğunluğu", "generalizə olunmuş bronxobstruksiya", "emfizema", "ağciyər ürək çatmamazlığı", "tənəffüsün ləngiməsi kardiorespirator çatmamazlığı" diaqnozları qoyulmuşdur. Xəstəliklərinə görə göndərişlər əsasında xx.xx.2007-2022-ci illərdə Qazax Rayon Mərkəzi Xəstəxanasında, "Mərkəzi Klinika"da, "X5"də, "X2 Mərkəzi"ndə, "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərinin Bərpa Mərkəzi"ndə, "X1"ndə, "X4 Xəstəlikləri İnstitutu"nda, "Akademik C.M.Abdullayev adına X3 İnstitutu"nda, "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası"nda hər birində, 7,10, 20 gün olmaqla stasionar müalicələrdə olmuşdur. Eləcə də, həkimlər tərəfindən təyin olunmuş Seretid, Mentel, Konkor, Salbutamol, Ventolin, Diprospan, Eofilin, Sulfonamfokain, Deksametazon, Prednizanol və sair dərman vasitələri ilə ambulator müalicələr götürmüşdür və götürür. Hər il, sonuncu iki dəfə isə 5 il Tibbi Sosial Ekspert Komissiyasında müayinələrdən keçməklə İİ dərəcəli əlilliyi təsdiq olunmuşdur. Lakin, xx.xx.2021-ci il tarixdə növbəti müayinədə heç bir əsas olmadan əlillik dərəcəsi komissiya tərəfindən təyin olunmamış və əlillik pensiyası dayandırılmışdır. xx.xx.2021-ci ildən Tibbi Sosial Ekspert Komissiyasına müraciətlər etməyinə baxmayaraq müraciəti müsbət həll olunmamışdır. Belə ki, Qazax rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə (göndəriş № 0236003, AAKCP) xx.xx.2022-ci il tarixdə TSEK-də növbəti müayinədə olarkən TSEK-in imtinası ondan ibarət olmuşdur ki: "Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması - son bir ildə stasionar müalicə kursu yetərli deyil, stasionar şəraitdə ixtisaslaşmış əlavə müayinə və müalicə qərarı verilir". Bundan sonra, Qazax Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə (göndəriş № ******* AALZK) xx.xx.2022-ci il tarixdə TSEK-də müayinədə olarkən TSEK-in imtinası ondan ibarət olmuşdur ki: "Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslaşmış səhiyyə müəssisəsində ətraflı müayinə-müalicə olunması tövsiyə edilir". Lakin xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gedərək müraciət etdikdən və müayinə olunduqdan sonra ona həmin tarixdən əvvəlki diaqnozlarla yenidən eyni əlillik dərəcəsi, yəni ikinci dərəcəli əlillik təyin edilmişdir. Dayandırıldığı 25 noyabr 2021-ci il tarixdən təyin-bərpa xəstəliyi davamlı olmuş və indi də davam edir, həmin tarixdə əlilliyinin dayandırılması və təyin edilməməsi üçün heç bir əsas olmamışdır, xəstəlik diaqnozlarım olduğu kimi qalmışdır. Hesab edir ki, belə olan halda onun əlillik dərəcəsi əlilliyinin olunmalıdır. Odur ki, o, cavabdehin təqsiri səbəbindən 08 (səkkiz) ay əlillik pensiya məbləğindən də məhrum edilmiş, pensiya təminatı hüququ pozulub.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

5. Məhkəmənin hüquqi yardımından sonra xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin üzərinə ona təyin edilmiş ikinci dərəcə əlillik təyinat tarixinin xx.xx.2022-ci il tarixdən xx.xx.2021-ci il tarixinə dəyişdirilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. Prosessual məsələlər

6. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs kimi icraata cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir.

7. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

9. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixdə iddianın mümkün hesab edilməməsinə dair yazılı vəsatəti məhkəməyə daxil olmuşdur.

10. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia müddəti üzürsüz səbəbdən ötürüldüyü üçün, iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi:

11. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

12. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

15. İşin müəyyən edilmiş hallarına görə, İddiaçı xx.xx.2022-ci il tarixdən ümumi xəstəliklə əlaqədar müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir.

16. Hazırda iddiaçı həmin əlillik təyinat tarixini mübahisələndirərək, bu barədə xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır.

17. Bu halda iddiaçının tələbi ona əlillik təyin edilməsinə dair qərarın dəyişdirilməsi ilə bağlı olduğundan mübahisələndirmə haqqında iddia növünə aiddir və həmin növ iddianın mümkün sayılması üçün xüsusi mümkünlük şərti olan müddətə riayət edilibedilməməsi yoxlanılmalıdır.

18. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə görə: Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

19. «İnzibati icraat haqqında» Qanuna görə: Maddə 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

20. Göründüyü kimi, iddiaçının sözügedən qərarı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməməsi və müddəti ötürməsi işin mübahisə olunmayan halıdır.

21. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək, yuxarıda qeyd edilən məsələlər iddiaçının nəzərinə çatdrılmış və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermək hüququnun mövcudluğu bildirilmiş, lakin iddiaçı müddətin bərpasına dair ərizə verməmişdir.

22. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır.

23. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

24. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar