Məhkəmə qərarları › İş №2-1(114)-2603/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2603/2023

27.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2603/2023 27.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası “Avtoservis və Ticarət” İstehsalat Birliyinin “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinə və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı avtomobilə dəymiş zərərin yenidən real qiymətləndirilməsi, zərərə görə sığorta ödənişinin və gecikdirilmiş hər gün üçün dəbbə pulunun ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikası “Avtoservis və Ticarət” İstehsalat Birliyinin “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinə və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası “Avtoservis və Ticarət” İstehsalat Birliyinin “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinin “Mersedes Benz” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərəin yenidən qiymətləndirilməsi, digər cavabdeh "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən onun xeyrinə 9956 manat, yəni 5240 dəymiş zərərə görə sığorta ödənişinin, 4716 manat gecikdirilmiş hər gün üçün dəbbə pulunun iddiaçının xeyrinə ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini iş materialları ilə birgə araşdırıb, inzibati icraat və inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən qiymətləndirərək aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayyət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: -1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ətraf mühitin qorunması, vergi, inzibati və ya digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirilməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Həmçinin qeyd olunmalıdır ki, inzibati icraat inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətdir. Məhz qeyd edilən fəaliyyət sahəsində inzibati orqanlar inzibati prosessual qaydada inzibati məsuliyyət daşıyırlar. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən iddiaçıların qeyd etdiyi torpaq sahəsinin kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsi olması müəyyən edilsə belə, sözügedən “qanunsuz tikilinin” məhz cavabdeh bələdiyyə tərəfindən inşa edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. İddiaçıların sökülməsini tələb etdikləri tikili iddia ərizəsində qeyd edildiyi kimi fiziki şəxs tərəfindən inşa edildiyi halda isə onun sökülməsi inzibati məhkəmə icraatının predmeti sayıla bilməz. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır Bu halda iddiaçılara izah olunur ki, qeyd olunan fiziki şəxsə məxsus “qanunsuz tikilinin” sökülməsi ümumi məhkəmələrin səlahiyyətinə aid olduğundan, onlar hazırki tələblə cavabdeh qismində “qanunsuz tikilini” inşa etdiyini iddia etdikləri fiziki şəxsi qeyd etməklə ümumi məhkəməyə (rayon məhkəməsinə) müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən iddiaçı, cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Bununla bağlı qeyd edilir ki, inzibati akt qəbul etmək səlahiyyəti olmayan fiziki şəxsin inzibati məhkəmə icraatında cavabdeh qismində cəlb edilməsi nəzərdə tutulmamışdır. Odur ki, iddia ərizəsində tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan cavabdeh qismində, tələb üzrə hüquq və maraqlarına toxunulan subyektlər isə üçüncü şəxs qismində cəlb edilə bilərlər. Sonda məhkəmə onu da qeyd edir ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında hazırki məhkəmə tərəfindən baxılmalı olmadığından iddiaçıların dinlənilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıların dinlənilməsinin təmin edilməsi iddianın inzibati məhkəmə icraatında baxılması və iddianın mümkün sayılması ilə nəticələnməyərək lüzumsuz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdən də icraatda qənaət prinsipi və İPM-in 16.3-cü maddəsi rəhbər tutularaq iddiaçıların dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası “Avtoservis və Ticarət” İstehsalat Birliyinin “Avtomotoservis və ticarət” Gəncə müəssisəsinə və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı avtomobilə dəymiş zərərin yenidən real qiymətləndirilməsi, zərərə görə sığorta ödənişinin və gecikdirilmiş hər gün üçün dəbbə pulunun ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. İddiaçı hazırki iddia tələbi ilə mülki mübahisələri üzrə məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar