Məhkəmə qərarları › İş №2-1(114)-2608/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2608/2021

22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2608/2021 22.12.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı döyüş əməliyyatlarında iştirak etmə faktının müəyyən edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında, məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1989-cu ilin mart ayının 11dən 1991-ci ilin sentyabr ayının 20-nə kimi erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrində iştirak etdiyinə görə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 mart 1989-cu il tarixdən 20 sentyabr 1991-ci il tarixə kimi könüllü olaraq erməni millətçi dəstələrinə qarşı Goranboy rayonu ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində fəal iştirak etmişdir. Belə ki, rayonun Todan kəndinin müdafiəsində və Mənəş, Buzlaq, Başkənd kəndlərində yaşayan erməni hərbi birləşmələrinə, millətçi dəstələrinə qarşı polis və təhlükəsizlik xidməti əməkdaşları ilə birlikdə özünü müdafiə dəstələrinin tərkibində həmin kəndlərin erməni hərbi birləşmələrindən təmizlənməsində, eləcə də, rayonun kəndlərində yaşayan Azərbaycanlı əhalinin təhlükəsizliyinin təmin edilməsi əməliyyatlarında iştirak etmişdir. O və döyüş yoldaşları könüllü vuruşduqları üçün heç birinin hərbi biletində bu barədə qeyd yoxdur. Onunla birlikdə döyüşlərdə iştirak etmiş polis işçiləri və keçmiş döyüşçü veteranlar tərəfindən tərtib edilmiş, Cavabdeh Başçısının Todan kəndi üzrə nümayəndəsinin möhürü ilə təsdiqlənmiş 03.09.2019-cu il tarixli aktdan görünür ki, həqiqətən müdafiə dəstələrinin tərkibində torpaqların erməni silahlı birləşmələrindən təmizlənməsində iştirak etmişdir. Odur ki, məhkəmə qaydası ilə onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1989-cu ilin mart ayının 11-dən 1991-ci ilin sentyabr ayının 20-nə kimi erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarından özünü müdafiə dəstələrində iştirak etməyi faktı məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxıb qərar qəbul olunmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş materialları araşdırıb hesab edir ki, iddia düzgün cavabdehə qarşı verilmədiyi, düzgün iddia tələbi qoyulmadığı və oxşar tələblə ilkin olaraq inzibati orqana müraciət edilmədiyi üçün mümkün sayılmamalıdır. İlk növbədə məhkəmə hazırkı iddia ərizəsində Cavabdeh maraqlı şəxs kimi qeyd edilməsi ilə bağlı iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin Məcəllədə ərizəçi və maraqlı şəxs kimi prosessual status müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi, hazırkı iş üzrə tələbə cavab verməli olan orqan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olmalı olduğu halda, iddiaçı Cavabdehnə qarşı iddia qaldırmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının 14-cü bəndinə görə, Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, .... kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Lakin qeyd edilməlidir ki, hərbi xidmət dövründə döyüşlərdə yaralanma, müalicədə olma və s. barədə hərbi hissələr, hərbi komissarlıqlar, hospitallar tərəfindən verilmiş arayışların, bildirişlərin və digər sənədlərin şəxsə məxsus olması faktı məhkəmələr tərəfindən xüsusi icraat qaydasında müəyyən oluna bilər. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağını müharibə veteranı adının və vəsiqəsinin verilməsi təşkil edir. Ona görə də, məhkəmə nəzərə alır ki, belə olduğu halda qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Bu cür iddianın xüsusi mümkünlük şərti isə ilkin olaraq həmin tələblə bağlı müvafiq inzibati orqana müraciət edilməsidir. Hazırkı işdə isə, iddiaçının ilkin olaraq müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1989-cu ilin mart ayının 11-dən 1991-ci ilin sentyabr ayının 20-nə kimi erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrində iştirak etdiyinə görə qərar qəbul edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar