Məhkəmə qərarları › İş №2-1(114)-261/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-261/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-261/2021 23.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və üçüncü şəxs Gəncə şəhər Baş Polis İdarəsinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs Gəncə şəhər Baş Polis İdarəsi) istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə 04.11.2019-cu il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək xidmət dövrü ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının (xidmətdə olduğu sonuncu vəzifənin və xüsusi rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Polis İdarəsində polis zabiti kimi xidmət etmiş, göstərilən xidmət dövründə qanunvericilikdə nəzərdə tutulan əsas məzuniyyətdən istifadə etməmişdir. İddiaçı 08.05.2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərək, 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək xidmət dövrü ərzində istifadə etmədiyi əsas məzuniyyətə görə pul kompensasiyasının (xidmətdə olduğu sonuncu vəzifənin və xüsusi rütbənin bu gün mövcud olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin müraciətinə imtina cavabı verilmişdir. Bundan sonra eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etsə də, həmin orqan tərəfindən də imtina cavabı verilmişdir. Məhkəmənin 13.12.2019-cu il tarixli qərardadı ilə Gəncə şəhər Baş Polis İdarəsi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi X5 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 03.02.2020-ci il tarixli məktubunu almışdır, lakin həmin məktubda cəmi 113,40 manat məbləğ hesablanmışdır, məbləğ az hesablandığına görə idarəyə gedib pulu qəbul etməmişdir. Hhəmin məbləğ düzgün hesablanmamışdır və hazırda kompensasiyanın düzgün hesablanaraq ödənilməsini tələb edir. Cavabdehin və üçüncü şəxsin nümayəndəsi və vəkili X4 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya Gəncə şəhər Baş Polis İdarəsindən cavab verilmiş, lakin iddiaçı həmin məbləği qəbul etməmişdir, ona görə də iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -ИT-İ seriyalı, 17.02.1984-cü il tarixli ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Polis İdarəsində polis zabiti kimi xidmət etmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin iddiaçıya ünvanladığı 08.10.2019-cu il tarixli, 027-47699C-3219 nömrəli məktubda qeyd edilmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən daxil olmuş məktubda 1990-1997-ci illərdə məzuniyyətdən istifadə edib-etməməsini təsdiqləyən müvafiq sənədlərin olmadığı bildirilmiş, bu baxımdan ona pul kompensasiyasının ödənilməsi imkan xaricindədir. -Gəncə şəhər Baş Polis İdarəsinin iddiaçıya ünvanladığı 03.02.2020-ci il tarixli, 120- 2656-1220 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya istifadə edilməyən məzuniyyət illəri üçün pul kompensasiyası təxris olunduğu günə sonuncu vəzifə və rütbə maaşından hesablanmışdır, yəni (11.8 oklad+4.4 rütbə=16.2) * 7 il=113.40 manat ödəniləcəkdir, həmin vəsaitin ödənilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsində müraciət etməsi, yaxud ona məxsus bank hesabı barədə məlumat verilməsi xahiş olunmuşdur. -Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2021-ci il tarixli, 9/6333 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarında ekspertiza qarşısında qoyulmuş suala cavab verilməsi üçün zəruri olan sənədlərin mövcud olmaması səbəbindən İddiaçı 15.09.1990-cı il tarixdən 10.01.1997-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Polis İdarəsində xidmət etdiyi dövrdə istifadə etmədiyi məzuniyyətə görə hesablanmalı olan kompensasiya məbləğinin nə qədər təşkil etməli olduğunu hazırki tədqiqatla iş materiallarında olan mövcud sənədlər əsasında müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı ümumi qaydada istifadə etmədiyi məzuniyyət haqqını tələb edir. Cavabdeh isə ödənilməli olan məbləğin 113.40 manat həcmində olduğunu bildirməklə həmin məbləğin iddiaçıya ödənilməsindən imtina etmir. Eyni zamanda ekspert də mövcud sənədlər əsasında ödənilməli məbləği müəyyən edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli hesab etdiyi pul məbləğinin həcmini konkret göstərmədiyindən, eyni zamanda cavabdeh müəyyən məbləğ hesablayaraq iddiaçıya təklif etdiyindən, habelə məhkəmə qaydasında fərqli məbləğ müəyyən edilə bilmədiyindən iddiaçının hüquqlarının pozulması halı mövcud deyil və iddiaçı bunu sübut edən dəlillər təqdim edə bilməmişdir. Belə ki, inzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Bundan əlavə, məhkəmə hesab edir ki, 05.10.2021-ci il tarixli, 9/6333 nömrəli ekspert rəyinin verilməsinə görə 30 (otuz) manat ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1 maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia mümkün sayılmasın. İddiaçı 30 (otuz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesabına ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar