Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-261/2022 24.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı dəbbə pulu məbləğlərinin silinməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə 29.04.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 26.10.2020-ci il tarixli, 1600-019/004-24/018268 nömrəli məktubunun qanunsuz və əsassız hesab edilməsi və cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış dəbbə pulu məbləğlərinin silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)1110/2021 nömrəli, 26.05.2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı təqdim etdiyi 51 sayda bəyənnamə üzrə hesablanmış dəbbə pulunun silinməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh üzərinə qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdeh apellysaiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin 28.10.2021-ci il tarixli, 2-1(104)- 568/2021 nömrəli qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin 2-1(114)1110/2021 nömrəli, 26.05.2021-ci il tarixli qərarı ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC özünün cari fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinə müxtəlif növdə mallar idxal etmiş və həmin malları Dövlət Gömrük Komitəsinin Cavabdeh Tovuz Gömrük postunda müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirmişdir. Cavabdeh 26.10.2020-ci il tarixdə iddiaçıya 1600-019/004-24/018268 nömrəli məktub ünvanlayaraq müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirdiyi mallara görə dəbbə pulu hesablandığını bildirmiş və hesablanmış dəbbə pulunun məbləğləri barədə məlumatı iddiaçıya təqdim etmişdir. Dəbbə pulunun hansı bəyənnamə üzrə hesablandığı qeyd olunsa da, müvafiq bəyənnamə üzrə hansı tarixdən və hansı qaydada hesablandığı göstərilməmişdir. Bundan başqa qeyd olunmuş dəbbə pulu məbləğləri səhv hesablanmaqla yanaşı real vəziyyəti əks etdirmir. 26.02.2021-ci il tarixdə cavabdehə müraciət edərək onun barəsində hesablanmış dəbbə pulu məbləğlərinin silinməsini xahiş etsə də, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın dəbbə pulu hesablanması barədə məktubu qanunsuz və əsassız hesab edilməli və müvafiq dəbbə pulu məbləğlərinin silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı 17.12.2021-ci tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq 51 saylı bəyənnaməsi üzrə hesablanmış dəbbə pulunun silinməsi vəsifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 18.01.2022-ci il tarixli, 2-1(114)-261/2022 nömrəli qərardad ilə iddaçıların iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 24.01.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Cavabdehin nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasına gəlmiş, iddiaçı şifahi məhkəmə baxışına gəlməmiş və məhkəməyə ərizə göndərərək, nümyəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, bir qayda olaraq mallar 4 ay saxlancda saxlanıldıqdan sonra dəbbə pulu hesablanır. İddiaçı 51 gömrük bəyannaməsi ilə mal gətirmiş və həmin mallar müvəqqəti saxlanca verilmiş, daha sonra isə Qərb Ərazi Gömrük İdarəsinin Tovuz gömrük postunun əməkdaşları tərəfindən hər gün üçün borca 0,1% dəbbə hesablanmışdır. Əvvəl təqdim edilmiş cədvəllərdə səhvən xidmət haqqı da daxil olmaqla cəmi məbləğə dəbbə pulu hesablanmış, sonuncu cədvəldə isə xidmət haqqı nəzərə alınmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 26.10.2020-ci il tarixli, 1600-019/004-24/018268 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı MMC tərəfindən Tovuz Gömrük postunda müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirilən yüklərin saxlanc müddəti bitdiyinə görə həmin yüklərin müvəqqəti saxlanc gömrük prosedurundan çıxarılıb sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsi tələb edilmiş və 26.10.2020-ci il tarixə qədər ödəniləcək gömrük ödənişləri və Gömrük Məcəlləsinin 247-ci maddəsinə əsasən gecikdirilmiş gömrük borcuna görə olan dəbbə pulları barədə məlumat təqdim edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı özünün cari fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası ərazisinə müxtəlif növdə mallar idxal etmiş və həmin malları Dövlət Gömrük Komitəsinin Cavabdeh Tovuz Gömrük postunda müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirmişdir. Cavabdeh 26.10.2020-ci il tarixdə iddiaçıya 1600-019/004-24/018268 nömrəli məktub ünvanlayaraq müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirdiyi mallara görə dəbbə pulu hesablandığını bildirmiş və hesablanmış dəbbə pulunun məbləğləri barədə məlumatı iddiaçıya təqdim etmişdir. İddiaçı tələbin əsası kimi hesablanmış dəbbə pulunun mənbəyinin və müddətinin qeyri-müəyyən olmasını göstərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələb haqlıdır və hesablanmış dəbbə pulu ilə bağlı təqdim edilmiş məlumatlar ziddiyətlidir. Belə ki, cavabdeh orqan məhkəməyə iddia verilənədək iddiaçıya dəbbə pulunun mənbəyi və hesablama qaydasını əks etdirən cədvəl şəklində məlumat təqdim etmişdir. Nümunə üçün 51 gömrük bəyannaməsindən bir neçəsi müqayisə edildikdə müəyyən edilmişdir ki, **********4944 nömrəli bəyannamə üzrə iddiaçıya təqdim edilmiş cədvəldə gömrük ödəməsi 21768 manat qeyd edilsə də məhkəməyə təqdim edilmiş cədvəldə 51097,5 manat qeyd edilmiş, dəbbə pulu da həmçinin ilkin cədvəldə 15634 manat göstərilsə də, məhkəməyə təqdim edilmiş bir cədvəl üzrə 18869,59 manat, digər cədvəldə isə 18650,59 manat qeyd edilmişdir. Həmin nömrəli bəyannamə üzrə məhkəməyə təqdim edilmiş 2 cədvəl arasında dəbbə pulunun hesablanma müddəti ilə bağlı da ziddiyyət mövcuddur. Belə ki, əvvəlki məhkəmə iclasında təqdim edilmiş cədvəldə saxlanca verilmiş yükə görə 378 günə dəbbə pulu hesablanması qeyd edilsə də sonuncu məhkəmə iclasında verilmiş cədvəldə 365 günə hesablandığı qeyd edilmişdir. Məhkəmə araşdırması nəticəsində cavabdehin qeyd edilən ziddiyyətlərin açıqlaması mümkün olmamışdır. Azərbaycan Respublikası Gömrük Məcəllənin:- 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 176.2-ci maddəsinə əsasən xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir. 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. 179.3-cü maddəsinə əsasən mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. 247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2-ci maddəsinə əsasən dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3-cü maddəsinə əsasən dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4-cü maddəsinə əsasən dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 247.5-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Qeyd olunur ki, 51 sayda bəyannamə üzrə yuxarıda qeyd edilmiş müqayisələr aparıldıqda hər 3 cədvəl arasında oxşar ziddiyyətlər olması, həmçinin dəbbə pulunun yekun məbləği hər 3 cədvəldə müvafiq olaraq 774.151 manat, 798692,12 və 795289,08 manat qeyd edilməklə hesablanmanın qeyri-dəqiq olması aşkar edilmişdir. Odur ki, məhkəmə təqdim edilmiş cədvəllərdə qeyd edilmiş 51 bəyannamə üzrə hesablanmiş dəbbə pulunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Gömrük Məcəlləsinin tələbləri baxımından, yəni saxlanca verilmiş mala görə dəbbə pulunun hesablanması imperativ olaraq təsbit edildiyindən cavabdeh tərəfindən dəqiq rəqəmlər və məlumatlar əsasında yenidən dəbbə pulu hesablamaq hüququ saxlanılır. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh tərəfindən iddiaçı barəsində hesablanmış dəbbə pulu məbləğlərini silinməsi öhdəliyi həmin inzibati orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı təqdim etdiyi 51 sayda bəyənnamə üzrə hesablanmış dəbbə pulunun silinməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh üzərinə qoyulsun. Bu qərar qeyd olunan bəyənnamələr üzrə yenidən dəbbə pulunun hesablanmasını istisna etmir. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-261/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-261/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver