Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-261/2023 07.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Xanlar bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixdə 6 saylı qərarla verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Xanlar bələdiyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarına əsasən fərdi yaşayış evi tikdirmək üçün Xanlar Bələdiyyəsi tərəfindən bələdiyyənin sahəsindən 3 nəfər şəxsə o, cümlədən iddiaçıya 0.06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi üzrə sənədlər toplanaraq, qeydiyyata alınması üçün iddiaçı tərəfindən cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsinə müraciət edilmiş və arxiv sənədinin əsilləri o, cümlədən dövlət rüsumu keçirilmiş, cavabdeh tərəfindən hüququnun qeydiyyata alınacağı bildirilsə də sonradan əsassız olaraq imtina edilmişdir. İddiaçının vəkili X8 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixli, 06 saylı bələdiyyə qərarı ilə Ərazi İdarəsinin arxiv məlumatları arasında uyğunzuluğun olduğu, belə ki, arxiv məlumatlarına əsasən eyni nömrəli qərar ilə digər şəxslərədə torpaq sahəsi satılmışdır. Həmçinin elektron baza məlumtlarına əsasən torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid əkin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən müraciətin icrası tərəfimizdən mümkün olmamış və vətəndaşa xx.xx.2022-ci il tarixli, **********22 nömrəli cavab məktubu ünvanlanmışdır. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Xanlar Bələdiyyəsi, DT və XK-nin Xanlar rayon şöbəsi və mülkiyyətçilərin iştirakı ilə tərtib edilmiş aktın surətindən görünür ki, yaradılmış komissiya yerində baxış keçirərək Xanlar bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb X5 0,12 hektar, X2 0,12 hektar və İddiaçı 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması məqsədə uyğun hesab edilmişdir. -surəti işə əlavə edilmiş DT və XK-nin Xanlar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli, 2 nömrəli rəyindən görünür ki, 3 nəfər vətəndaşa həyətyanı məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsi 0.30 ha olmaqla Xanlar Bələdiyyəsinin mülkiyyətinə aiddir, həmin torpaq sahəsi perspektiv inkişaf fond torpağı olmaqla həmin məqsəd üçün satılması qanunamüvafiqdir. -surəti işə əlavə edilmiş Xanlar Bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarından görünür ki, Xanlar bələdiyyəsinin perspektiv inkişaf fond torpaq sahəsindən cəmi 0,30 hektar ayrılıb X5 0,12 hektar, X2 0,12 hektar və İddiaçı 0,06 hektar olmaqla fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli, 891 nömrəli “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Xanlar Bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən satılmış 0.06 ha torpaq sahəsinə görə İddiaçı tərəfindən bələdiyyənin müvafiq bank hesabına 260 manat pul ödənilmişdir. -surəti işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən Xanlar Bələdiyyəsinin müvafiq bank hesabına torpaq satışı ilə bağlı 260 manat məbləğində pul köçürülmüşdür. -surəti işə əlavə edilmiş Xanlar Bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, Xanlar Bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi həmin planda qeyd olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubundan görünür ki, Göygöl şəhərində уеrləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-8488/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.06 ha təşkil edir. İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi, Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyəti, ehtiyyat fond torpaqları kateqoriyasına aid olan torpaq sahəsidir və üzərində heç bir tikili mövcud deyildir. İddiaçı faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Rəy hazırlanarkən, Aqrokombinat ərazisində aparılmış torpaq islahatına dair 2002-ci ildə tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinə istinad olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Xanlar Bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə perspektiv inkişaf fond torpağından fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi satılmış, torpaq üçün nəzərdə tutulmuş haqq sonuncu tərəfindən bələdiyənin büdcəsinə ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə iddiaçıya satılmış və torpağın dəyəri iddiaçı tərəfindən bələdiyyənin müvafiq hesabına ödənilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya verilmiş və sonuncu tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. Cavabdehin imtinasının əsası kimi bələdiyyənin eyni nömrəli qərarı ilə iddiaçı ilə yanaşı digər şəxslərə də torpaq sahəsinin satılması, həmçinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna aid əkin ərazisində yerləşməsi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bundan əlavə qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. -27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Yuxarıda istinad olunan normaların məzmunundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalıdır. Qeyd edilməlidir ki, bələdiyyələrin öz mülkiyyətində olan torpaq sahələrini eyni qərarla bir neçə şəxsə satması qanunsuz deyil və bu hal Əmlak Məsələləri Dövlət Xidmətinin mənafeyinə zidd hesab edilə bilməz və həmin əsasla torpaq sahəsinin qeydə alınmasından imtina da əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan 0.06 ha torpaq sahəsi, daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən qeydə alınmış, hər hansı üçüncü şəxsin mülkiyyət, istifadə və yaxud icarə hüququnu təsdiq edən Çıxarış sənədi ilə üst-üstə düşmə halı aşkarlanmamışdır. Göründüyü kimi, bələdiyyə eyni qərarı ilə bir neçə şəxsə torpaq sahəsi satsa da, satılan torpaq sahələri hər biri ayrı-ayrılıqda fiziki sərhədləri olan torpaq sahələridir və hazırda iddiaçının bələdiyyə qərarı ilə ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldırması tələbi həmin şəxslərin mülkiyyət hüququnu pozmur. Bundan əlavə, məhkəmə qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Xanlar Bələdiyyəsinin 16 yanvar 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-261/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-261/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver