Məhkəmə qərarları › İş №2-1(114)-2614/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2614/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2614/2024 25.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bərdə regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinə qarşı soyad və adın dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Doğum haqqında AZ-İV 076575 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1987-ci ildə anadan olmuşdur, atası X2, anası isə X1r. X3 ad və soyadı dəyişdirilərək "İddiaçı" kimi xx.xx.2018-ci il tarixində 08 nömrə ilə adın,ata adının, dəyişdirilməsi haqqında akt qeydləri kitabında qeyd edilmiş və bu barədə ona adın,ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ 039676 nömrəli şəhadətnamə verilmişdir. İddiaçı ad və soyadın növbəti dəfə dəyişdirilməsi barədə Bərdə regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş və həmin şöbənin xx.xx.2024-cü il tarixli imtina cavabı məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nm 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. xx.xx.2018-ci il tarxli 08 saylı adın, soyadın ata adının dəyişdirilməsi haqqında akt qeydi Bərdə regional ASAN ximət mərkəzində Qeydiyyat şöbəsi tərəfindən soyadı “Həsənov Elçin”-dən “İddiaçı“-a dəyişdirilildiyindən,növbəti dəfə ad, soyadın dəyişdirilməsindən imtina edilir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dəyişiklik aparılmaqla onun hazırkı İddiaçı soyad və adının dəyişdirilərək Həsənov Elçin soyadı və adı kimi qeydə alınmaqla müvafiq düzəlişin aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1987-ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, onun doğum şəhadətnaməsində müvafiq olaraq ilkin soyadı, adı və ata adı X3 olmuşdur. O, müəyyən səbəblərdən 2018-ci ildə müvafiq qeydiyyat şöbəsinə müraciət edilərək həmin soyad və adın dəyişdirilərək İddiaçı kimi qeydiyyata alınmasını xahiş etmiş, soyadı və adı dəyişdirilərək İddiaçı olmaqla şəxsiyyət vəsiqəsi verilmişdir. O, bu baxımdan, yəni soyadının və adının dəyişdirilməsi ilə əlaqədar hazırda ciddi çətinliklərlə üzləşmişdir. Həm təhsil sənədlərindəki ad və soyadlar, həm hərbi biletində olan adlar və soyadlar, həmçinin təhsilimlə bağlı və eyni zamanda övladlarının doğum haqqında şəhadətnamələrində qeyd edilmiş soyad və adı Həsənov Elçin kimi ilkin qeydə alındığından, hazırkı dəyişdirmiş olduğum İddiaçı soyadı və adı ona problemlər yaradır. O, müvafiq düzəlişin aparılması ilə cavabdeh orqana müraciətinə, sonuncu tərəfindən xx.xx.2024-cü il tarixində imtina cavabı verilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş materiallarına cavabdehin xx.xx.2024-cü il tarixli imtinası, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Doğum haqqında AZ-İV 076575 nömrəli şəhadətnamənin surəti, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ 039676 nömrəli şəhadətnamənin surəti və elektron sistemdən çıxarışlar əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir: 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Göründüyü kimi, yuxarıda qeyd edilən hallardan hər hansı biri bu işdə mövcud deyildir. Eyni zamanda iş materiallarında olan ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ 039676 nömrəli şəhadətnamənin surətindən görünür ki, iddiaçının adı və soyadı artıq bir dəfə Bərdə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən soyadı və adı “Həsənov Elçin”-dən “İddiaçı“-ə dəyişdirilmişdir. Ona görə də Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtinası əsaslı və qanuni olmuşdur. Sözügedən imtina həm qanunvericilikdə nəzərdə tutulmuş, həm də legitim məqsədə yönəlmişdir. İddiaçı tərəf isə tələbi ilə bağlı ağlabatan, tutarlı, inandırıcı səbəblər irəli sürməmiş, konkret hansı çətinliklərlə qarşılaşdığını və onları dəf edə bilmədiyini təsdiq edən heç bir sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Bərdə regional «ASAN xidmət» mərkəzində qeydiyyat şöbəsinə qarşı Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında dəyişiklik aparılmaqla onun hazırkı İddiaçı soyad və adının dəyişdirilərək Həsənov Elçin soyadı və adı kimi qeydə alınmaqla müvafiq düzəlişin aparılması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar