Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2614/2025 08.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə dövlət qulluğunda son 24 ayda aldığı orta aylıq əmək haqqının 49%-i həcmində (09 il dövlət qulluğunda iş stajına görə) dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən təyin olunaraq ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Yaşı tamam olan tarixdə proaktiv qaydada ümumi əsaslara ona yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin o, müxtəlif illərdə dövlət qulluğu hesab olunan vəzifələrdə işləmişdir. Son dövlət qulluğunda iş yeri Gəncə Şəhər İcra Hakimiyyətinin icra başçısı Aparatında məsləhətçi vəzifəsi olmuşdur. İddiaçının Dövlət qulluğunda xx.xx.2017-ci il tarixə qədər cəmi 09 il 06 ay 23 gün iş stajı var. Bu tarixədək qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq (əmək kitabçasına əsasən) dövlət qulluğunda iş stajı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək 4 il 12 gün, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 05 il 06 ay 11 gün (ümumi 09 il 06 ay 23 gün) təşkil etmişdir. İddiaçı hesab edir ki, xx.xx.2022-ci il tarixdən vəzifə maaşı 495,00 manat (yerli icra hakimiyyətində məsləhətçi), vəzifə maaşına əlavə 495,00x10%=49,50 manat, mükafat və müavinət 495,00x800% :24=165,00 manat, 3-cü dərəcəli dövlət qulluqçusu 55,00 manat cəmi 764,50x53%=405,18 manat, xx.xx.2023-cü il tarixdən 405,18x14,7%=464,74 manat, xx.xx.2024-cü il tarixdən 464,74x11,2%=516,79 manat şəklində xx.xx.2017-ci il tarixədək qüvvədə omuş qanunvericiliyin tələblərinə əsasən, təyin olunaraq ödənilməlidir. Bununla bağlı iddiaçının cavabdeh orqana bir neçə dəfə müraciəti olsa da müsbət cavab ala bilməmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində 09 il 6 ay 23 gün dövlət qulluğu stajının olduğunu və “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tətbiq edilməklə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 15 ildən az (9 il 6 ay 17 gün (xx.xx.1987-xx.xx.1991-ci il və xx.xx.2005-xx.xx.2011-ci il tarixləri arasındakı dövr)) təşkil edir. İddiaçı pensiya yaşına xx.xx.2022-ci il tarixdə çatdığından “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasının ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanların nəzərə alınaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuşdur. 29 may 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Çini qablar zavodunun partiya bürosunun katibi, xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında məsləhətçi vəzifəsində işləmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli “əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması barədə” arayışından görünür ki, İddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında məsləhətçi vəzifəsində xx.xx.2009-xx.xx.2011ci il tarixləri arasındakı işlədiyi dövr ərzində onun əməkhaqqının ümumi məbləği 7282,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı Gəncə Rayon Partiya Komitəsinin 14 avqust 1987-ci il tarixli, 40 saylı Büro iclasının qərarına əsasən, Çini qablar zavodunun partiya bürosunun katibi vəzifəsinə təsdiq edilmişdir və Azərbaycan Kommunist Partiyasının XXXİİİ fövqəladə qurultayının 14 sentyabr 1991-ci il tarixli qərarı ilə Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldığına görə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən, dövlət qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2024-cü il tarixli ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. xx.xx.2024-cü il tarixli müraciət vərəqəsindən görünür ki, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciətinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılacağı və müraciətinin cavabının ünvan 1 ünvanına göndəriləcəyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, “sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubdan görünür ki, onun dövlət qulluğu stajı 15 ildən az (9 il 6 ay 17 gün (xx.xx.1987-xx.xx.1991-ci və xx.xx.2005-xx.xx.2011-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona sabiq dövlət dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında (hazırda qüvvədə olan redaksiyada); 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında (1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyada); 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (hazırda qüvvədə olan redaksiyada). 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla (1 iyul 2017-ci ilədək qüvvədə olan redaksiyada); Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarı Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları).
Məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını nəzərdən keçirib, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçı tələbinin əsası kimi qeyd etmişdir ki, onun xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.2005-ci il tarixdən xx.xx.2011-ci il tarixədək dövlət qulluğu stajı 9 il 6 ay 17 gün təşkil edir. Hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1 və 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci ilədək qüvvədə olan mətninə əsasən 5 ildən çox stajı nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı qeyd olunan tələblə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, İddiaçı dövlət qulluğu stajı 15 ildən az, yəni 9 il 6 ay 17 gün təşkil edir. Bu səbəbdən ona sabiq dövlət dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçının dövlət qulluğu stajının 15 ildən az olması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, iddianın mahiyyəti üzrə baxılması üçün əvvəl həmin iddianın mümkünlük şərtləri yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia üzrə subyektiv hüququnun olmasıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı subyektiv hüquqa malik deyil. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1, 23.2, 23.3-cü maddələrinə görə, dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında, dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Hazırda qüvvədə olan qeyd olunan normaların mənasına görə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası almaq üçün minimum 15 il dövlət qulluğu stajı mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1 iyul 2017ci ilədək qüvvədə olan 20.11.1 və 20.11.2-ci maddələrinin redaksiyasına görə, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə-dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla pensiya yaşına xx.xx.2022-ci ildə çatmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan məzmununa uyğun olaraq iddiaçıya dövlət qulluqçusu kimi pensiyanın təyin olunması üçün onun azı 5 il stajının olması ilə yanaşı həm də 1 iyul 2017-ci il tarixədək qanunvericilikdə nəzərdə tutulan pensiya yaşına çatmalı idi. Başqa sözlə, iddiaçının pensiya hüququ xx.xx.2022-ci il tarixdə yarandığı üçün onun barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11-ci maddəsinin 1 iyul 2017-ci ilədək qüvvədə olan mətninin tətbiq edilməsi qanunauyğun hesab edilmir. İddiaçı pensiya hüququ xx.xx.2022-ci il tarixdə yarandığı üçün onun barəsində həmin vaxt qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Həmin vaxt və hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə isə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmaq üçün minimum 15 il dövlət qulluğu stajı mövcud olmalıdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı pensiya hüququ yarandığı zaman və hazırda qüvvədə olan qanunvericilik normalarında nəzərdə tutulan dövlət qulluqçusu kimi pensiyaya çıxmaq üçün minimum staj tələbi ödənilmədiyindən iddiaçının hazırkı iddia tələbi üzrə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən və bir çox başqa Qərarlarındakı hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva