Məhkəmə qərarları › İş №2-1(114)-2617/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2617/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2617/2023 08.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı əvvəlki dövr üçün birdəfəlik maddi yardımın ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı əvvəlki dövr üçün birdəfəlik maddi yardımın ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Ölüm haqqında xx.xx.1993-cü il tarixli İV-ЖГ № 379928 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.1993-cü il tarixdə kəskin ürək-damar çatışmazlığından vəfat etmişdir.

2. İddiaçıya xx.xx.2021-ci il tarixdən 1941-1945-ci illər X8 sonradan vəfat etmiş döyüşçüsünün dul arvadı kimi birdəfəlik yardım ödənilmişdir.

3. İddiaçı 2016-2020-ci illər dövr üçün birdəfəlik maddi yardımın ödənilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2022-ci il tarixli **********1 saylı imtina məktubu ilə ona bildirilmişdir ki, iddiaçıya 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş şəxslərin dul arvadlarına verilən birdəfəlik 750,00 manat maddi yardım 2021-2022-ci illər üçün ödənilmişdir. Böyük Vətən müharibəsi dul arvadları üçün nəzərdə tutulan birdəfəlik maddi yardım hər il müvafiq olaraq ayrılmış büdcə vəsaiti hesabına ödənildiyindən 2016-2020-ci illəri əhatə edən dövr üçün olan hissəsinin ödənilməsi mümkün deyildir. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona birdəfəlik maddi yardımın ödənilməsinin təyin edilməsini cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, XX.XX.1923-cü ildə anadan olmuşdur. Əri X1 Dünya müharibəsində iştirak etmiş və xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş şəxslərin dul arvadlarına verilən birdəfəlik 750 manat maddi yardım ona 2021 və 2022-ci illər üçün ödənilmişdir. Lakin 2016-2020-ci illərin birdəfəlik yardımı almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mürcaiət etmiş və həmin müraciətinin təmin edilməsindən imtina edilərək bildirilmişdir ki, 2016-2020-ci illəri əhatə edən dövr üçün olan hissəsinin ödənilməsi mümkün deyildir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır

12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

14. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

15. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin qəbul edilməklə 2016-2020-ci illər dövr üçün birdəfəlik maddi yardımın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

16. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onun X3nun İkinci Dünya müharibəsində iştirak etməsi barədə sənədi onlar gec əldə edərək, cavabdehə orqana təqdim etmişlər və təqdim etdiklər vaxtdan ona 2021 və 2022-ci illər üzrə maddi yardım ödənilmişdir. Lakin həmin maddi yardımın ödənilməsinə 2016-cı ildən başlanıldığına görə o, 2016-2020-ci illər üzrə də həmin yardımın ona ödənilməsini istəyir.

18. Cavabdehin nümayəndəsi X5 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz etdiyini bildirmiş və yazılı etirazda qeyd edilənlərə istinad edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

19. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı etiraz təqdim etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı 05 mart 2021-ci il tarixdə birdəfəlik yardımın alınması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun 18 saylı regional ərazi filialının Göygöl rayon qəbul şöbəsinə müraciət etmiş və ona 1941-1945-ci illər X8 sonradan vəfat etmiş döyüşçüsünün dul arvadı kimi birdəfəlik yardım ödənilmişdir. Lakin İddiaçı 2016-cı ildən 2020-ci ilə qədər olan dövr ərzində ödənilməmiş birdəfəlik yardımların ödənilməsini tələb etmişdir. Fondun Maliyyə mühasibatlıq üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla bildirilmişdir ki, Böyük Vətən müharibəsi dul arvadları üçün nəzərdə tutulan birdəfəlik maddi yardım hər il müvafiq olaraq ayrılmış büdcə vəsaiti hesabına ödənildiyindən 2016- 2020-ci illəri əhatə edən dövr üçün olan hissənin ödənilməsi mümkün deyildir. Bu baxımdan da Azərbaycan Respublikası Prezidentinin ötən dövrlər ərzindəki Fərman və Sərəncamları ilə 1941-1945-ci illər X8 iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadına verilmiş birdəfəlik maddi yardımların istifadə müddəti başa çatmışdır. Bu halda İddiaçı ötən müddətə birdəfəlik maddi yardımın verilməsinə qanunvericiliyin tələbləri imkan vermir. Belə ki, həmin şəxslər üçün ödəniləcək olan məbləğ əvvəlcədən müəyyən edilir və həmin müəyyən edilmiş məbləğ müvafiq ilin sonunda başa çatır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdehin müvafiq qərarı qanunauyğun olmuşdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Ölüm haqqında xx.xx.1993-cü il tarixli İV-ЖГ № 379928 nömrəli şəhadətnamə; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialınin xx.xx.2023-cü il tarixli **********1 nömrəli imtina məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

23. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı X3 1941-1945-ci illər X8 iştirakçısı olmuş (bu barədə müvafiq sənəd iş materiallarında olmasa da, 2021-2022-ci illər üzrə maddi yardımın iddiaçıya ödənilməsi bu faktı təsdiq edir və cavabdeh orqan həmin halı mübahisələndirməmişdir), bu barədə məlumat 2021-ci ildə cavabdehə təqdim edildikdən sonra “1941-1945-ci illər X8 iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ona birdəfəlik maddi yardım ödənilmişdir.

24. Hazırkı mübahisə isə həmin yardımın 2016-2020-ci illər üçün iddiaçıya ödənilməsinin mümkünlüyü ilə bağlıdır.

25. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. “1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin hər il üçün müvafiq sərəncamları ilə Böyük Vətən müharibəsi iştirakçılarına, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına birdəfəlik maddi yardımların edilməsi, sərəncamın icrası ilə əlaqədar Azərbaycan Respublikasının müvafiq illər üzrə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsaitlərin ayrılması qərara alınmışdır.

27. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 6.1. Dövlət büdcəsində, Naxçıvan Muxtar Respublikasının büdcəsində və yerli büdcələrdə nəzərdə tutulmayan xərclər, habelə dövlət və yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsinin, Azərbaycan Respublikası Prezidentinin, Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli büdcələrin məbləği müəyyən edilən ehtiyat fondları yaradıla bilər. Maddə 6.2. Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 5 faizindən artıq olmamaqla, əvvəlki ildə bu Fondun xərcinin faktiki icrası nəzərə alınmaqla müəyyən edilir. Maddə 6.3. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Maddə 6.7. Bu Qanunun 6.2-ci və 6.3-cü maddələrində nəzərdə tutulan ehtiyat fondlarının vəsaitlərinin istifadə müddəti, müvafiq büdcə ilinin sonunda başa çatır.

28. “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamının 2.1-ci maddəsində həmin məbləğin Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılması öz əksini tapır.

29. Göründüyü kimi, 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ödənilir və ehtiyat fondunun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. Bu halda, İddiaçı ötən müddətə birdəfəlik maddi yardımın verilməsinə qanunvericiliyin tələbləri imkan vermir. Belə ki, həmin şəxslər üçün ödəniləcək olan məbləğ əvvəlcədən müəyyən edilir və həmin müəyyən edilmiş məbləğ müvafiq ilin sonunda başa çatır.

30. Məhkəmə qeyd edir ki, İddiaçı X3nun X8 iştirakçısı olması barədə məlumatı 2021-ci ildə cavabdehə təqdim etdiyindən həmin dövrdən başlayaraq ona Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrası ilə bağlı birdəfəlik maddi yardım ödənilmişdir. Qeyd olan sərəncamlara uyğun olaraq birdəfəlik maddi yardımlar hər il üçün müvafiq olaraq ayrılmış büdcə vəsaiti hesabına ödənildiyindən iddiaçının 2021-ci ildən əvvəlki dövrlər üzrə birdəfəlik maddi yardım ödənilməsinə dair müraciətinə cavabdeh inzibati orqan tərəfindən imtinası qanuni və əsaslı olmuşdur. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir.

31. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

33. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar