Məhkəmə qərarları › İş №2-1(114)-2618/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2618/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2618/2023 20.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (anası) X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır.

2. xx.xx.2006-cı il tarixli 220324 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı torpaq sahəsi almaq üçün 150 manat pul ödəmiş və xx.xx.2006-cı il tarixdə Düz Cırdaxan bələdiyyəsinin sədri V.M.Qəhrəmanov ilə İddiaçı arasında torpağın alğı-satqısına dair akt bağlanmışdır.

3. xx.xx.2006-cı il tarixli şəhadətnamə aktı ilə 0,12 ha torpaq sahəsi ölçülüb İddiaçı təhvil verilmişdir.

4. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, 0,12 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi və həmin sənəd barədə məlumatlar elektron bazada, elektron siyahıda, eləcə də Ərazi İdarəsinin arxivində öz əksini tapmamışdır. Bu səbəbdən sənədlərin həqiqiliyinə şübhə yaranmışdır. Eyni zamanda təqdim etdiyi sənədlərin arasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən Tovuz Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin memar rəyi aşkar edilməmişdir. Bundan başqa, torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi və hüquqların qeydiyyatı üçün vacib olan bələdiyyə tərəfindən təsdiq edilmiş torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları təqdim edilmədiyindən torpaq sahəsinin yerini müəyyənləşdirmək və elektron baza məlumatlarına əsasən hər hansı araşdırma aparılması mümkün olmamışdır.

5. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 124 nömrəli arayışında Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan protokollarının Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir.

6. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 3489/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İdarədə elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv olunmuş DT və XK tərəfindən təqdim edilmiş kadastr və elektron baza məlumatlarına əsasən sorğuda qeyd edilən Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılıb fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı satılması barədə Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir.

7. Məhkəmənin sorğusuna X2 xx.xx.2023-cü il tarixli 3-16-9/2-30465-3-144/2023 nömrəli cvab məktubunda bildirilmişdir ki, Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı və həmin qərarın verilməsi üçün əsas olmuş sənədlər X3 qeydiyyata alınmamışdır. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarına əsasən ona Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisindən satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarına əsasən ona Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisindən 0,12 ha həyətyanı torpaq sahəsi satılmış və onun adına bələdiyyə tərəfindən müvafiq sənədlər tərtib edilmişdir. Hazırda həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət etmiş, əsassız səbəblər bəhanə gətirilərək, ona məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Qeyd edir ki, ona satılmış torpaq sahəsi hazırda ləğv edilmiş dövlət torpaq və xəritəçəkmə komitəsi tərəfindən təsdiq edilmiş, həmin orqan ləğv edildikdən sonra onun səlahiyyətləri hazırda cavabdeh təşkilat olan Əmlak Məsələləri Dövlət Xidmətinə verilmişdir. Dolayı yolla həmin sənədləri cavabdeh təşkilat öz möhürü ilə təsdiq etmişdir. Belə olan halda torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilməsini qanunsuz hərəkət kimi qiymətləndirmək olar.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın yerləşdiyi Tovuz şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2023-cü il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçını məhkəmə iclasında anası olan nümayəndəsi X4 təmsil etmiş, cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir.

20. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

21. İddiaçının nümayəndəsi (anası) X4 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Cavabdehin iddiaya dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı; - xx.xx.2006-cı il tarixli 220324 nömrəli kassa mədaxil orderi; - xx.xx.2006-cı il tarixli Torpağın alğı-satqısına dair akt; - xx.xx.2006-cı il tarixli şəhadətnamə aktı; - Torpaq sahəsinin yerləşdiyi yerin sxemi; - Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 124 nömrəli məktubu; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X2 xx.xx.2023-cü il tarixli 3-16-9/2- 30465-3-144/2023 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri punlik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-14-01xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-3489/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 3781/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-3781/2023 nömrəli məktubları.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. xx.xx.2006-cı il tarixli 220324 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı torpaq sahəsi almaq üçün 150 manat pul ödəmiş və xx.xx.2006-cı il tarixdə Düz Cırdaxan bələdiyyəsinin sədri V.M.Qəhrəmanov ilə İddiaçı arasında torpağın alğı-satqısına dair akt bağlanmış, həmin tarixli şəhadətnamə aktı ilə 0,12 ha torpaq sahəsi ölçülüb İddiaçı təhvil verilmişdir.

26. İddiaçı qeyd olunan sənədi təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş və cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla 0.12 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi barədə məlumatların elektron bazada, elektron siyahıda eləcə də Ərazi İdarəsinin arxivində öz əksini tapmadığını, təqdim etdiyi sənədlərin arasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən Tovuz Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin memar rəyinin aşkar edilmədiyini, həmçinin torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi və hüquqların qeydiyyatı üçün vacib olan bələdiyyə tərəfindən təsdiq edilmiş torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının təqdim edilmədiyini əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.

27. Məhkəmə aşağıdakılara əsasən cavabdeh orqanın imtinasını qanuni və əsaslı hesab edir.

28. Belə ki, ilk növbədə, iddiaçının şəxsiyyət vəsiqəsi ilə onun xx.xx.1989-cu il təvəllüdlü olması, yəni xx.xx.2006-cı il torpaq sahəsi ayrılan zaman 17 yaşında olması müəyyən edilir. Bu halda o, bələdiyyə ilə alğı-satqı aktı bağlanan anda mülki hüquq fəaliyyət qabiliyyətinə malik olmadığı (tam yetkinlik yaşına - 18 yaşına çatmadığı) üçün sözügedən əqdi öz qanuni nümayəndələrinin razılığı ilə bağlamalı olsa da, iş materialları ilə belə hal müəyyən edilmir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. 30.1. 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 345.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır.

30. Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, İddiaçı Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0,12 ha torpaq sahəsi Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə ayrılmasına baxmayaraq, həmin torpağın dəyəri iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixli 220324 nömrəli kassa mədaxil orderi əsasında, yəni qərar qəbul olunmazdan əvvəl ödənilmişdir.

31. Halbuki, qanunvericiliyin tələbinə əsasən hüquqi və fiziki şəxslər ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra müvafiq icra hakimiyyəti orqanı bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir və torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə bələdiyyəyə göndərir. Bundan sonra bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılır və torpağın dəyəri ödənilir.

32. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnaməyə görə: Bənd 11. Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər... Bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Bənd 20. Yerquruluşu işləri (planalma) və ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərin, digər hallarda bələdiyyənin vəsaiti hesabına aparılır. Bənd 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz...

33. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin sözügedən torpaq sahəsinin iddiaçının adına qeydə almaqdan imtinasının əsaslarından birini də 0,12 ha torpaq sahəsinə dair sənədlərin elektron bazada, elektron siyahıda, eləcə də Ərazi İdarəsinin arxivində öz əksini tapmaması, bu səbəbdən sənədlərin həqiqiliyinə şübhə yaranması halı təşkil etmişdir.

34. Bununla bağlı məhkəmənin sorğularına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21- 3-37/2-3489/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, İdarədə elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, ƏMDK tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv olunmuş DT və XK tərəfindən təqdim edilmiş kadastr və elektron baza məlumatlarına əsasən sorğuda qeyd edilən Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılıb fərdi yaşayış evinin tikintisi məqsədilə İddiaçı satılması barədə Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı 15 saylı Tovuz Ərazi İdarəsinin arxivində aşkar edilməmişdir. Həmçinin, X2 xx.xx.2023-cü il tarixli 3-16-9/2-30465-3-144/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı və həmin qərarın verilməsi üçün əsas olmuş sənədlər X3 qeydiyyata alınmamışdır. İddiaçının özünün təqdim etdiyi Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 124 nömrəli arayışında Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixə kimi olan protokollarının Tovuz rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd edilmişdir.

35. Göründüyü kimi, yuxarıda qeyd edilən halların məcmusu İddiaçı Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən 0,12 ha torpaq sahəsinin ayrılması barədə Tovuz rayonu Düz Cırdaxan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarının qanuniliyini şübhə altına almışdır.

36. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır.

37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır.

39. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

41. Məhkəmə hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

43. Beləliklə, iddia əsassız olduğundan təmin edilməməlidir.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar