Məhkəmə qərarları › İş №2-1(114)-262/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-262/2020

02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-262/2020 02.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 və vəkili X7 iştirakları ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinəqarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən əmlak kompleksi üzrə 2 mərtəbəli binasına dair ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi nəticəsində dəymiş zərərin əvəzi olaraq “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinə 2.000.000 (iki milyon) manat təzminat (kompensasiya) ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxx” ASC Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxx 1998-ci il tarixli, 721 saylı sərəncamı ilə Goranboy rayon 19 saylı X2 Bazasında təsis edilmişdir. Daha sonra Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən daşınmaz əmlaka dair çıxarış alınmışdır. Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən binanın dəyəri 916000 manat məbləğində olmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx xxx 1998-ci il tarixli, 721 saylı sərəncamı ilə “xxxxxxxxxxxxxxxxxxx” ATSC-nin təsis, cəmiyyətin nizamnaməsi və özəlləşdirmə planı təsdiq edilmiş, səhmdar cəmiyyətin səhmləri satış növləri üzrə əmək kollektivinə güzəştlə satılan səhmlər 15 faiz, çek auksionlarına yönələn səhmlər 55 faiz, pul auksionlarına yönələn səhmlər 30 faiz kimi bölüşdürülmüş, “xxxxxxxxxxxxxxxxxxx” ATSC-nin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilmişdir. Bundan sonra “xxxxxxxxxxxxxxxxxxx” ATSC Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx xxxx 1998-ci il tarixdə D-2726 saylı qeydiyyata alınmışdır. xx xxxx 2006-cı ildə “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülkiyyət formasının dəyişdirilməsi ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxx” ASC yenidən təşkil olunmuş və baş vermiş dəyişikliklərlə əlaqədar “xxxxxxxxxxxxxxxxxxx” xx xxxx 2006-cı il tarixdə 0306-Q3-588 sayla yenidən dövlət qeydiyyatına alınmış, bu barədə şəhadətnamə verilmişdir. Bu müddət ərzində “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin əmlakı eyni qaydada qeydə alınmışdır. “xxxxxxxxxxxxxxxxxxx” ATSC-nin bütün əmlakı onun özəlləşdirmə planına daxil edilmiş və paylara uyğun satılmışdır. Bu münasibətlərə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Auksion Mərkəzinə səhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə keçirilən pullu hərracda iştirak üçün xx xxxxxx 2003-cü ildə 4950 ədəd səhmini almaq üçün sifariş vermiş və həmin tarixdə də 24750000 manat ödəməklə almışdır. xx xxxxxx 2003-cü il tarixində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət X11 və özəlləşdirilməsi departamenti ilə bağlanmış alqı-satqı müqaviləsi ilə “xxxxxxxxxxxxxxxxxxx” ASC 30,07 faiz təşkil edən 4950 ədəd səhmini satın almışdır. xx xxxx 2006-cı ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyində aparılan “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin 16464 ədəd səhmindən 15961 ədədinin sahibi olmaqla cəmiyyətin 96,9448 faiz sahibi olmuşdur. Sonradan 503 ədəd səhmi digər mülkiyyətçi olan Vəfədar Ağayevdən satın alaraq “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin bütöv şəkildə mülkiyyətçisi olmuş, xx xxxxxx 2011-ci ildə bununla bağlı dövlət reyestrindən çıxarış almışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-464/2015 nömrəli qərarı ilə Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən əmlak kompleksinin 1972-ci ildə tikilmiş, 2 mərtəbəli idarə binasının B tikilisinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətləri qanunsuz hesab edilərək, həmin əmlak kompleksinə dair “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin adına verilmiş çıxarış və texniki pasport ləğv edilmişdir. İddiaçı tərəfindən tamamilə qanuni əsaslarla əldə edilmiş əmlakın özəlləşdirilməsinə əsas təşkil edən inzibati akt düz 4 il sonra Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qanunsuz hesab edilərək əlindən alınmış, nəticədə iddiaçıya külli miqdarda zərər dəymişdir. Bundan sonra iddiaçının nümayəndəsi X8 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən əmlak kompleksinə dair verilmiş çıxarış etibarsız hesab edildiyindən, inzibati orqanın hərəkəti nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 2.000.000 (iki milyon) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının vəkili X9 da məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 721 nömrəli sərəncamı ilə ləğv edilmiş “Aqrarsənayetikinti” Dövlət Konserninin Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən Goranboy rayon 19 saylı X2 bazasında “xxxxxxxxxxxxxxxxxxx” ATSC yaradılmış və həmin səhmdar cəmiyyətin səhmləri özəlləşdirilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin iddiası üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-464/2015 nömrəli qərarı ilə “xxxxxxxxxxxxxxxxxxx” ATSC-nin Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən əmlak kompleksi üzərində mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış və texniki pasport 2 mərtəbəli idarə binasına dair hissədə ləğv edilmiş və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. “Aqrarsənayetikinti” Dövlət Konserninin Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən Goranboy rayon 19 saylı X2 özəlləşdirilməsi ilə əlaqədar həmin müəssisənin rəisi X5 xx.xx.1998-ci il tarixli, 01 nömrəli əmri ilə özəlləşdirmə komissiyası yaradılmış və komissiyanın sədri müəssisənin rəisi P.Qasımov təyin edilmişdir. Həmin vaxt özəlləşdirmə Azərbaycan Respublikasının xx.xx.1995-ci il tarixli, 1120 nömrəli Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramı”na uyğun həyata keçirilmiş və qeyd edilən Proqramın 5-ci bəndinə əsasən dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi və onların özəlləşdirilməsinə hazırlıq məqsədilə hər müəssisədə özəlləşdirilmə komissiyası yaradılır və komissiya tərəfindən özəlləşdirmə planı hazırlanaraq Dövlət Əmlak Komitəsinə təqdim edilir. Bundan başqa, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(83)-464/2015 nömrəli qərarına əsasən işə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, Goranboy rayon 19 saylı X3 rəisi Pənah Qasımov həmin idarənin baş mühasibi T.Kazımov, Goranboy Rayon Məhkəməsinin hakimi İ.Həsənov tərəfindən xx.xx.2000-ci ildə tərtib edilərək imzalanmış akta əsasən Goranboy rayon 19 saylı TSMD-nin inzibati binası yardımçı tikililəri ilə birlikdə Goranboy Rayon Məhkəməsinin sərəncamına verilmişdir. Beləliklə, “xxxxxxxxxxxxxxxxxxx” ATSC-nin özəlləşdirilməsinə dair sənədlər “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramı”na uyğun olaraq Goranboy rayon 19 saylı X4 yaradılmış özəlləşdirmə komissiya tərəfindən tərtib edilmiş və həmin komissiya sədrliyi hazırda “xxxxxxxxxxxxxxxxxxx” ATSC-nin idarə heyətinin sədri vəzifəsini daşıyan P.Qasımov həyata keçirmişdir. Bundan başqa mübahisəli tikilinin təhvil-təslimində SMDnin rəisi də iştirak etmişdir ki, bu da həmin binanın Goranboy Rayon Məhkəməsinə verilməsindən “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin hazırki idarə heyətinin sədrinin 2000-ci ildə məlumatı olmasını təsdiq edir. “xxxxxxxxxxxxxxxxxxx” ATSC-nin emissiya prospektinə əsasən 1973-cü ildə inşa edilmiş inzibati binanın balans dəyəri 91602000 köhnə Azərbaycan manatı təşkil etmişdir. İddiaçı dəymiş zərər görə ******* manat kompensasiya tələb etsə də, zərərin miqdarının necə müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Göründüyü kimi iddiaçı Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən əmlak kompleksinə dair verilmiş çıxarış etibarsız hesab edildiyindən, inzibati orqanın hərəkəti nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 2.000.000 (iki milyon) manat kompensasiyanın ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2-1(83)-464/2015 nömrəli qərarının surətindən görünür ki, iddia təmin edilmiş, Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən əmlak kompleksinin 1972-ci ildə tikilmiş, 2 mərtəbəli idarə binasının “B” tikilisinin özəlləşdirilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, “xxxxxxxxxxxxxxxxxxx” X15 Cəmiyyətinin Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən əmlak kompleksi üzrə “B” tikilisinə aid hissədə daşınmaz əmlakın reyestrindəki mülkiyyət hüquqlarının, həmçinin “xxxxxxxxxxxxxxxxxxx” X15 Cəmiyyətinin adına verilmiş MA seriyalı ******* nömrəli daşınma əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun 1972-ci ildə tikilmiş, 2 mərtəbəli idarə binasına “B” tikilisinə dair hissəsində ləğv edilməsi qərara alınmışdır. -Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(104)-324/2015 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2-1(83)-464/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2-1(102)- 449/2016 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2-1(104)-324/2015 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırkı iddia tələbində iddiaçı Goranboy şəhəri, V.Bayramov küçəsi, 56 ünvanında yerləşən əmlak kompleksinə dair verilmiş çıxarış etibarsız hesab edildiyindən, inzibati orqanın hərəkəti nəticəsində ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq 2.000.000 (iki milyon) manat kompensasiyanın ödənilməsini xahiş etsə də, cavabdeh inzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin hazırki tələb üzrə hərəkəti nəticəsində iddiaçıya zərər vurulması iş materiallarında təsdiq olunmamışdır. Belə ki, 2-1(83)-464/2015 nömrəli inzibati iş üzrə məhkəmə qərarları ilə müəyyən edilir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx xxx 1998-ci il tarixli, 721 saylı sərəncamı ilə ləğv edilmiş “Aqrarsənayetikinti” Dövlət Konserinin tabeçiliyində olmuş Goranboy rayon 19 saylı X2 bazasında “Goranboy Tikinti- 19” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi, xx xxxxxx 1998-ci il tarixli məktubla Goranboy Rayon Məhkəməsinin binasının istifadə üçün yararsız vəziyyətə düşməsini nəzərə alaraq, 19 saylı TSMD-nin inzibati binasının, müəssisənin razılığı olduğu halda müstəsna hal kimi Goranboy Rayon Məhkəməsinin balansına verilməsinə etiraz etməmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1998-ci il tarixli, 54 m/h nömrəli əmri ilə Azərbaycan Respublikası Əmlak Komitəsinin həmin məktubuna əsasən “xxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin Goranboy rayonunda yerləşən 19 saylı X2 balansında olan, 1972-ci il tarixdə tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 400 kv.m olan balans dəyəri 916.000 manat olan bina Goranboy Rayon Məhkəməsinin balansına qəbul edilmiş, xx.xx.2000-ci il tarixli akta görə xx.xx.1998-ci il tarixdən Goranboy 19 saylı TTSMD-nin idarə binası Goranboy Rayon Məhkəməsinin sərəncamına verilmiş, 19 saylı TTSMD-nin rəisi P.A.Qasımovun, həmin idarənin baş mühasibi T.Kazımovun, Goranboy Rayon Məhkəməsinin hakimi İ.Həsənovun iştirakı ilə bu barədə müvafiq akt tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla ünvan 4 ünvanda yerləşən dövlət mülkiyyətində **********99-12301 reyestr nömrəli, 0,1726 ha torpaq sahəsi üzərindəki ümumi sahəsi 1656 kv.m-dən ibarət olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ üzrə “xxxxxxxxxxxxxxxxxxx” X15 Cəmiyyətinin adına rəsmiləşdirilərək, daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmış, cavabdeh tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamə ilə həmin ünvanda yerləşən 1758,4 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları “xxxxxxxxxxxxxxxxxxx” X15 Cəmiyyətinə məxsusdur, Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının həcmi 164.644.000 manat olmuş, xx.xx.2003-cü il tarixli “Səhmdar cəmiyyətinin səhmlərinin alqı-satqısı müqaviləsi” ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət X11 və Özəlləşdirilməsi Departamenti tərəfindən xx xxxxxx 2003-cü il tarixdə keçirilmiş hərracda “Goranboy Tikinti-19” səhmdar cəmiyyətinin nizamnamə kapitalının 30,07 %-ni təşkil edən 4950 ədəd adi səhm 247.500,00 manata X1, Goranboy Rayon Məhkəməsinin yerləşdiyi bina çıxarışda ümumi sahəsi 340 m2 , tikintialtı sahə 230,6 m2 olan 2 mərtəbəli, “B” liter qeyri-yaşayış binası, xx xxx 2006-cı il tarixli texniki pasportda isə “B” tikilisi kimi göstərilmişdir. Göründüyü kimi Goranboy rayon 19 saylı Səyyar Mexanikləşdirilmiş dəstə özəlləşdirilməmişdən əvvəl cavabdeh xx.xx.1998-ci il tarixli məktubla “xxxxxxxxxxxxxxxx” Dövlət Şirkətinin tabeçiliyində olan 19 saylı TSMD-nin inzibati binasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansına verilməsinə etiraz etməmiş, həmin məktub əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.1998-ci il tarixli əmri ilə bina balansa qəbul edilmiş, mübahisə predmeti olan obyektin Goranboy Rayon Məhkəməsinin sərəncamına verilməsi barədə xx xxxxxx 2000-ci il tarixdə akt tərtib edilərkən müəssisənin rəhbəri Pənah Qasımov, baş mühasib T.Kazımov iştirak edib buna heç bir etiraz etməmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Göründüyü kimi delikt öhdəliyi elə bir mülki hüquq münasibətidir ki, bu münasibətə görə ziyan (zərər) vuran şəxs mülki hüquq pozuntusu (delikt) nəticəsinə fiziki şəxsin şəxsiyyətinə və ya əlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş ziyanın əvəzini ödəməyə borclu olur. Delikt öhdəliyi qanundan əmələ gələn öhdəlikdir, yəni qanunun nəzərdə tutduğu birbaşa göstərişə görə meydana gəlməklə mütləq hüquqların (mülkiyyət, şərəf və ləyaqət, sağlamlıq və s) pozulması nəticəsində əmələ gəlir. Delikt məsuliyyətinin yaranması üçün zərərin olması əsas şərtlərdən biridir. Əgər zərər yoxdursa, deliktdən yəni hüquqi məsüliyyətdən söhbət gedə bilməz. Yəni o zərərin əvəzi ödənilir ki, həmin zərər şəxsin şəxsiyyətinə, əmlakına, işgüzar nüfuzuna vurulsun. Məhkəmə qeyd edir ki, göründüyü kimi hazırkı cavabdeh inzibati orqanın hərəkəti, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin balansına verilmiş binanın özəlləşdirilməsi məhkəmə aktları ilə qanunsuz hesab edilsə də həmin hərəkət nəticəsində iddiaçıya zərər vurulmamış, əksinə məhz inzibati orqanın qanunsuz hesab edilən hərəkəti nəticəsində iddiaçının adına əmlak özəlləşdirilmişdir. Digər tərəfdən özəlləşdirilən əmlak dövlət mülkiyyətində olmuş, öz səlahiyyətləri daxilində tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət mülkiyyətində olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxsə məxsus obyektin müəyyən olunmuş qaydada balansdan balansa verilməsinə razılıq və silinməsinə dair rəy vermək Dövlət Əmlak Komitəsinin vəzifələrindən biri olduğundan cavabdeh orqan özəlləşdirilən mübahisəli binanın Ədliyyə Nazirliyinin balansına verilməsinə razılıq vermiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi isə binanın balansa qəbul edilməsi barədə xx.xx.1998-ci ildə əmr qəbul etmiş, beləliklə bir dövlət orqanının balansında olan bina digər dövlət orqanının balansına verilməsi həyata keçirilmiş, bu keçirilmədən iddiaçının nümayəndəsi məlumatlı olmuş və etiraz etməmişdir. İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin özəlləşmə ilə bağlı sərf etdiyi məbləğə də birinci instansiya məhkəməsi tərəfindən aydınlıq gətirilmiş və Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2-1(83)-464/2015 nömrəli qərarında qeyd olunmuşdur ki, özəlləşdirmə qismən ləğv olunduğu halda, əmlakın özəlləşdirilməsi zamanı «B» tikilisinə aid hissədə səhmlərin nominal dəyərini təşkil edən və ödənilmiş pul vəsaitini “xxxxxxxxxxxxxxxxxxx” ASC-nin geri almaq hüququ vardır. Məhkəmə bununla bağlı qeyd edir ki, özəlləşdirilmə zamanı «B» tikilisinə aid hissədə səhmlərin nominal dəyəri və ödənilmiş pul vəsaitini “xxxxxxxxxxxxxxxxxxx” ASCnin geri almaq hüququ olduğundan iddiaçı məhz həmin pulun və bununla bağlı yaranan öhdəliklərin ödənilməsinə dair mülki mühakimə icraatı qaydasında məhkəmədə tələb irəli sürə bilər. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 nömrəli qərarında Plenum məhkəmələrə izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Fiziki şəxslərin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması ilə bağlı mənəvi zərərin ödənilməsini tənzimləyən qaydalar sahibkarlar barəsində belə məlumatların yayılması hallarına da şamil edilir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 70, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar