Məhkəmə qərarları › İş №2-1(114)-262/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-262/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-262/2022 11.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, prokurorluq orqanlarında 18 il 4 ay qulluq etdiyinə, ümümi əmək stajı 37 ilə yaxın olduğuna görə, xəstəliyə görə pensiyasının dayandırıldığı 30.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-cı ilin may ayında Şamxor rayonu Nizami Gəncəvi adına orta məktəbi bitirdikdən sonra 1976-cı ilin iyun ayında Şamxor rayonunun Morul kəndindəki “N.Nərimanov” adına kolxoza kolxozçu işinə qəbul olunmuş, 08 fevral 1977-ci il tarixdə işdən azad olunub, həmin tarixdə Şamxor rayon Məişət Xidməti Kombinatına dərzi köməkçisi işinə qəbul olunmuş, 01 avqust 1977-ci il tarixdə işdən öz xahişi ilə azad olunub, həmin tarixdən Şamxor rayonunun Morul kəndindəki “N.Nərimanov" adına kolxoza kolxozçu işinə yenidən işə qəbul olunmuşdur. 31 aprel 1978- ci ildə həqiqi hərbi xidmətə yollanmağıyla bağlı öz xahişi ilə işdən azad olunmuş,1978-ci ilin may ayından, 1980-ci ilin may ayına kimi SSRl-nin Primorye diyarında Oktyabr rayonunda N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuş, 01 iyun 1980-ci ildən, 17 iyul 1981 -ci il tarixə kimi Şamxor rayon Mühafizə bölməsində mühafizəçi işləmiş, 01 sentyabr 1981-ci il tarixdən, 26 yanvar 1988-ci il tarixə kimi Şamxor rayon “K.Setkin” adına kolxozda fəhlə işləmişdir. Bundan əlavə 1983-1990-cı illərdə BDU-nin “hüquq" fakültəsində oxuyub hüquqşünas ixtisasına yiyələnmiş, 27 yanvar 1988-ci il tarixdə Şamxor rayon xalq məhkəməsində məhkəmə iclas katibi vəzifəsinə təyin olunub, 02 mart 1992-ci ildə Şəmkir rayon Məhkəməsində məhkəmənin dəftərxana katibi vəzifələrinə dəyişilmiş, 23 sentyabr 1993-cü ildə isə işdən azad olunmuşdur. Bundan əlavə iddiaçı 23 sentyabr 1993-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarına işə qəbul olunmuşdur. Belə ki, 23 sentyabr 1993-cü ildən 28 oktyabr 1994-cü il tarixə kimi Xızı rayon prokurorluğunda köməkçi vəzifəsi üzrə stajor, 28 oktyabr 1994-cü ildə Xızı rayon prokurorunun köməkçisi təyin edilmiş, 24 noyabr 1994-cü ildə vəzifədən azad edilmiş, X1 prokurorun böyük köməkçisi vəsifəsinə təyin olunmuş, 11 noyabr 1999-cu ildə vəzifədən azad olunaraq Gəncə şəhər prokurorunun köməkçisi vəsifəsinə təyin olunmuş, 10 dekabr 2007-ci il tarixdə həmin vəzifədən azad olunub Ağstafa rayon prokurorunun köməkçisi vəsifəsinə təyin edilmiş, 28 sentyabr 2011-ci ildə vəzifədən azad olunub Ağstafa rayon prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunmuşdur. Prokurorluq orqanlarında işlədiyi son dövrlərdə səhətində yaranmış ciddi problemlərlə bağlı obyektiv səbəblərdən vəzifə borcunu layiqincə yerinə yetirə bilmədiyinə görə Gəncə şəhər Prokurorluğunda prokuror köməkçisi vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Baş Prokurorunun 25.01.2012-ci il tarixli əmri ilə “Prokurorluq haqqında” Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin, 7-ci bəndi, 34-cü maddəsinin 3 və 9-cu bəndələrini, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun 26.17-ci maddəsinə əsasən prokurorluq orqanlarından xaric edilmişdir. İşdən azad olunsa da, buna baxmayaraq 1-ci dərəcəli hüquqşünas rütbəsindədir. İddiaçı 2012-ci ilin iyun ayının 26-dan 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır, ümumi xəstəliklə 5 illik əlillik müddəti 30 iyun 2021-ci il tarixdə başa çatmış və onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdeh orqana müraciət edərək ümümi əmək stajı 37 ilə yaxın olduğuna, 18 il 4 ay prokurorluq orqanlarında qulluq etdiyinə, bundan başqa 5 ildən artıq məhkəmə orqanlarında işlədiyinə görə köhnə “Pensiya haqqında” və “Prokurorluqda qulluq keçmə haqqında” Qanunlara əsasən onun əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası ilə əvəz edilməsini xahiş etmiş, lakin cavabdeh orqan iddiaçının prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin yeddinci abzasına, 34-cü maddəsinin üçüncü və doqquzuncu abzaslarına, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən xitam verildiyinə görə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək bildirir ki, ona yaşa görə pensiya 2012-ci ilin yanvar ayının 25 işdən azad olunarkən və 2012-ci ilin iyun ayının 26-da İİ qrup əlillik təyin edilərkən, yəni 2012-ci ildə qüvvədə olan “Pensiya haqqında” Qanun və “Prokurorluqda qulluq keçmə haqqında” qanunun tələbləri tətbiq edilməlidir. Məhkəmənin 22.02.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2006-cı ilədək həmin dövrdə qüvvədə olan qanuna görə güzəştli şərtlərlə sosial sığorta hüququ qazanmış, ona görə də ona münasibətdə yeni qanunun 9.1-ci maddəsinə görə 2006-cı ilədək qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, yaşa görə prokrorluq orqanlarında qulluğuna xitam verilmiş 35 il və daha çox ümumi stajı olan, bu stajın 17 il 6 ayını prokrorluq orqanlarında qulluq etmiş prokrorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ümumi stajı 35 il olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçının yaşa görə pensiya hüququ 2019-cu ildə yaranmış, ona görə də 2017-ci ildək olan qanunvericilik ona şamil oluna bilməz. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, nəzərə alınmalıdır ki, qanunun əvvələr qüvvdə olmuş redaksiyasında hazırda olduğu kimi, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş şəxslərin 25 il ümumi iş stajının və onun daxilində 12 il 6 avının prokurorluq orqanlarında qulluqunun müəyyən edilməsi əsas şərtlərdəndir. Əvəllər qüvvədə olmuş qanun normasına münasibətdə də iddiaçı mövcud şərtləri qarşılamamışdır. Çünki iddiaçının prokurorluq orqanlarında fəaliyyətinə yaşa görə xitam verilməmiş əksinə onun xidmətinə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin 7-ci abzasının, 34-cü maddəsinin üçüncü və doqquzuncu abzaslarına və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.7-ci maddələrinin tələblərinə əsasən xitam yerimişdir. Bu maddələrdə prokurorluq orqanlarından xaric etmə intizam məsuliyyətinin növü kimi müəyyən edilmişdir. İddiaçı 01.07.2017-ci il tarixinə qədər prokurorluq orqanlarında 25 il qulluq stajına malik olmadığından yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri müddəasının tələbinə cavab vermədiyindən müəyyən edilmiş hüquqi vəziyyət ona aid edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 08.02.1977-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 08.02.1977-ci il tarixdən 23.09.1993-cü il tarixədək ayrıayrı müəssisələrdə, 23.09.1993-cü il tarixdən 25.01.2012-ci il tarixədək isə prokurorluq orqanlarında işləmişdir. -surəti işə əlavə edilmiş Г3 044849 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 04.05.1978-ci il tarixdən 25.04.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının 26.07.2021-ci il tarixlli **********0 nömrəli məktubundan görünür ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun prokurorluq orqanlarında qulluğu yaşa görə deyil, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin yeddinci abzasına, 34-cü maddəsinin üçüncü və doqquzuncu abzaslarına, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən xitam verildiyinə görə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı prokurorluq orqanının əməkdaşı kimi ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, İddiaçı prokurorluq orqanlarında qulluğu yaşa görə deyil, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 7-ci hissəsinin yeddinci abzasına, 34-cü maddəsinin üçüncü və doqquzuncu abzaslarına, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən xitam verildiyinə görə cavabdeh orqan tərəfindən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də ona pensiya təyin edilməsinin mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Qanununun 1.20-ci bəndinə görə 9.4.2-ci maddədə “ 25” rəqəmləri “ 35” rəqəmləri ilə, “12 il 6 ayını” sözləri “17 il 6 ayını” sözləri ilə əvəz edilmişdir. Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiyasında prokurorluq orqanlarında qulluq etmiş şəxslərin azı 25 il sığorta stajı olduqda və həmin sığorta stajının 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının sığorta stajını təsdiq edən sənədlərlə müəyyən olunur ki, o, 08.02.1977-ci il tarixdən 23.09.1993-cü il tarixədək ayrı-ayrı müəssisələrdə, 23.09.1993-cü il tarixdən 25.01.2012-ci il tarixədək isə prokurorluq orqanlarında işləmişdir. Göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən, prokurorluq orqanlarında işlədiyi müddət isə 12 il 6 aydan çoxdur. Həmçinin iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cı il təvəllüdlü olmaqla 13.03.2019-cu il tarixdə artıq tələb olunan yaş (60 yaş) həddində olmuşdur. Deməli iddiaçının 13.03.2019-cu il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi iddiaçı tələb olunan yaş həddində olmaqla, həmçinin tələb olunan 25 il ümumi iş stajına və 12 il 6 ay prokurorluq orqanlarındakı iş stajına da malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 17ci maddəsinin 9-cu bəndinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir və əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli, iddiaçıya 30.06.2021-ci il tarixdən axırıncı iş yerində aldığı istənilən beş ilin orta aylıq əmək haqının 80 faizi miqdarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 30.06.2021-ci il tarixdən axırıncı iş yerində aldığı istənilən beş ilin orta aylıq əmək haqının 80 faizi miqdarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar