Məhkəmə qərarları › İş №2-1(114)-2621/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2621/2023

29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2621/2023 29.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı X3 və onun vəkili X1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-2015-ci illər ərzində Samux rayonu Vergilər şöbəsində və 12 saylı Ərazi Vergilər Baş İdarəsində bölmə rəisi vəzifəsində çalışmışdır. 2015-ci ildə pensiya yaşının çatmasına bir neçə gün qalmış, iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirinə rəsmi müraciət edib bildirmişdir ki, xx.xx.2015ci ildə təqaüd yaşının çatması ilə əlaqədar mümkün sayılsa xidmət müddətinin uzadılmasını xahiş etmiş, ununla da təqaüd yaşının çatmasını qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Vergilər Nazirinin müvafiq əmri ilə xx.xx.2015-ci il tarixdən təqaüd yaşının çatması ilə əlaqədar vergi orqanlarında xidmətinə xitam verilmiş, lakin, iddiaçıya "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamədə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş altı aylıq vergi tutulmayan müavinatın hesablanması və verilməsi təmin edilməmişdir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı X6 və onun vəkili X2 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edərək "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsi nəzərə alınmaqla, həmin Qanunun 33.2-ci maddəsi ilə müəyyən edilmiş təminatin – aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin vergi orqanlarının vəzifəli şəxslərinə şamil olunubolunmamasının şərh edilməsini xahiş etmişdir. Qeyd olunan sorğunu icraatına qəbul etmiş Konstitusiya Məhkəməsinin Plenumu "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair" xx.xx.2018-ci il tarixli Qərar qəbul etmişdir. Həmin Qərarın nəticə hissəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vergi orqanlarının vəzifəli şəxslərinə də şamil edilir. Lakin Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan Qərarında əks olunmuş mövqeyinin hansı tarixdən yaranan münasibətlərə şamil edilməsi məsələsinin aydınlaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu edilmiş və həmin sorğuya cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2018-ci il tarixli Qərardadı qəbul edilərək nazirliyə göndərilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, "Dövlət quiluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair" 5 iyun 2018-ci il tarixli Qərar, həmin Qərarın qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə və qanuni qüvvəyə minmiş mübahisələrə şamil olunmur. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli əmrlə xitam verilərək xx.xx.2015-ci il tarixdən, yəni sözügedən Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarının qüvvəyə minməsindən əvvəl xitam verildiyindən və mübahisə predmetini təşkil edən münasibətlər sözügedən Plenum Qərarının qüvvəyə minməsindən əvvəl yarandığından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi iddiaçıya şamil edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli, **********421800 nömrəli məktubundan görünür ki, X5 ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı son iş yeri olaraq vergi orqanında əmək fəaliyyəti ilə məşğul olmuş və onun əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən xitam verilmişdir. İddiaçı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdığına görə ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dövlət qulluğu haqqında” Qanunun:- -2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. -33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanununun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarına əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarına dair qəbul edilmiş 2018-ci il 23 iyul tarixli qərardadına əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanunun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarı həmin Qərarın qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur. Konstitusiya Məhkəməsi haqqında Azərbaycan Respublikasının Qanununun:- -66.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. -67.0-cı maddəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarları aşağıda göstərilən vaxtlardan qüvvəyə minir: 67.0.2-ci maddəsinə əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarlar - dərc olunduğu gündən. Beləliklə müəyyən olunur ki, Konstitusiya Məhkəməsinin mövqeyinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi vergi orqanlarının vəzifəli şəxslərinə şamil edilməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin həmin Qanununun 2.3-cü maddəsinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 5 iyun tarixli Qərarın qüvvəyə minməsindən əvvəl yaranmış münasibətlərə şamil olunmur. Göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xx.xx.2015-ci il tarixli əmrlə xitam verilərək xx.xx.2015-ci il tarixdən, yəni sözügedən Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarının qüvvəyə minməsindən əvvəl xitam verildiyindən və mübahisə predmetini təşkil edən münasibətlər sözügedən Plenum Qərarının qüvvəyə minməsindən əvvəl yarandığından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsi iddiaçıya şamil edilmir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsindən imtina etməklə bağlı hərəkətləri qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar