Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2623/2022 12.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya yaşına çatdığına əsasən tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 (altı) misli məbləğində birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xeyli müddət çalışdığı Tovuz rayon Təhsil şöbəsinin məsləhətçisi vəzifəsindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli, K- 1522 nömrəli əmri ilə pensiya yaşına çatdığına görə onunla Tovuz RTŞ arasında bağlanılmış əmək müqaviləsinə 05 yanvar 2022-ci il tarixdə xitam verilmişdir. Buna baxmayaraq son-haqq hesabının ödənişi zamanı hesablanmış pensiyanın 6 aylıq misli miqdarında birdəfəlik haqq ona ödənilməmişdir. Belə ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 33.2-ci maddəsinə görə dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən ona ünvanlanmış məktubda onun belə hüququnun olmadığı göstərilsə də, bu doğru yanaşma deyildir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəməyə xx.xx.2022ci il tarixli, 18-18-85/12 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Tovuz rayon Təhsil şöbəsinin məsləhətçisi vəzifəsində işləmiş İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.12-ci maddəsinə (dövlət qulluğunda olmanın son yaş həddinə çatdıqda) əsasən xitam verilmişdir. İddiaçı pensiya yaşına çatmasına görə öz arzusu ilə işdən çıxmaqla bağlı ərizəni Nazirliyə təqdim etmədiyi üçün ona ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi mümkün olmamışdır. İşin şifahi məhkəmə baxışı iclası 12 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı qızı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021-ci il tarixli, K-1522 nömrəli əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə əsasən Tovuz rayon Təhsil şöbəsinin məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 yanvar 2022-ci il tarixdən xitam verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Qazax-Tovuz Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, 01 nömrəli məktubunun surətindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 1.12-ci bəndinə (dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda) əsasən xitam verildiyi üçün həmin Qanunun 33-cü maddəsinin 2-ci bəndinin iddiaçıya şamil edilmədiyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı pensiya yaşına çatdığına əsasən tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 (altı) misli məbləğində birdəfəlik ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh orqan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1.12-ci bəndinə (dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda) əsasən xitam verilməsi səbəbindən müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümümi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilir və məbləğdən vergi tutulmur. Maddənin məntindən göründüyü kimi, pensiyanın 6 misli məbləğində bridəfəlik haqqın verilməsi üçün iki şərt olmalıdır: 1). dövlət qulluqçusu müvafiq qanunvericiliyə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu) uyğun olaraq pensiya yaşına çatmalı və 2). öz arzusu ilə dövlət qulluğundan çıxmalıdır. Hazırki işdə isə iddiaçı öz arzusu ilə işdən çıxmamış, onunla bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 1.12-ci bəndinə (dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda) əsasən xitam verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2021ci il tarixli, K-1522 nömrəli əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.12-ci maddəsinə əsasən Tovuz rayon Təhsil şöbəsinin məsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 yanvar 2022-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi, iddiaçıya pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün şərtlər ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2623/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2623/2022
12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver