Məhkəmə qərarları › İş №2-1(114)-2624/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2624/2023

30.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2624/2023 30.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı əlilliyə görə əmək pensiyasının əvvəlki dövr üçün hesablanıb ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə ödənişi dayandırılmış əlilliyə görə əmək pensiyasının hər ay 259,7 manat məbləğində olmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xroniki ağciyər xəstəliyinin daşıyıcısı olmuş, xəstəliyinin müalicəsi ilə bağlı uzun illər müayinə və müalicədə olmuşdur. Ölkə daxilində və xaricdə müalicə alsa da xəstəliyin sağalması xroniki hala keçdiyindən müalicəsi mümkün olmamışdır. Odur ki, 2010-cu ildə TSEK-in rəyi üzrə ona İİ qrup əlillik dərəcəsi verilib və sosial pensiya təyin olunub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemi vasitəsilə, yəni xx.xx.2021-ci il tarixdən etibarən əlilliyə görə əmək pensiyanın ödənişi dayandırılıb, bu arada iddiaçı xəstəxana şəraitində olduğuna görə və yataqdan dura bilmədiyinə görə Nazirliyin təyin etdiyi müddətdə sənəd toplayıb elektron sistemə ötürmək iqtidarında olmamışdır. xx.xx.2021-ci il tarixdə Nazirliyin müvafiq strukturu tərəfindən İİ qrup əlillik dərəcəsi bərpa olunmuş və pensiya ödənişi 259,78 manat məbləğində hesablanmışdır. Cavabdehin əlillik dərəcəsi təyin etməsini gecikdirməsi səbəbindən dayandırılmış ödənişin bərpadan sonra qaytarılmasına 6 aydan artıq müddət ayrılmağına baxmayaraq, onun əlilliyinin yenidən bərpasınadək 8 ay 16 gün müddət keçmişdir. Ödənişi dayandırılmış vəsaitin bərpadan sonra iddiaçıya qaytarılması məqsədilə cavabdehə müraciət etmiş, lakin imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya "Əmək pensiyaları haqqında" Qanunun 12.1-ci maddəsinin xx.xx.2016-cı il tarixdə qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. X1 Sisteminin Əlillik altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz. İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixdə yenidən qazandığından həmin tarixdən etibarən ona əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin əlilliyin bitdiyi - xx.xx.2021-ci il tarixdən 6 ay ötürüldüyündən sözügedən qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-37979/23 nömrəli məktubundan görünür ki, ötürülmüş müddət üzrə İddiaçı pensiya ödənilməsindən imtina edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixli, 3- 17-4/2-13397/23 nömrəli məktubuna əlavə edilmiş tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə və xx.xx.2021-ci il tarixdə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. X1 Sisteminin Əlillik altsistemində olan məlumatlara əsasən iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdiyi üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmış, daha sonra əlilliyi xx.xx.2021-ci il tarixdə yenidən təyin edildiyindən ödənişə də həmin tarixdən başlanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üzrə ona ödənilməmiş pensiyanın ödənilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun:- - 1.0.1-ci maddəsinə əsasən əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin :- -1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın:- -1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. -1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5 ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixdən bərpa edilir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 8 aydan çox müddət keçdikdən sonra təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsi ilə bağlı iddiaçı tərəfindən müvafiq sənədlərin “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilməsi üçün tibb müəssisəsinə müraciət edilməmişdir. İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixdə yenidən qazandığından həmin tarixdən etibarən ona əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin əlilliyin bitdiyi - xx.xx.2021-ci il tarixdən 6 ay ötürüldüyündən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı əlilliyə görə əmək pensiyasının əvvəlki dövr üçün hesablanıb ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar