Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2626/2024 05.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, İddiaçı cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydindəki səhvlərin düzəldilməsi, doğum akt qeydində dəyişikliklər edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1967-ci il tarixdə Türkmənistan Respublikasının Balkan vilayəti, Qızılarbat şəhərində anadan olmuş, bu barədə Qızılarbat şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixli 491 nömrəli doğum akt qeydi tərtib edilmiş, atası türkmən milliyəti Körpayev Klıç, anası türkmən milliyəti Karpayeva Hesel olmuşdur. İddiaçı əvvəl Türkmənistan Respublikasının vətəndaşı olmuşdur. İddiaçıya vətəndaşlığı olmayan şəxs kimi xx.xx.2024-cü il tarixədək Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən xx.xx.2023-cü il tarixli himayə sənədi verilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 1i ünvanında qeydiyyata alınmışdır. İddiaçı Türkmənistan Respublikasının Qızılarbat şəhər VVAQ Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1967-ci il tarixdə 491 saylı aktla qeydə alınmış doğum haqqında akt qeydindəki səhvlərin düzəldilməsi (soyadının “Körpayev”, anasının soyadının isə “Körpayeva”), həmin düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və doğum haqqında yeni şəhadətnamənin ona verilməsi məqsədilə Türkmənistan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-156/2024 nömrəli məktubla iddiaçıya imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun şəxsiyyətini təsdiq edən sənəd yoxdur. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ondan şəxsiyyətini təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun Türkmənistan Respublikasının Balkan vilayətinin Qızılarbat şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə 491 nömrəli aktla qeydə alınmış doğum akt qeydindəki səhvərin düzəldilməsi (soyadının “Körpayev”, anasının soyadının isə “Körpayeva”), həmin düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və dəyişikliklər edildikdən sonra həmin dəyişikliklərə əsaslanan doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Türkmənistanın Balkan vilayətinin Qızılarbat şəhərində anadan olmuş, onun doğumu xx.xx.1967-ci il tarixdə Qızılarbat şəhər VVAQ Şöbəsi tərəfindən 491 nömrəli aktla qeydə alınmış və buna müvafiq olaraq o, doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X4 1939-cu ildə Türkmənistanda anadan olmuş, Türkmənistan Respublikasının vətəndaşı olmuş və 1994cü ildə Türkmənistanda vəfat etmişdir. X5 1928-ci ildə Türkmənistanda anadan olmuş, Türkmənistan SSR-nin vətəndaşı olmuş və Türkmənistanda vəfat etmişdir. O, 1999-cu ilə kimi Türkmənistanda Balkan vilayəti, Qızılarbat şəhəri, 3-cü küçə, ev 13, mənzil 5 ünvanında yaşamış və həmin ünvanda da yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 1974cü ildə Qızılarbat şəhər 26 saylı orta məktəbin birinci sinfinə getmişə, 1982-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1983-1985-ci illərdə Qızılarbat şəhər 4 saylı peşə məktəbində “vaqon təmiri” peşəsi üzrə təhsil almış, lakin təhsilini başa vura bilməmiş, 1985-ci ildə Qızılarbat şəhər Vaqon təmiri zavodunda işləməyə başlamış, 1986-cı ilə kimi (hərbi xidmətə gedənə qədər) həmin zavodda çalışmışdır. 1986-cı ildə Qızılarbat şəhər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, hərbi xidməti Rusiya Federasiyasının Rostov vilayətinin Rostov-na-Donu şəhərində keçmiş, 1988-ci ildə hərbi xidmətdən tərxis edilmişdir. Hərbi xidmətdən tərxis edildikdən sonra Türkmənistana qayıtmış və orada müxtəlif yerlərdə fəhlə kimi çalışmışdır. 1993-cü ildə Azərbaycan Respublikasının vətəndaşı X3 ilə ailə qurmuş, xx.xx.1995-ci il tarixdə onunla nikaha daxil olmuş və nikahları Türkmənistanın Balkan vilayətinin Qızılarbat şəhər VVAQ bürosu tərəfindən qeydiyyata alınmışdır. Həmin nikahdan onların iki uşağı doğulmuş. O, 1995-ci ilin mart ayından 1999-cu ilin oktyabr ayına qədər Qızılarbat rayonu, Pulnuvar kəndində kolxozda çoban işləmişdir. Qaynı vəfat etdiyi üçün 1999-cu ilin oktyabr ayında arvadı və uşaqları ilə birlikdə Azərbaycana gəlmiş, Azərbaycanda olduğu vaxt qaynanasının sağlamlıq vəziyyəti pisləşdiyi üçün Azərbaycanda qalmalı olmuş və ondan sonra Türkmənistana geri dönməmişlər. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşamışdır. O, Azərbaycana 1999-cu ildə Türkmənistan dövləti tərəfindən verilmiş pasportla gəlmişdir. Doğum haqqında şəhadətnaməsini isə özü ilə gətirməmişdir. Azərbaycanda yaşadığı vaxt 2012-ci ildə pasportunu naməlum şəraitdə itirmişdir. Həmin vaxtdan etibarən Azərbaycanda şəxsiyyətini təsdiq edən sənəd olmadan yaşayır. Artıq 24 ildir ki, o, Azərbaycan Respublikası ərazisində yaşasa da, qeydiyyatsız yaşadığı üçün Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli ******* nömrəli arayışından da görünür ki, o, Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Hal-hazırda onun şəxsiyyətini və hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Bu səbəbdən də o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. xx.xx.2018-ci il tarixdə o, Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, onun 1967-ci ildə Türkmənistanın Balkan əyalətinin Qızılarbat şəhər VVAQ Şöbəsi tərəfindən doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Türkmənistan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etmişdir. Həmin müraciətinə cavab olaraq, Bərdə rayon Qeydiyyat Şöbəsi xx.xx.2018-ci il tarixdə ona Türkmənistan Respublikasının Ədliyyə Nazirliyindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə daxil olmuş onun doğumu haqqında arayışı təqdim etmiş, doğum haqqında arayış ona təqdim olunanda doğumu barədə akt qeydində səhvlərin olduğunu — atasının soyadı “Körpayev” kimi qeyd edilsə də, onun soyadının “Korpayev”, anasının soyadının isə “Karpayeva” kimi qeyd edildiyini görmüşdür. Əslində isə atasının soyadı “Körpayev” olduğundan, atasının soyadına uyğun olaraq onun soyadı da “Körpayev”, anasının soyadı isə “Körpayeva" yazılmalı imiş. Türkmənistanın Ədliyyə Nazirliyi də onun doğumu haqqında arayışda qeyd etmişdir ki, doğum akt qeydinə düzəliş edilməsi üçün - yaşadığı rayonun qeydiyyat idarəsinə müraciət etməlidir. O, Bərdə rayonunun Nəcəfqulubəyli kəndində yaşayıram və Dövlət Miqrasiya Xidməti rəfindən də həmin ünvana olduğum yer üzrə qeydiyyata alınmışam. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək ondan şəxsiyyət vəsiqəsi tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğum yer üzrə qeydiyyata alınmağını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında Türkmənistan Respublikasının Balkan vilayətinin Qızılarbat şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə 491 nömrəli aktla qeydə alınmış doğumu haqqında akt qeydindəki səhvlərin düzəldilməsi (onun soyadının “Körpayev”, anasının soyadının “Körpayeva”), həmin düzəlişlər əsasında doğumu haqqında akt qeydinə dəyişikliklər edilməsi və dəyişiklər edildikdən sonra həmin dəyişikliklərə əsaslanan doğum haqqında yeni şəhadətnamənin ona verilməsi məqsədilə Türkmənistan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən ona imtina xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-156/2024 nömrəli məktub təqdim edilməklə şəxsiyyətini təsdiq edən sənəd olmadığından ərizəsinin təmin edilməsindən imtina edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 05 avqust 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı və iddiaçının vəkili məhkəmə iclasına gəlmiş, lakin cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq, məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermişdir. İş materiallarına Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-156/2024 nömrəli məktub, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Himayə sənədinin təsdiq edilmiş surəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-37/2- K-11499-18-07-723/2023 nömrəli və xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışların təsdiqlənmiş surətləri, xx.xx.2018-ci il tarixli, 1-01/7406 doğum haqqında arayışın surəti və İ-LK 309232 nömrəli “Nikahın bağlanması haqqında” Şəhadətnamənin tərcüməsinin təsdiq edilmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İş materiallarında olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçı 08 avqust 1967-ci il tarixdə Türkmənistan Respublikasının Balkan vilayəti, Qızılarbat şəhərində anadan olmuş, bu barədə xx.xx.1967-ci il tarixli 491 nömrəli doğum akt qeydi tərtib edilmiş, atası türkmən milliyəti Körpayev Klıç, anası türkmən milliyəti Karpayeva Hesel olmuşdur. Onun doğumu barəsində Balkan vilayəti, Qızılarbat şəhəri qeydiyyat şöbəsində xx.xx.1967-ci il tarixli 491 nömrəli doğum akt qeydi mövcuddur. 20 avqust 2018-ci il tarixdə cavabdehə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Türkmənistan Respublikasının müvafiq qurumlarından alınaraq ona verilməsini xahiş etmişdir, həmin müraciətə cavab olaraq doğum haqqında arayış ona təqdim edilmişdir. Doğum haqqında arayış təqdim olunan zaman doğumu barədə akt qeydində səhvlər olduğu görmüşdür. Həmin arayışda doğum akt qeydinə düzəliş etmək üçün yaşadığı rayonun qeydiyyat şöbəsinə müraciət etməlidir. Bu səbəndən də iddiaçı hesab edir ki, doğum haqqında akt qeydindəki səhvlər düzəldilməli, yeni düzəlişlər əsasında doğum haqqında yeni şəhadətnamə verilməlidir. İddiaçı hazırki tələblə əvvəl cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən şəxsiyyətini təsdiq edən sənədin olmaması əsas göstərilərək, müraciətin təmin edilməsindən imtina edilmişdir. İnzibati orqanın iddiaçının müraciətindən imtinasının əsası onun şəxsiyyətini təsdiq edən sənədin olmamasıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının şəxsiyyətinin “Himayə sənədi” əsasında müəyyən edilib-edilməməsi məsələsinə qiymət verməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericilikdə vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrı-seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli, ***-*******5 saylı himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq, ünvan 1i ünvanına qeydiyyata almışdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyətini təsdiq edən sənəd tələb olunmadan BMT QAK tərəfindən ona verilmiş Himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında Türkmənistan Respublikasının Balkan vilayətinin Qızılarbat şəhər VVAQ Şöbəsi tərəfindən xx.xx.1967-ci il tarixdə 491 nömrəli aktla qeydə alınmış doğum akt qeydindəki səhvərin düzəldilməsi – soyadının “Korpayev”, anasının soyadının “Korpayeva” kimi yazılmasının təmin edilməsi, həmin düzəlişlər əsasında doğum akt qeydinə dəyişikliklər edilməsi və dəyişikliklər edildən sonra həmin dəyişikliklərə əsaslanan doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi üçün Türkmənistan Respublikasının müvafiq qurumlarına müraciət edilməsi öhdəliyi cavabdeh Bərdə rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-2626/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2626/2024
05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver