Məhkəmə qərarları › İş №2-1(114)-263/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-263/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-263/2020 17.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə (bundan sonra Tovuz RİH) qarşı 2018-ci il üçün 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ayrılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Tovuz rayon İcra Hakimiyətinə qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 2018-ci il üçün 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqının Tovuz rayon İcra Hakimiyəti tərəfindən ayrılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-554/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(104)-321/2019 nömrəli qərardadı ilə şikayət qismən təmin olunmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(83)-554/2019 nömrəli qərardadı ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-2010-cu illərdə Azərbaycan Respublikasının müxtəlif rayonlarında hərbi xidmətdə zabit kimi qulluq etmişdir. Təxris olduqdan sonra Tovuz rayonuna qayıtmışdır. Həmin vaxtından şəxsi evi olmadığı üçün ailəsilə birlikdə Tovuz rayonu Aşağı Öysüzlü kəndində haqq ödəməklə kirayə yaşamışdır. Həmin vaxtandan da kirayədə yaşadığına görə ona kirayə haqqı ödənilmiş, lakin 2018-ci il üçün 800 manat kirayə haqqı ödənilməmişdir. Bununla bağlı Tovuz RİH-nə müraciət etmiş, lakin kirayə haqqının ödənilməsi təmin olunmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək 2018-ci il üçün 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqının Cavabdeh tərəfindən ayrılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Tovuz RİH nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Tovuz RİHB Aparatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, 2-5/107 nömrəli məktubundan görünür ki, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddıəsinin B bəndinə əsasən ehtiyata buraxıldığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı qərarının şamil edilmədiyi qeyd edilmişdir. - iddiaçıya məxsus xx.xx.2010-cu il tarixli, ZE seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1992-2010-cu illərdə hərbi xidmətdə zabit kimi qulluq etmişdir. Həmin hərbi biletin 9-cu səhifəsində AR MM-nin xx.xx.2010-cu il tarixli, 067 saylı əmrinin “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğuna görə) müvafiq olaraq hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 64 saylı əmrinə əsasən iddiaçının şəxsi heyətin siyahısından çıxarıldığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin iş materialları müəyyən edilmişdir ki, İddiaçı 2018-ci il üçün 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqının ayrılması ilə bağlı cavabdeh Tovuz RİH-nə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina ilə bağlı hərəkətlərini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 nömrəli qərarına əsasən yaşa, xətəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğlərdə kompensasiya ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericiliklə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alan kimi isə kirayə haqqı ilə təmin edilirlər). Göründüyü kimi, bu maddədə də konkret olaraq hansı səbəbdən ehtiyata və ya istefaya buraxılan şəxslərin kateqoriyası müəyyən edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Nazirlər Kabineti isə bu qaydanı yuxarıda göstərilən xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarında müəyyən etmişdir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün ona kirayə haqqının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Tovuz RİH-nin hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı 2018-ci il üçün 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ayrılması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı 2018-ci il üçün 800 (səkkiz yüz) manat məbləğində kirayə haqqının cavabdeh tərəfindən ayrılması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar