Məhkəmə qərarları › İş №2-1(114)-263/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-263/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-263/2024 27.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri, Qasım bəy Zakir küçəsində yerləşən 567.0 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 106.40 kvm olan ev 1 mənzil 28 xüsusi mülkiyyət olaraq rəsmi şəkildə qeydə alınmışdır. Həmin mənzilə dair xx.xx.2019-cu il tarixdə qeydiyyat nörməsi **********, daşınmaz əmlak reyestr nömrəsi **********56-05101-093001 olan çıxarış verilmişdir. Lakin cavabdeh həmin çıxaırşı verərkən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin 3947 saylı inventar nömrəsi olan, 1991-ci il fevral tarixli texniki pasportunda qeyd edilmiş 6 sot (konkret olaraq 567.0 h) torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almamışdır. İddiaçının vəkili Nümayəndə iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, qeydə alınması tələb olunan sahənin koordinatlarını müəyyən edən sənəd təqdim edilməmişdir. Həmçinin həmin sahədə yerləşən tikili mənzil kateqoriyasına aid olduğundan yerləşdiyi sahə mülkiyyətə verilə bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş **********56-05101-093001 reystr nömrəli, 30.10 2019-cu il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş , Bərdə şəhəri, Qasım bəy Zakir küçəsi 1 nömrəli evin 28 nömrəli mənzilinə dair fevral 1991-ci il tarixli texniki pasportdan görünür ki, mənzilin yerləşdiyi torpaq sahəsinin həcmi 567 kv.m göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində bildirilir ki: -İddiaçı nümayəndəsinin ünvan 1 ərazisində göstərdiyi və naturada iddiaçı tərəfindən istifadə edilən həyətyanı torpaq sahəsi 0.0567 hektardır. -İddiaçı ünvan 1 ünvanında faktiki istifadəsində 0.0567 hektar həyətyanı torpaq sahəsi vardır. Elektron məlumat bazasına əsasən xx.xx.2019-cu il tarixli, **********56-05101- 093001 reyesr nömrəli çıxarış və Texniki pasportla müəyyən edilmiş mənzil ünvan 1 ünvanında iddiaçının faktiki istifadə etdiyi və naturada göstərdiyi həyətyanı torpaq sahəsində yerləşir və digər şəxslərin mülkiyyətində və ya istifadəsində olan sahə ilə üstüstə düşmür. Həmin həyətyanı torpaq sahəsi yaşayış məntəqələri torpaqları təyinatlı, həyətyanı torpaq sahəsidir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan mənzilə dair 1991-ci ildə tərtib edilmiş texniki pasportda mənzilin yerləşdiyi torpaq sahəsinin 567 kv.m göstərilməsinə istinadən həmin torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının tələb etsə də, cavabdeh orqan iddiaçının ərizəsinin təmin edilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. **********56-05101-093001 reyestr nömrəli, 30.10 2019-cu il tarixli çıxarışla müəyyən edilmiş ünvan 2 ünvanda yerləşən mənzilin yerləşdiyi 567 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar