Məhkəmə qərarları › İş №2-1(114)-263/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-263/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-263/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayonu, Hacıməlik qəsəbəsi 5/7 ünvanda yerləşən 4 otaqlı yaşayış evi və həmin evin yerləşdiyi 0.1182 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən Xanlar rayonu, Əzizbəyov kəndi, 5/7 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır.

2. Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı qərarı ilə X5 və İddiaçı həyətyanı məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN-647A KOD 50800016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir.

3. Ölüm haqqında xx.xx.2003-cü il tarixli AZ-İ 021580 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, onun vəfatından sonra Göygöl rayon Hacıməlik qəsəbəsi 5/17 ünvanında yerləşən 4 otaqlı yaşayış evini və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsini miras olaraq iddiaçı qəbul etmişdir.

4. İddiaçı bundan sonra xx.xx.2004-cü il tarixdə Göygöl rayon dövlət notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılaraq miras əmlaka görə ona xx.xx.2004-cü il tarixli 2V-İ-17 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

5. Xanlar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 190 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xanlar rayonu, Hacıməlik qəsəbəsi, 5/7 ünvanında yerləşən 4 otaqlı yaşayış evi İddiaçı adına qeydiyyata alınmış, həmin evə dair fevral 2004-cü il tarixli texniki pasport tərtib edilmişdir.

6. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-6072/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərə əsasən əmlakın növünün mənzil olduğu və həmin mənzilin Göygöl Rayon İcra Hakimiyyətinin balansında olduğu, həmçinin, mənzilin sökülüb, yerində fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Belə ki, mənzilin ləğvinə dair Göygöl Rayon İcra Hakimiyyətinin razılıq məktubunun ərizənizə əlavə edilmədiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçüləri arasında fərq olduğu, həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (mühafizə zolağı 10 metr olan 10 kV-luq) mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin X17 Təchizatı və Satışı İdarəsinə Ərazi İdarəsi sorğu göndərmiş xx.xx.2023 cü il tarixli 3-21-3- 33/2-3800/2023 saylı məktuba cavab olaraq bildirilmişdir ki, Hacıməlik yarımstansiyasından çıxan 1965-ci ildə tikilmiş 6 kV-luq "Hacıməlik" hava xəttidir.

7. Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(066)-494/2014 nömrəli qətnaməsinə əsasən ərizə təmin edilmiş, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə İddiaçı adının İddiaçı olması faktı təsdiq edilmişdir.

8. Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-47-4/2-15-192/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsi, 5/17 ünvanında yerləşən ev dövlət mənzil fonduna daxil deyildir.

9. Məhkəmənin qərardadı ilə əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki: 1) Torpağın mülkiyyətə verilməsinə dair JN-647A (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən Hacıməlik qəsəbəsində yerləşən 0.12 ha (sənəddə qeyd olunan miqyasa və xəritə materiallarındakı ölçülərə əsasən 0.1182 ha) torpaq sahəsi, Xanlar rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli 17 aylı qərarı ilə fərdi yaşayış evi inşa edilməsi üçün, X6 və İddiaçı xüsusi mülkiyyətinə verilmiş, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir. 2) Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti müəyyən olundu. 3) JN-647A (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən Hacıməlik qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0779 ha hissəsi, İddiaçı adına qeydə alınmış, Hacıməlik qəsəbəsi (keçmiş Əzizbəyov kəndi) ərazisində, 5/17 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair tərtib olunmuş 2004-cü il tarixli texniki pasportun planında göstərilən 0.08 ha (20X40) torpaq sahəsinin 0.0779 ha hissəsi ilə üst-üstə düşür. 4) JN-647A (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən X6 və İddiaçı xüsusi mülkiyyətinə verilmiş, Hacıməlik qəsəbəsində yerləşən 0.12 ha (sənədpe qeyd olunan miqyasa və xəritə materiallarındakı ölçülərə əsasən 0.1182 ha) torpaq sahəsinin, elektron kadastr bazası materiallarına istinadən, başqa şəxslərin mülkiyyət, itifadə və icarə hüquqlarına təsdiq edən (Çıxarış) sənədlərdə göstərin sahələrlə üst-üstə düşməsi halı aşkarlanmadı. 5) Həmin torpaq sahəsinin yaxınlığından hava ötürücü elektrik xəttinin keçdiyi müşahidə olundu. II. Məhkəmədə icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Hacıməlik qəsəbəsi 5/17 ünvanında yerləşən 4 otaqlı yaşayış evi və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Tələb onunla əsaslandırılmışdır ki, mərhum anası X2 Göygöl rayon Hacıməlik qəsəbəsində yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi miras qalmışdır. X16 02 avqust 2003-cü il tarixdə vəfat edib, onun vəfatından sonra Göygöl rayon Hacıməlik qəsəbəsi 5/17 ünvanında yerləşən 4 otaqlı yaşayış evini və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsini miras olaraq o qəbul etmişdir. Anası Firuzənin ölümündən sonra xx.xx.2004-cü il tarixdə Göygöl rayon Dövlət Notariat ofisinə müraciət etmişdir. Vərəsəlik işi açılıb və miras əmlaka görə ona 2V-1-17 nömrəli vərəsəik şəhadətnaməsi verilib və o da həmin şəhadətnamə ilə anasından miras qalan yaşayış evini öz adına qeydiyyatda keçirmişdir və evə aid 6/1276b nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qeyd etdiyi kimi yaşayış evi 2004-cü ildən qanuni olaraq mülkiyyətindədir. Hazırda o, yaşayış evinə dair çıxarış verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də yaşayış evi və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsindən imtina olunub. İmtinaya səbəb kimi guya yaşayış evinin mənzil olduğu, həmin mənzilin də Göygöl Rayon İcra hakimiyyətinin balansında olduğunu, həmçinin mənzilin sökülüb yerində yaşayış evinin tikildiyini, həmçinin Göygöl Rayon İcra Hakimiyyətinin razılıq məktubunun ərizəyə əlavə edilmədiyini, eyni zamanda da evin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçülər arasında fərq olduğu, evin yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi göstərilir. Halbuki, bunlar yalandır. Birincisi mübahisəli ev mərhum anasının xüsusi mülkiyyətində olub və buna görə də 6-1276 nömrəli, xx.xx.1996-c il tarixli qeydiyyat vəsiqəsi olub, evin yerləşdiyi torpaq sahəsinə dair JN-647A, KOD-50800016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi var. Göründüyü kimi imtina qanunsuz və əsassız olmaqla həm də gülüncdür. Göründüyü kimi, onun hüquqlarını həyata keçirmək üçün başqa variantı yoxdur, ona görə də məhkəməyə müraciət etmişdir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

13. Məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Göygöl rayonu, Hacıməlik qəsəbəsi 5/7 ünvanda yerləşən 4 otaqlı yaşayış evi və həmin evin yerləşdiyi 0.1182 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

21. İddiaçının vəkil olan nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır. Vətəndaş İddiaçı etibanamə üzrə nümayəndəsi X14 Göygöl rayonu, Hacıməlik kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindeə baxılmışdır. Bildirilir ki, təqdim edilmiş sənədlərə əsasən əmlakın növünün mənzil olduğu və həmin mənzilin Göygöl Rayon İcra Hakimiyyətinin balansında olduğu, həmçinin, mənzilin sökülüb, yerində fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Belə ki, mənzilin ləğvinə dair Göygöl Rayon İcra Hakimiyyətinin razılıq məktubunun ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçüləri arasında fərq olduğu, həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (mühafizə zolağı 10 metr olan 10 kV-luq) mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X17 Təchizatı və Satışı İdarəsinə Ərazi İdarəsi sorğu göndərmiş xx.xx.2023 cü il tarixli 3-21-3- 33/2-3800/2023 saylı məktuba cavab olaraq bildirilmişdir ki, Hacıməlik yarımstansiyasından çıxan 1965-ci ildə tikilmiş 6 kV-luq "Hacıməlik" hava xəttidir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-6072/2023 nömrəli cavab məktubu ünvanlanmışdır.

23. İddiaçının vəkil olan nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.2004-cü il tarixli JN-647A KOD 50800016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmiş; - Ölüm haqqında xx.xx.2003-cü il tarixli AZ-İ 021580 nömrəli şəhadətnamə; - xx.xx.2004-cü il tarixli 2V-İ-17 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; - Xanlar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 190 inventar nömrəli qeydiyyat vəsiqəsi; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-ü il tarixli 3-21-3-33/2-6072/2023 nömrəli imtina məktubu; - Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(066)-494/2014 nömrəli qətnaməsi; - Məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-47-4/2-15-192/2024 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi. Əsaslandırma hissəsi: VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı qərarı ilə X5 və İddiaçı həyətyanı məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN-647A KOD 50800016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir. Ölüm haqqında xx.xx.2003-cü il tarixli AZ-İ 021580 nömrəli şəhadətnaməyə əsasən X10 xx.xx.2003-cü il tarixdə vəfat etmiş, onun vəfatından sonra Göygöl rayon Hacıməlik qəsəbəsi 5/17 ünvanında yerləşən 4 otaqlı yaşayış evini və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsini miras olaraq iddiaçı qəbul etmişdir. İddiaçı bundan sonra xx.xx.2004-cü il tarixdə Göygöl rayon dövlət notariat ofisinə müraciət etmiş, vərəsəlik işi açılaraq miras əmlaka görə ona xx.xx.2004-cü il tarixli 2V-İ-17 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Xanlar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 190 inventar nömrəli qeydiyyat vəsiqəsinə əsasən Xanlar rayonu, Hacıməlik qəsəbəsi, 5/7 ünvanında yerləşən 4 otaqlı yaşayış evi İddiaçı adına qeydiyyata alınmış, həmin evə dair fevral 2004-cü il tarixli texniki pasport tərtib edilmişdir.

28. İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətə, cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-21-3-37/2-6072/2023 nömrəli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərə əsasən əmlakın növünün mənzil olduğu və həmin mənzilin Göygöl Rayon İcra Hakimiyyətinin balansında olduğu, həmçinin, mənzilin sökülüb, yerində fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Belə ki, mənzilin ləğvinə dair Göygöl Rayon İcra Hakimiyyətinin razılıq məktubunun ərizənizə əlavə edilmədiyi aşkar edilmişdir. Aparılan araşdırma zamanı, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri ilə sənəd üzrə ölçüləri arasında fərq olduğu, həmçinin, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin (mühafizə zolağı 10 metr olan 10 kV-luq) mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin X17 Təchizatı və Satışı İdarəsinə Ərazi İdarəsi sorğu göndərmiş xx.xx.2023 cü il tarixli 3-21-3- 33/2-3800/2023 saylı məktuba cavab olaraq bildirilmişdir ki, Hacıməlik yarımstansiyasından çıxan 1965-ci ildə tikilmiş 6 kV-luq "Hacıməlik" hava xəttidir..

29. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

30. Belə ki, cavabdeh inzibati orqan imtinasını torpaq sahəsinin üzərindən gərginliyi 10 kV-luq olan yüksək gərginlikli hava elektrik xəttinin keçməsi ilə əsaslandırmışdır.

31. Məhkəmə həmin halın aydınlaşdırılması üçün mütəxəssis rəyi təyin etmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN- 647A (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən Hacıməlik qəsəbəsində yerləşən 0.12 ha (sənəddə qeyd olunan miqyasa və xəritə materiallarındakı ölçülərə əsasən 0.1182 ha) torpaq sahəsi, Xanlar rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli 17 aylı qərarı ilə fərdi yaşayış evi inşa edilməsi üçün, X6 və İddiaçı xüsusi mülkiyyətinə verilmiş, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı məqsədlər üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin naturada yerləşmə vəziyyəti tərəfimizdən müəyyən olundu. JN-647A (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən Hacıməlik qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 0.0779 ha hissəsi, İddiaçı adına qeydə alınmış, Hacıməlik qəsəbəsi (keçmiş Əzizbəyov kəndi) ərazisində, 5/17 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə dair tərtib olunmuş 2004-cü il tarixli texniki pasportun planında göstərilən 0.08 ha (20X40) torpaq sahəsinin 0.0779 ha hissəsi ilə üst-üstə düşür. JN-647A (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən X6 və İddiaçı xüsusi mülkiyyətinə verilmiş, Hacıməlik qəsəbəsində yerləşən 0.12 ha (sənəddə qeyd olunan miqyasa və xəritə materiallarındakı ölçülərə əsasən 0.1182 ha) torpaq sahəsinin, elektron kadastr bazası materiallarına istinadən, başqa şəxslərin mülkiyyət, itifadə və icarə hüquqlarına təsdiq edən (Çıxarış) sənədlərdə göstərin sahələrlə üst-üstə düşməsi halı aşkarlanmadı. Həmin torpaq sahəsinin yaxınlığından hava ötürücü elektrik xəttinin keçdiyi müşahidə olundu.

32. Məhkəmə cavabdeh orqanın sözügedən torpaq sahəsinin yaxınlığından 10 kVluq yüksək gərginlikli hava elektrik ötürücü xətti keçməklə, mövcud elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin hal torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinaya əsas deyildir.

33. Belə ki, cavabdehin həmin dəlili mütəxəssis rəyi ilə öz təsdiqini tapsa da, yəni Göygöl rayonu, Hacıməlik qəsəbəsi, 5/7 ünvanında yerləşən 0.1182 ha torpaq sahəsinin yaxınlığından 10 kV-luq yüksək gərginlikli hava elektrik ötürücü xəttinin keçməsi müəyyən edilsə də, hüquqmüəyyənedici sənədin verildiyi vaxtda mövcud olmayan, lakin hazırda qüvvədə olan normaların məzmunu ilə müəyyən edilir ki, torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda həmin sahənin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahənin xüsusi mülkiyyətə keçməsi, habelə üzərində hüquqların qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilmir.

34. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na görə: Bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.

35. Göründüyü kimi, Qaydaların tələblərinə əsasə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.

36. Cavabdeh orqanın imtina dəlillərindən birincisi və başlıcası isə ondan ibarətdir ki, təqdim edilmiş sənədlərə əsasən əmlakın növünün mənzil olduğu və həmin mənzilin Göygöl Rayon İcra Hakimiyyətinin balansında olduğu, həmçinin, mənzilin sökülüb, yerində fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir. Belə ki, mənzilin ləğvinə dair Göygöl Rayon İcra Hakimiyyətinin razılıq məktubunun ərizənizə əlavə edilmədiyi aşkar edilmişdir.

37. Halbuki, həmin dəlillər məhkəmə araşdırması zamanı ös təsdiqini tapmamışdır. Belə ki, əvvəla, məhkəmənin sorğusuna Göygöl Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-47-4/2-15-192/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl rayonu, Hacıməlik qəsəbəsi, 5/17 ünvanında yerləşən ev dövlət mənzil fonduna daxil deyildir.

38. Digər tərəfdən, sözügedən evə dair arxiv qovluğunda mövcud olan bütün hüquqmüəyyənedici və texniki sənədlər cavabdeh orqandan əldə edilərək, tədqiq olunmuş və evin əvvəllər mənzil olmasına dair hər hansı sənədə rast gəlinməmişdir.

39. Belə ki, X1 rayon notariusunun xx.xx.1996-cı il tarixli 3M-8 saylı müqaviləsinə əsasən Xanlar rayonu, Əzizbəyov kəndi, 5/7 ünvanında yerləşən fərdi yaşayış evini almış və həmin evə dair ona Xanlar rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Daha sonra evin yerləşdiyi 0.12 ha torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 17 saylı qərarı ilə X5 və İddiaçı həyətyanı məqsədilə ayrılmış və həmin torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli JN-647A KOD 50800016 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. X8 xx.xx.2003-cü il tarixdə vəfatından sonra Göygöl rayon Hacıməlik qəsəbəsi 5/17 ünvanında yerləşən 4 otaqlı yaşayış evi və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsini miras olaraq iddiaçı qəbul etmişdir və ona xx.xx.2004-cü il tarixli 2V-İ-17 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bunun nəticəsində isə Xanlar rayonu, Hacıməlik qəsəbəsi, 5/7 ünvanında yerləşən 4 otaqlı yaşayış evi İddiaçı adına qeydiyyata alınaraq, ona Xanlar rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 190 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmiş, evə dair fevral 2004-cü il tarixli texniki pasport tərtib edilmişdir.

40. Eyni zamanda, evə dair bütün sənədlərdə evin yerləşdiyi sahə olaraq 0.12 ha qeyd edilmişdir ki, bu da onun mənzil olmasını istisna edir.

41. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır və hazırkı işdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

42. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...

43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

Nəticəvi hissə:

45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilsin. Göygöl rayonu, Hacıməlik qəsəbəsi 5/7 ünvanda yerləşən 4 otaqlı yaşayış evi və həmin evin yerləşdiyi 0.1182 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar