Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2631/2024 26.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı dividendin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdeh ASC-yə qarşı dividendin ödənilməsi tələbinə dair inzibati işə üzrə məhkəmə binasında məhkəmədən kənar qaydada baxaraq Təsviri hissə: I. İşin halları
1. Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli 01/03/-1405 nömrəli məktubunda görünür ki, xx.xx.2022-ci il tarixinə X2 məxsus (ünvan: Gəncə şəhəri, Şərəfxanlı küçəsi, ev 48) Cavabdeh ASC üzrə hər birinin nominal dəyəri 2.00 (iki) manat olan 4 (dörd) ədəd adi adlı səhm girov öhdəliyi ilə yüklənməmiş və həbsdə deyildir.
2. xx.xx.2022-ci il tarixli 2V-157 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 hüquqi varisi təyin olunmuşdur.
3. Azərbaycan Respublikası Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 42 nömrəli məktubundan görünür ki, ərizədə iddiaçı anası X1 vərəsəsi olduğunu və miras əmlakını öz adına rəsmiləşdirdiyini qeyd etməyinə baxmayaraq, anasının adına olan səhmlər bu günə qədər iddiaçının anasının adında qalmışdır və iddiaçının adına reyestrdə qeydə alınmamışdır. Belə ki, qiymətli kağız mülkiyyətçilərinin xx.xx.2022-ci il tarixli reyestrinə əsasən səhmdar X3 tanınır. Buna görə də iddiaçı "X6 X4" ASC-nin səhmdarı hesab olunmur. Bildirilik ki, səhmdar kimi iddiaçının hüquqları olmadığından məktubda qeyd edilən tələblər cavabdeh tərəfindən yerinə yetirilə bilməmişdir. Bununla bağlı cavabdeh, X1 miras əmlakını iddiaçı öz adına rəsmiləşdirməyi və bu barədə ona məlumat verməyini xahiş etmişdir. Yalnız bundan sonra iddiaçının məktubunda qeyd olunan tələblərə cavabdeh tərəfindən baxılması mümkün olacaqdır.
4. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli 6-1-26/2-Ə- 7865-0-11163/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Məcəllə) 106-3.3-cü maddəsinə müvafiq olaraq adi səhm üzrə dividend səhmdar cəmiyyətinin xalis mənfəətinin səhmdarlara hər bir adi səhm üzrə hesablanmış ödənişlər şəklində bölüşdürülmüş hissəsidir. İddiaçının müraciətində qeyd olunan məsələlərin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən "X6 X4" Açıq Səhmdar Cəmiyyətinə sorğu məktubu göndərilmişdir. Bundan sonra cəmiyyət tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki, cəmiyyət 2022-ci ilin nəticələrinə görə xalis mənfəət əldə etmədiyinə görə səhmdarlara dividend hesablanmamışdır. Eyni zamanda bildirilir ki, səhmdar Məcəllənin 106-1.3.2-ci və 106-1.3.8-4-cü maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, münasibət balansı ilə və bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüququna malikdir. II. Məhkəmədə icraat
5. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Cavabdeh ASC-nin üzvü və səhmdarı olmağının təsdiq edilməsi və Cavabdeh ASC-nin 2001-ci ildən qazandığı gəlirdən verilməyən 30000 (otuz min) manat dividend (gəlir) ödənilməsini xahiş etmişdir.
6. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Sovet Respublikasında müəssisələr, idarələr və təşkilatlar Dövlətə məxsus idi və onların əmlakları Dövlətin simasında Azərbaycan vətəndaşlarına məxsus idi. Müstəqil Azərbaycan Respublikası yaranandan sonra Dövlət əmlakının özəlləşdirilməsinin İ və İİ Dövlət Proqramları qəbul edilmişdir. Dövlət Proqramlarına əsasən "X6 X4" Açıq Səhmdar Cəmiyyəti yaranmışdır. Onun mərhum anası X3 2001-ci ilin sentyabr ayında özəlləşmə çeklərindən istifadə edib 4 ədəd səhmi (səhmin dəyəri 10 000 manatdır) ilə ASC-nin üzvü olub. Milli Depozit Mərkəzi xx.xx.2022-ci il tarixli məktubu ilə təsdiq edib ki, ASC üzrə hər birinin nominal dəyəri 2.00 (iki) manat olan 4 (dörd) ədəd adlı səhm girov öhdəliyi ilə yüklənməmiş və həbsdə deyildir. Onun mərhum anası X1 varisi olmağını Gəncə şəhər 6 saylı notariat ofisi xx.xx.2022-ci il tarixdə təsdiq edib. Lakin, ASC nə onun anası vəfat edənədək, nə ondan sonra ona, yəni yeganə varisə qanunda nəzərdə tutulan (gəlirləri, pulun səhmdarlara ödənilməsi və s.) barədə məlumat verməyib və ödəməyib. Beləliklə, onun hüquqları tam pozulmaqla, o, ASC tərəfindən özbaşınalıq nəticəsində onun fəaliyyətindən kənarlaşmış və ASC-nin əldə olunan gəlirlərdən məhrum olmuşdur. ASC-nin əldə olunan gəlirlərdən və həmin gəlirdən iddiaçıya düşən dividend barədə məlumat almaq üçün o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmişdir. Cavab olaraq xx.xx.2023-cü il tarixdə vergidən iddiaçıya bildirmişdirlər ki, cəmiyyətin gəlirləri barədə vergi məlumatı sirrdir və məlumat almaq üçün bilavasitə ASC-yə müraciət etməyini, cavab almadıqda məhkəməyə müraciət tövsiyə olunmuşdur. ASC-nin illik hesabatını və mühasibat balansını, hesabat dövrü üzrə maliyyə göstəriciləri; aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; cəlb edilmiş maliyyə vəsaitləri; inkişaf siyasəti; səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; investisiyaların həcmi və mənbəyi barədə iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Banka müraciət etmiş və pulun alınmasında yardım göstərilməyini xahiş etmişdir. İnternet səhifəsində ASC-nin işi barədə dərc edilən məlumatlardan müəyyən olunur ki, cəmiyyət inkişaf edir və gəlirlə işləyir. Onun hesablamalarına görə, cavabdeh ona bu günə qədər 30000 (otuz min) manat pul ödəməlidi. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olur ki, cəmiyyət 2022-ci ildə mənfəət əldə edə bilməyib. ASCnin məktubdan belə başa düşülür ki, gəlirlər 2022-ci ilə təsadüf edir. Onun isə bir səhmdar kimi hüquqları 2001-ci ildən yaranıb və ona divident ödənilməmişdir. O, heç bir zaman cəmiyyətin hesabatına dəvət olunmamışdır. Mərkəzi Bank bildirmişdir ki, iddiaçının cəmiyyətə müraciətiylə əlaqədar heç bir nəticə əldə edilmədiyi halda banka yenidən müraciət olmağı tövsiyə edilmişdir. O, yenə də ASC-yə qeyd etdiyi məsələ ilə poçt vasitəsi, xəbərnamə ilə müraciət etmiş, Lakin, ünvan düzgün göstərilmədiyindən məktub geri qaytarılmışdır. Mərkəzi Bankın tövsiyəsini nəzərə alaraq, iddiaçı təkrar banka müraciət etmişdir. Bank xx.xx.2024-cü il tarixli məktubunda cavab olaraq bildirmişdir ki, müraciətlə əlaqədar məsələlərin araşdırması davam edir və nəticə barədə əlavə məlumat veriləcəkdir.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
9. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Bənd 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
10. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
11. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2015-ci il tarixli 10 nömrəli Qərarına görə: Bənd 19. Eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40- 5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər (təsisçilər, üzvlər, iştirakçılar, hüquqi şəxsin nizamnaməsi ilə müəyyən edilən idarəetmə orqanlarının nümayəndələri arasında və ya onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən, o cümlədən hüquqi şəxsin yaradılmasından, yenidən təşkil olunmasından, ləğv edilməsindən, idarə olunmasından, eləcə də səhmlərin, təsis və iştirak paylarının alqı-satqısından ibarət tələblər) üzrə işlərə də aid edilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə görə: Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
14. Göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
15. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə cavabdeh kommersiya hüquqi şəxsidir, onunla iddiaçı arasındakı mübahisə də iddiaçının səhmdar kimi tanınması və dividend ödənilməsi ilə bağlı olan korporativ tələblə əlaqədar kommersiya mübahisəsidir və həmin mübahisəyə müvafiq kommersiya məhkəməsində baxılmalıdır.
16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
17. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan kommersiya məhkəməsinə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva