Məhkəmə qərarları › İş №2-1(114)-2631/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2631/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2631/2025 20.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs Bərdə rayonu Gərənə bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Divanlı bələdiyyəsinin 25 dekabr 2005-ci il tarixli, 12 saylı iclas protoklundan çıxarışa əsasən 0,08 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2006-ci il tarixində Bərdə rayon torpaq şöbəsində 14 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən Divanlı bələdiyyəsi, Bərdə rayon Divanlı kənd sakini İddiaçı həyətyanı sahə məqsədi ilə 0.08 hektar torpaq sahəsi satılmasını məqsədə müvafiq hesab edərək, 25 dekabr 2005-ci il tarixli 12 saylı qərar qəbul etmiş və məktubla DT və XK-nin Bərdə rayon şöbəsinə müraciət etmişdir. Dövlət Toıpaq və Xəritəçəkmə Komitəsi Bərdə rayon şöbəsinin mütəxəssisləri əraziyə baxış keçirərkən, müəyyən etmişlər ki, ərazi Divanlı bələdiyyəsinin mülkiyyətində kəndaltı toıpaq sahəsidir. Satılan 0.08 hektar toıpaq sahəsi həyətyanı məqsədi ilə satılmışdır.DTXK-in Bərdə rayon şöbəsi tərəfindən satılan torpaq sahəsinə 14 iyun 2006-cı il tarixli sahəseçmə aktı hazırlanmış və sxem tərtib olunmuşdur. Torpağı alan İddiaçı torpağın dəyərini Divanlı bələdiyyəsinin Kapital bankın Bərdə filialında olan büdcəsinə 02 avqust 2006-cı il tarixli 07 saylı ödəniş qəbzi ilə nəğd olaraq 148-8 yeni manat ödəmişdir. DTXK-si Bərdə rayon şöbəsi Divanlı bələdiyyəsinin fondundan 0.08 hektar torpaq sahəsinin satılmasına etiraz etmir və torpaq ayırma sənədlərinin mövcud qanunvericiliyə uyğun hazırlandığından həmin sənədlərin əsasında vətəndaşa hüquqi sənədlərin verilməsini məqsədə müvafiq hesab edir. xx.xx.2006-cı il tarixli 7 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Divanlı bələdiyyəsinin hesabına 148 manat məbləğində ödəniş edilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2024-ci il tarixli 3-21-3-46/2-2224/2024 nömrəli imtina məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.2 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərdən biri “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdin olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1 Ö-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Divanlı kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. Məhkəmə məktubuna əlavə edilmiş Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Divanlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu planından çıxarışa istinad edərək və iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinə münasibət bildirmək mümkündür. Qeyd edirik ki, həmin torpaq sahəsi, TEKUİS məlumat bazasına əsasən, yaşayış məntəqələri torpaqları təyinatlı, bələdiyyə mülkiyyətinə aid tikinti altı torpaq sahəsidir.

2. Elektron məlumat bazasına əsasən həmin torpaq sahəsi üzərində başqa şəxsin, şəxslərin və ya orqanların hüquqları, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır. 3.Torpaq sahəsi üzərində mühəndis kommunikasiya xəttləri mövcud olmadığından qaz kəmərinin, elektrik xəttinin qoruma zolağına və eləcə də, çayların, göllərin və sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mühafizə zonalarına düşmür. 4.Qeydə alınması nəzərdə tutulan torpaq sahəsi, elketron məlumat bazasına əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmür və hər hansı digər şəxslərin hüquqlarına toxunub-toxunmaması aşkarlanmamışdır. 5.Faktiki istifadə edilən torpaq sahəsinin koordinatları və ölçüləri rəyə əlavə olunmuş sxematik planda öz əksini tapmışdır. 6.Qeydə alınması nəzərdə tutulan torpaq sahəsi üzərində mişar daşından inşa edilmiş bir mərtəbəli fərdi yaşayış evi, bir köməkçi tikili və metal kanstruksiyalı çardaq mövcuddur. Tikilinin hansı tarixdə tikilməsi və tikilinin vəziyyəti ilə bağlı məlumat verilməsi, Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. 7.İddiaçının naturada təqdim etdiyi və iddia etdiyi 0.08 ha torpaq sahəsinin üzərində inşa edilmiş tikililər, Məhkəmə məktubuna əlavə edilmiş Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Divanlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu planından çıxarışda qeyd edilən sahənin hüdudları daxilində yerləşir. 8.Məhkəmə məktubuna, əlavə edilmiş Divanlı bələdiyyəsinin 25 dekabr 2005-ci il tarixli 12 saylı qərarı əsasında ayrılmış 0.08 ha torpaq sahəsi, ayrıldığı zaman Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Divanlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə aid olmuşdur.

9. İddiaçı faktiki istifadə etdiyi (naturada təqdim etdiyi) 0.08 ha torpaq sahəsi, Məhkəmə məktubuna əlavə edilmiş Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Divanlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu planından çıxarışda qeyd edilən 0.08 ha sahə ilə üst-üstə düşür və hüdudları daxilindədir. 10.Torpaq sahəsinə dair rəy, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanına əsasən, elektron məlumat bazasında mövcud, torpaqların elektron kadastrı uçotu (TEKUİS) informasiya sisteminə və Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Divanlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən hazırlanmışdır. İddiaçı məhkəmə iclasına gəlmiş,cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş,səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbininin dəqiləşdirilməsi barədə ərizə təqdim edərək, Bərdə rayon Divanlı bələdiyyəsinin 25 dekabr 2005-ci il tarixli qərarı ilə ona satılmış 0,08 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Divanlı bələdiyyəsinin 25 dekabr 2005-ci il tarixli, 12 saylı qərar ilə 0,08 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdin olunmamasına əsasən imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Bərdə rayon Divanlı bələdiyyəsinin 25 dekabr 2005-ci il tarixli qərarı ilə İddiaçı satılmış 0,08 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına qeydə alınması öhdəliyinin cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar