Məhkəmə qərarları › İş №2-1(114)-2634/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2634/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2634/2022 08.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı və vəkili X4, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X16 və X3) fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Şəmkir rayonu Düzqışlaq kəndində yerləşən, 2008-ci ildə inşa etdiyi, bu günə qədəra heç bir etiraz olunmadan sahibliyində və istifadəsində olan, 90,0 kv.m sahəsi olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu Düzqışlaq kəndində yaşayan X16 ilə aralarında olan şifahi razılaşma əsasında Düzqışlaq kəndində yerləşən 0,13 ha həyətyanı torpaq sahəsini 2003-cü ildə ona satmışdır. Həmin torpaq sahəsini istifadə etmiş və 2008-ci ildə həmin torpaq sahəsində 90 kv.m sahəsi olan fərdi yaşayış evi inşa etdirmişdir. Hal-hazıradək həmin evdə ailəsilə birlikdə yaşayır. Şəmkir rayonu Düzqışlaq kəndi İƏD-üzrə nümayəndəliyin 2001-2005-ci illərə dair təsərrüfatbaşına kitabının 594 nömrəli şəxsi hesab onun adına qeydə alınmışdır, həmin şəxsi hesabda cəmi 0,18 ha torpaq sahəsinin 0,13 hektarının həyətyanı torpaq sahəsi olaraq istifadəsində olması qeyd edilmişdir. Şəmkir rayonu Düzqışlaq kəndi İƏD-üzrə nümayəndəliyinin cavabdehə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 314 saylı arayışında həmin kəndin ərazisində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixli N-202F saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında X5, X2, X6 və X7 ümui paylı mülkiyyətlərinə verilməsi, 30,0 kv.m sahəsi olan fərdi yaşayış evinin 1980-ci ildə X10 tərəfindən inşa edilməsi qeyd edilmişdir. Şəmkir rayonu Düzqışlaq kəndi İƏD-üzrə nümayəndəliyi tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2017-ci il tarixli 347 saylı arayışda isə X8 məxsus torpaq sahəsindəki 90,0 kv.m sahəsi olan fərdi yaşayış evinin 2008-ci ildə onun tərəfindən inşa edildiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X16 və X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini qonşusu Qabil adlı şəxsdən qeyri-rəsmi almış, həmin sahədə ev tikib yaşayır. İddiaçının vəkili X11 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədə 3 ev var, birini iddiaçı tikmişdir. Üçüncü şəxs X3 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, o həmin sahənin 0.20 ha hissəsini Sevinc Eyvazovadan almışdır. Sahəni alarkən üzərində 2 ev olmuş, evlərdən birində iddiaçı yaşamış, digərini isə o həmin alqı-satqı ilə mülkiyyətinə keçirmişdir. Cavabdehə və digər üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxs X12 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, **********13 nömrəli iddiaya etirazda qeyd edilmişdir ki, İddiaçı onun istifadəsində olan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu dövlət reyestrində qeydiyyata aldırmaq üçün xx.xx.2022-ci il tarixdə 11 saylı Şəmkir Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Fərdi yaşayış evinə mütəxəssis tərəfindən baxış keçirilərkən onun istifadəsində olan torpaq sahəsinə dair X5 və ailə üzvlərinin adına 202F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib olunduğu və onun əsasında X2 adına həmin torpaq sahəsində yerləşən digər fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verildiyi və o da alqı-satqı müqaviləsi əsasında həmin əmlakı başqa bir vətəndaşın adına özgəninkiləşdirdiyi müəyyən olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Düzqışlaq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 07 nömrəli arayışın surətindən görünür ki, İddiaçı Şəmkir rayonu Düzqışlaq kəndi ərazisində, ümumi sahəsi 0.12 ha olan həyətyanı torpaq sahəsində yerləşən özünə məxsus fərdi yaşayış evi var. -işə əlavə edilmiş Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyəti başçısının Düzqışlaq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 128 nömrəli arayışın surətindən görünür ki, İddiaçı 2006-cı ildən etibarən Şəmkir rayon Düzqışlaq kənd İƏD üzrə nümayəndəliyinin 8 nömrəli təsərrüfatbaşına kitabın 618 nömrəli təsərrüfatında, təsərrüfat başçısı kimi qeyd olunmuşdur. -təsdiq edilmiş surəti işə əlavə edilmiş İddiaçı adına olan 618 nömrəli şəxsi hesabdan görünür ki, sonuncunun xx.xx.2006-cı il tarixə təsərrüfatın mülkiyyətində və sahibliyində 0.18 ha torpaq sahəsi olmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 nömrəli arayışında qeyd olunmuşdur ki, ünvan 1 ünvanda yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinə və yalnız 39.6 kv.m olan fərdi yaşayış evinə dair X10 (mülkiyyət payı: ev-tam, torpaq sahəsi-ümumi birgə), X9 (mülkiyyət payı: torpaq sahəsi-ümumi birgə), X14 (mülkiyyət payı: torpaq sahəsi-ümumi birgə) və X7 (mülkiyyət payı: torpaq sahəsi-ümumi birgə) adlarına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Şəmkir rayonu 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixl, 2V-864, 2V-865, 2V-866 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri əsasında əmlak bütövlükdə X2 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Şəmkir 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli 4Ə-1792 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında əmlak bütövlükdə X1 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. İddiaçı tərəfindən inşa edilən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatı aparılmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********10 nömrəli məktubundan görünür ki, ddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ünvan 2 ünvanda yerləşən 0.20 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş və ev üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını torpaq sahəsinə dair 202F saylı şəhadətnamə əsasında X2 adına fərdi yaşayış evinə dair xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verildiyi və o da alqı-satqı müqaviləsi əsasında həmin əmlakı başqa bir vətəndaşın adına özgəninkiləşdirməsi, başqa sözlə torpaq sahəsinin başqa şəxsin mülkiyyətində olması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi iddiaçı fərdi yaşayış evini ona məxsus olmayan torpaq sahəsi üzərində inşa etmişdir. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi başqa şəxsin mülkiyyətində olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar