Məhkəmə qərarları › İş №2-1(114)-2634/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2634/2025

08.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2634/2025 08.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçıya məxsus AZE ******** seriya nömrəli (FİN xxxxxxx) şəxsiyyət vəsiqəsi xx.xx.2016-cı il tarixdə verilmişdir.

2. İddiaçıya məxsus AA 103433 nömrəli məcburi köçkün vəsiqəsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmişdir.

3. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-55/2-A-7-30/3-073/3/2024 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən dövlət qulluğunda çalışaraq, sonradan pensiyaya çıxmış, eyni zamanda Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Baş Naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən inzibati vəzifələrə təyin olunanlar, Azərbaycan Respublikası Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikası məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinətin verilməsi şamil edilmir.

4. İddiaçı iddia ərizəsi ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra iddia tələbi dəqiqləşdirərək, adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

5. Tələb onunla əsaslandırmışdır ki, o, Kəlbəcər rayonu, Dəmirçidam kəndində anadan olmuş və xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunda yaşamış, xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra o da ailəsi ilə birlikdə məcburi olaraq öz dədə-baba yurdundan məcburi köçkün düşərək Göygöl şəhərində məskunlaşmışdır. Bundan sonra ona Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən AA 103433 nömrəli məcburi köçkün vəsiqəsi verilmiş və həmin vəsiqəyə yəsasən onda bütün məcburi köçkünlər kimi dövlət tərəfindən məcburi köçkünlərə verilmiş bütün imtiyazlardan istifadə etmişdir. İddiaçı bildirir ki, dövlət tərəfindən məcburi köçkünlərə verilən aylıq müavinəti o, qanunamüvafiq qaydada mütəmadi olaraq almışdır. Lakin onun, eləcə də onunla birlikdə xidmət keçən və məcburi köçkünlük statusu olan digər polis əməkdaşlarının dövlət tərəfindən verilən aylıq müavinəti təxminən 4-5 il əvvəl Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydalarının 6-cı bəndinə istinad edilərək dayandırılmışdır. O, aylıq müavinətin bərpa edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir.

6. Kəlbəcər rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-85/2-1358/2025 nömrəli məktuba əsasən, polis baş serjantı İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Kəlbəcər rayon Polis şöbəsinin əməliyyat rabitə qrupunun kiçik inspektoru vəzifəsində xidmət etmişdir. Məktuba qoşma şəklində əlavə edilmiş Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-85/Ə(ş/h)74/2024 nömrəli əmrə əsasən, Azərbaycan Respublikası DİO-da “Xidmətkeçmə haqqında əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) Kəlbəcər RPŞ-nin ƏRQ-nin kiçik inspektoru, polis baş serjantı İddiaçı xx.xx.2024-cü il tarixdən DİO-dan xaric edilmişdir.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-55/2- 31/2025 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən dövlət qulluğunda çalışaraq, (dövlət qulluğunun xüsusi növü və zabitlərə) sonradan pensiyaya çıxmış, eyni zamanda Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Baş Naziri, Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən inzibati vəzifələrə təyin olunanlar, Azərbaycan Respublikası Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikası məhkəmə orqanlarına təyin edilən hakimlərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara aylıq müavinətin verilməsi şamil edilmir. Bu səbəbdən də İddiaçı ödənilən vahid aylıq müavinət sakini olduğu Dəmirçidam kənd İƏDÜ tərəfindən 2013-cü il tarixində dayandırılmışdır.

8. Ədliyyə Nazirliyi Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 174 nömrəli məktuba qoşma şəklində əlavə edilmişxx.xx.1981-ci il tarixli, 32 nömrəli “doğum haqqında akt qeydi”nə əsasən, İddiaçı xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR, Kəlbəcər rayonu, Dəmirçidam kəndində anadan olmuş, “ata haqqında məlumat” qrafasında X4 və “ana haqqında məlumat” qrafasında X1 göstərilmişdir.

9. Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-36-3/2-2564/2025 nömrəli məktuba əsasən, Komitənin regional idarəetmə və status şöbəsinin 2007-2025-ci illəri əhatə edən elektron məlumat bazasında İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir.

10. Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-36-3/2-3371/2025 nömrəli məktuba əsasən, surəti təqdim edilən xx.xx.2005-ci il tarixdə İddiaçı verilmiş AA seriyalı 103433 nömrəli məcburi köçkün statusunu təsdiq edən vəsiqənin hansı sənədlər əsasında verilməsi və həmin vəsiqənin ləğv edilməsi barədə Komitənin məcburi köçkünlərin vahid elektron bazasında heç bir qeyd aşkar edilməmişdr.

11. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

12. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd ilənlərə oxşar izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər.

14. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

Əsaslandırma hissəsi:

15. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

16. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

17. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

- Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 149. Normativ hüquqi aktlar V.Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli, 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin (bundan sonra - aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Həmin Qaydanın 2-ci bəndinə əsasən, aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə; 2.13. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara;

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılma 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

21. Məhkəmə iş üzrə icraat materiallarına araşdırın hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

22. İlkin olaraq, məhkəmə onu qeyd etmək istəyir ki, iddiaçı hal-hazırda məcburi köçkün statusuna malik olmaqla Kəlbəcər rayonu, Dəmirçidam kəndində qeydiyyatdadır və müvəqqəti olaraq Göygöl rayonunda məskunlaşmışdır.

23. İddiaçı məcburi köçkün düşdükdən sonra xüsusi dövlət qulluğunda müəyyən müddət dövr ərzində işləmiş, lakin daha sonra könüllü olaraq öz ərizəsi ilə işdən azad edilmişdir.

24. Məhkəmə sorğusuna cavab olaraq Kəlbəcər rayon Polis şöbəsi tərəfindən məhkəməyə daxil olmuş məktubla məlum olur ki, iddiaçı öz xx.xx.2024-cü il tarixdə ərizə ilə işdən azad edilməsi ilə bağlı Kəlbəcər RPŞ-nin rəisinə ərizə ilə müraciət etmiş, ərizə əsasında Kəlbəcər rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-85/Ə(ş/h)74/2024 nömrəli əmri ilə o, Azərbaycan Respublikası DİO-da “Xidmətkeçmə haqqında əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) xx.xx.2024-cü il tarixdən DİO-dan xaric edilmişdir.

25. Qeyd etmək lazımdır ki, qanunvericilikdə dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə sözügedən müavinətin verilməsini istisna edir. İddiaçı isə artıq (öz arzusu ilə) xx.xx.2024-cü il tarixdən X3 xaric edilməklə dövlət qulluğunun xüsusi növündə xidmət etmir.

26. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının hazırda dövlət qulluqçusu olmaması, məcburi köçkün statusu saxlanılmaqla Kəlbəcər rayonu, Dəmirçidam kəndində qeydiyyatda qalması şəraitin dəyişməsi kimi nəzərə alınmalıdır.

27. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəziyyətin dəyişməsi ilə bağlı qeyd olunan hallar cavabdeh orqan tərəfindən qiymətləndirilməli və iddiaçıya münasibətdə hüquqi qiymət verilməlidi idi.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun norma tələblərində də qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, həmçinin inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Habelə, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir.

29. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni olmuş və onun adının vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır.

30. Aərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

İddiaçı adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar