Məhkəmə qərarları › İş №2-1(114)-264/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-264/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-264/2020 28.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Muxtarova Aytac Əkram qızının katibliyi, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin bağlanması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Tovuz Qovlar mənzilinin 115-ci kilometrliyində yerləşən 100 kilovatlıq elektrik transformatorundan daimi və müntəzəm olaraq istifadə etmək üçün onunla müqavilə bağlanmasına məcbur edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(83)-1241/2019 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(104)-578/2019 nömrəli qərardadı ilə apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(83)-1241/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onula əsaslandırılmışdır ki, o, Tovuz rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məqğul olur. Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində ərzaq malları satışı üzrə ixtisaslaşdırılmış böyük ərzaq mağazası vardır. Həmin binasının elektriklə təchizatı daim Tovuz -Qovlar mənzilinin 115-ci kilometrliyində yerləşən 100 kilovatlıq elektrik transformatoru vasitəsi ilə həyata keçirilmişdir. Həmişə də sərf olunmuş enerjinin pulu vaxtında ödənilmişdir. xx.xx.2019-cu ildə heç bir səbəb göstərilmədən elektrik enerjisinin verilməsi birtərəfli dayandırılmışdır və xətt transformatordan açılmışdır. Bir neçə dəfə «xxxx» rəhbərliyinə və yerli idarələrə ona məxsus sahibkarlıq obyektində qoyulmuş sayğacın həmin transformatora qoşulması və müqavilə bağlanması xahişi ilə müraciət etmişdir. Lakin «xxxx» ASC-nin xx.xx.2019-cu il tarixli məktubu ilə onunla müqavilə imzalanmasından faktiki imtina edilmişdir.Müqavilə bağlanılmasından imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan transformator «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin balansındadır. Həmin təşkilat da onun həmin transformatordan istifadə etməyinə etiraz etmir. Əksinə onun həmin transformatordan elektrik enerjisi götürməyi bütün tərəflər üçün sərfəlidir. Həm də o, məcburən qoşulduğu transformatorun texniki xüsusiyyəllərinə və gücünə görə müntəzəm olaraq kifayət qədər keyfiyyətli enerji vermək imkanı yoxdur. Yay fəslinin gəlişi ilə bağlı olaraq elektrik enerjisi məsələsi də xüsusilə kəskinləşmişdir. Onun mağazasında ərzaq malları satılır və həmin mağazada soyuducuların və kondisionerlərin müntəzəm işləməsi son dərəcə zəruridir. «xxxx» ASC öz hüquqlarından onun qanuni mənafeyi əleyhinə istifadə edir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilib-bilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia məcburetmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Lakin iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq inzibati orqana müraciət etməsi, inzibati orqanının inzibati aktın qəbul edilməsindən imtina etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. İnzibati Posessual Məcəllənin 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün öncədən inzibati orqana müraciət olunması ilkin və zəruri şərt kimi nəzərdə tutulub və burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının məcburetmə haqqında iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8-ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPMin 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13 və 48-ci maddələrinin tələblərinə əsasən iddiaçıya iddia tələbinin qanunun tələblərinə uyğunlaşdırılmasına dair sərəncam göndərilərək iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, yəni iddiaçıya mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət olunmasını təsdiq edən sənədi məhkəməyə təqdim etməsi ilə əlaqədar vaxt verilmiş, lakin iddiaçı məhkəmənin sərəncamında qeyd edilən tələblərə riayət etməmiş, inzibati orqana müraciəti barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 8ci bəndində qeyd edilir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin bağlanması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya yenidən mümkünlük şərtlərinə əməl olunmaqla eyni predmet üzrə iddia qaldırmaq hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin bağlanması tələbinə dair iddia tələbi mümkün sayılmasın. İddiaçıya yenidən mümkünlük şərtlərinə əməl olunmaqla eyni predmet üzrə iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar