Məhkəmə qərarları › İş №2-1(114)-264/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-264/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-264/2021 26.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra məntdə iddiaçı) məhkəməyə müraciət edərək, xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış vətəndaşların kateqoriyalarının subyekti hesab edilərək, xx.xx.2020-ci ildən başlayaraq mənzil alan günədək aylıq kirayə haqqının ödənilməsi vəzifəsinin Cavabdeh (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Qarabağ uğrunda gedən döyüşlər zamanı xx.xx.1992-ci il tarixdə xəsarət (travma) aldığı üçün 2-ci qrup Qarabağ müharibəsi əlili kimi Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli 90 nömrəli Sərəncamı ilə Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə kirayə müqaviləsi bağlamış və 2020-ci ilin oktyabr ayında o, kirayə haqqının verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən verilən məlumatda hansı səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması göstərilmədiyindən ona müvəqqəti kirayə haqqının verilməsindən imtina etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli 2-437/1999 nömrəli qətnaməsinə əsasən Azərbaycan Respublikasının «Qarabağ müharibəsi əlilləri haqqında» xx.xx.1994-cü il tarixli Qanununa, «Müharibə veteranları haqqında» xx.xx.1994-cü il tarixli Qanununa görə o, müharibə əlili və veteranı sayılmışdır. O, baş leytenant rütbəsində N saylı hərbi hissədə tank taborunda tank tağım komandiri vəzifəsində vuruşub və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aldığı travmalar (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Komissiyasının 363 saylı xx.xx.1998-ci il tarixli qərarı) İİ qrup əlilliyə aid olduğuna görə o, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün imtiyazlarla və müavinətlərlə birlikdə İİ qrup müharibə əlili kimi pensiya almaq hüququna malik olduğundan cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı iddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizəsinə əlavə göndərərək «Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-437/1999 saylı xx.xx.1999-cu il tarixli qətnaməsi nəzərə alınaraq onu «xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış vətəndaşlarının bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin qaydalarının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı Qərarının subyekti hesab edilərək xx.xx.2020ci ildən başlayaraq mənzil alan günədək aylıq kirayə haqqının ödənilməsinin Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.1985-ci il tarixli ББ 142041 nömrəli hərbi bilet, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli 2-437/1999 nömrəli qətnaməsi, Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli 90 nömrəli sərəncamı, N saylı hərbi hissənin xx.xx.2018-ci il tarixli 3b/k-b nömrəli arayışı, xx.xx.2019-cu il tarixli 022743 nömrəli müddətsiz İİ qrup əlillik vəsiqəsi, xx.xx.2020-ci il tarixli 9/2-818 nömrəli arxiv arayışı, xx.xx.2020-ci il tarixli kirayə müqaviləsi, şəxsi iş və cavabdehin xx.xx.2020-ci il tarixli S-40-076 nömrəli imtinası təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli 022743 nömrəli vəsiqə ilə müddətsiz İİ qrup əlilik verilmişdir. İddiaçı yaşayış sahəsi alanadək kirayə haqqı ilə təmin edilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən verilən məlumatda hansı səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasının göstərilmədiyini əsas gətirərək bundan imtina etmişdir. İş materiallarında olan xx.xx.1985-ci il tarixli ББ 142041 nömrəli hərbi biletin 11-ci səhifəsindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli 2-437/1999 nömrəli qətnaməsindən görünür ki, iddiaçı, Azərbaycan Respublikasının ehtiyatda olan baş leytenantı, Qarabağ müharibəsi 2-ci qrup əlili İddiaçı əlillik pensiyası təyin edilmiş və o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına və veteranlara bütün imtiyazlarla və müavinətlərlə istifadə edən subyekt hesab edilmişdir. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2011-ci il tarixli 90 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, Yeni Gəncə massivi, 2-ci mikrorayon, 1 nömrəli binanın 24 nömrəli mənzilində yaşayan İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İş materiallarında olan N saylı hərbi hissənin xx.xx.2018-ci il tarixli 3b/k-b nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən N saylı hərbi hissə komandirinin 22.08.82-ci il 163 saylı əmrilə 13.07.92-ci ildən hərbi hissənin şəxsi heyətinə daxil olmuşdur. Həmin dövrdən etibarən onun hərbi hissədəki xidməti haqqında və hərbi hissənin şəxsi heyətindən çıxması haqqında məlumatı 01.01.93-cü ildən 01.05.93-cü ilə kimi hərbi hissənin arxiv sənədlərinin olmaması ucbatından təyin etmək mümkün deyil. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 9/2-818 nömrəli arxiv arayışından görünür ki, RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 163 nömrəli əmrilə (əsas: səh., 112, ss 1, sıra-73) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.8 kv/m olan mənzil kirayəyə verən X2 tərəfindən xx.xx.2022-ci il tarixədək kirayəçi İddiaçı kitayəyə verilmişdir. İş materiallarında olan Cavabdeh başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2020ci il tarixli S-40-076 nömrəli məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən verilən məlumatda hansı səbəbdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması göstərilmədiyindən iddiaçıya müvəqqəti kirayə haqqının verilməsi mümkün olmamışdır. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-437/1999 saylı xx.xx.1999-cu il tarixli qətnaməsi nəzərə alınaraq onu «xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış vətəndaşlarının bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin qaydalarının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı Qərarının subyekti hesab edərək, xx.xx.2020-ci ildən başlayaraq mənzil alan günədək aylıq kirayə haqqının ödənilməsinin Cavabdeh üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, təqdim etdiyi sənədlərdə hansı səbəbdən hərbi xidmətdən ehtiyata buraxılması barədə sübut mövcud deyildir. İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-437/1999 saylı xx.xx.1999-cu il tarixli qətnaməsinə istinad etsədə həmin qətnamədə də onun hansı əsasla ehtiyata buraxılması göstərilməmişdir. Göstərilən səbəblərdən məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər(əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edilirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” x xxxxxx 2012-ci il tarixli 174 nömrəli qərarından görünür ki, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış vətəndaşların kateqoriyalarının subyekti hesab edilərək, xx.xx.2020-ci ildən başlayaraq mənzil alan günədək aylıq kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış vətəndaşların kateqoriyalarının subyekti hesab edilərək, xx.xx.2020-ci ildən başlayaraq mənzil alan günədək aylıq kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252)apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar