Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-264/2022 10.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə 22.11.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ‘'Şərabın stabilliyinin təmin edən mütərəqqi texnologiyanın işlənməsi” mövzusunda 3309.01 - “Qida məhsullarının texnologiyası” ixitisasında texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 11.01.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 11.01.2022-ci il tarixli, 2-1(114)-264/2022 nömrəli qərardadı ilə iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1983-cü il tarixdə Tovuz rayonunda anadan olmuş və hal-hazırda ünvan 1 ünvanda yaşayır. 2017-ci ildə “Şərabın stabilliyini təmin edən mütərəqqi texnologiyanın işlənməsi” mövzusu üzrə dissertasiya işini Azərbaycan Dövlət Aqrar Üniversitetində fəaliyyət göstərən dissertasiya şurasında müdafiə edərək, sənədlərinii Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına göndərmişdir. Sənədləri qəbul edildikdən sonra 2018-ci ildə onu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının texniki elmlər bölməsi üzrə ekspert şurasına dəvət etmişlər. O, dissertasiya işi barəsində ekspert şurasının üzvlərinə ətraflı məlumat verdikdən sonra bütün suallara ətraflı və izahlı cavab verdiyi üçün ona heç bir irad bildirilməmiş və şura üzvlərinin verdiyi şifahi məlumata əsasən həmin şuradan müvəffəqiyyətlə keçmişdir. İddiaçı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından elmi dərəcənin nə vaxt veriləcəyi barədə məlumat almağa çalışdıqda, şifahi şəkildə ona işinə baxıldığı, heç bir problem olmadığı və yaxın vaxtda texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi veriləcəyi bildirlmişdir. İddiaçının Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının texniki elmlər bölməsi üzrə ekspert şurasından müvəffəqiyyətlə keçməyinə baxmayaraq 2019-cu ildə təkrarən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının texniki elmlər üzrə ekspert şurasına dəvət edilmiş, yenidən dissertasiya işinə dair müxtəlif suallar verilmiş və o, yenədə hər bir suala ətraflı, düzgün cavab vermiş, bundan sonra şuranın üzvləri onu təbrik edərək, şuradan uğurla keçdiyini və diplomunu tezliklə alacağınıı bildirmişlər. Dəfələrlə ona texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar olaraq cavabdeh orqana müraciət etdikdə, sonuncu tərəfindən ona 01.06.2021- ci il tarixli cavab məktubu göndərilmiş və həmin məktubda müvafiq ixtisas üzrə ekspert şurasının iclasına dəfələrə dəvət olunmağına baxmayaraq iclasda iştirak etmədiyi göstərilmişdir. Həmçinin iştirak etdiyi müvafiq ixtisas üzrə ekspert şurasının iclasının protokolundan çıxarışın ona təqdim olunması barədə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən müraciəti qəbul olunmuş, məktuba cavab verilməmişdir. Nəhayət ki, ona cavabdeh orqan tərəfindən 15.10.2021 -ci il tarixli, 01/06-6/114 saylı məktubla cavab verilmiş və məktubda Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işinə ekspertlər tərəfindən verilmiş mənfi rəyləri nəzərə alaraq 05.10.2021 -ci il tarixli qərarı ilə iddiaçıya “Şərabın stabilliyinin təmin edən mütərəqqi texnologiyanın işlənməsi” mövzusunda 3309.01 - “Qida məhsullarının texnologiyası” ixitisasında texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 10.02.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və məhkəməyə 26.01.2022-ci il tarixli, 04/14-8/1 nömrəli məktub ünvanlayaraq iddia tələbinə etiraz edərək şifahi məhkəmə baxışı iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının iddiaçıya ünvanladığı 06.05.2021-ci il tarixli, 01/07-7/36 nömrəli, 01.06.2021-ci il tarixli, 04/06-7/470 nömrəli və 15.10.2021-ci il tarixli, 01/06-6/11 nömrəli məktublarının surətləri; - Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının 16.02.2018-ci, 23.05.2019-cu, 02.09.2019-cu və 05.10.2021-ci il tarixli protokollarından çıxarışların və rəylərin surətləri; - Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 1307.2018-ci il tarixli, 12 nömrəli, 19.10.2018-ci il tarixli, 15 nömrəli, 10.03.2021-ci il tarixli, 2-1 nömrəli və 07.04.2021-ci il tarixli 2-2 nömrəli protokolların və qərarlarının surətləri; - Cavabdeh orqanın məhkəməyə ünvanladığı 14.12.2021-ci il tarixli, 04/14-8/5 nömrəli etiraz məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslı deyil. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı təqdim etdiyi dissertasiya işi Komissiyanın Kollegiyasının 16.02.2018-ci il tarixli qərarı ilə rəy verilməsi, işdə fizika elm sahəsinə aid hissələrə münasibətin bildirilməsi məqsədilə, özü dəvət olunmaqla iki ekspert şurasına - Texnika elmləri (maşınqayırma və inşaat sahələri) üzrə və Fizika və astronomiya elmləri üzrə - göndərilməsi barədə qərar qəbul edilmişdir. Fizika və astronomiya elmləri üzrə ekspert şurasının 13.07.2018-ci il tarixli qərarı ilə iddiaçıya elmi dərəcənin verilməsi tövsiyə edilməmişdir. Fizika və astronomiya elmləri üzrə ekspert şurasının 19.10.2018-ci il tarixli iclasında verilən suallara iddiaçının cavablarının qənaətbəxş olmadığı, işdə çoxlu sayda elmi və texniki qüsurların aşkar olunduğu əsas götürülərək işin fizikaya aid olan hissəsinə mənfi rəy verildiyi bildirilməklə yekun rəyin verilməsi Texnika elmləri üzrə ekspert şurasına tövsiyə edilmişdir. Texnika elmləri (maşınqayırma və inşaat sahələri) üzrə ekspert şurasının 19.06.2019-cu il tarixli qərarı ilə iddiaçının bilik səviyyəsinin müvafiq elmi dərəcəyə uyğunluq səviyyəsinin yoxlanılması tövsiyə edilmişdir. Komissiyanın Kollegiyasının 02.09.2019-cu il tarixli qərarı ilə iddiaçının texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi rəy verilməsi məqsədilə, tərkibinə fizika üzrə mütəxəssis daxil edilməklə komissiya yaradılmaq, özü dəvət olunmaq və ixtisas üzrə bilik səviyyəsinə münasibət bildirilməkləTexnika elmləri maşınqayırma və inşaat sahələri) üzrə ekspert şurasına göndərilmişdir. Ekspert şurasına 15.09.2019-cu və 07.10.2019-cu il tarixlərində daxil olmuş ekspert rəylərində iddiaçının bilik səviyyəsinin yoxlanılması tövsiyə edilmişdir. İddiaçı dəfələrlə ekspert surasının iclaslarına dəvət olunmuşdur. İddiaçıya Komissiyanın 12.04.2021-ci il tarixli 04/06-7/28 nömrəli, 06.05.2021-ci il tarixli 01/06-7/36 nömrəli və 01.06.2021-ci il tarixli 04/06- 7/47 nömrəli məktubları ilə ekspert şurasının iclasında iştirakının vacibliyi barədə yazılı məlumat göndərilmiş, eyni zamanda şifahi qaydada (telefon vasitəsilə) Komissiyanın Elm sahələri üzrə birinci şöbəsinin əməkdaşları tərəfindən iclas barədə əvvəlcədən dəfələrlə məlumatlandırılmışdır. Lakin iddiaçı iclaslarda iştirak etməmiş, heç bir üzürlü səbəb təqdim etməmişdir. İddiaçıya elmi dərəcənin verilməsi barədə 08.01.2018-ci il tarixli vəsatət qaldırmış Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində B/FD.04.131 dissertasiya şurasının fəaliyyət göstərmədiyi nəzərə alınaraq dissertasiya işi və sənədlər geri qaytarılmamış, ekspertiza davam etdirilmişdir. Qeyd olunanlar, o cümlədən dissertasiya işinə ekspertlər tərəfindən verilmiş mənfi rəylər nəzərə alınaraq Komissiyanın Kollegiyasının 05.10.2021-ci il tarixli qərarı ilə iddiaçıya texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilətəsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.2- ci bəndinə əsasən elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmi-ixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsi iddiaçılarının xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları” əsasında həyata keçirilir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X1 baxılır və qərar qəbul edilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən ekspert şuralarının fəaliyyəti Komissiyanın təsdiq etdiyi “Ekspert şuraları haqqında Əsasnamə” ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanunauyğun hesab edir. Belə ki, məhkəmə hesab edir ki, məhkəmə sadalanan maddi hüquq normalarının tələblərini işin faktiki hallarına tətbiq edərək, iddiaçının iddia tələbinə münasbətdə qeyd edir ki, müvafiq dissertasiya işlərinə qoyulmuş tələblərə cavab verib-verməməsinin müəyyən edilməsi cavabdeh orqanın diskresion səlahiyyətlərinə aiddir. Buna görə də, məhkəmə iddiaçının dissertasiya işinin, onun üçün müəyyən edilmiş tələblərə cavab verməsini deyil, yalnız inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq həyata keçirib-keçirmədiyini yoxlaya bilər. Hazırki halda, cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərini “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq həyata keçirməməsinə dair məhkəmə araşdırmasına hər hansı sübut təqdim olunmamışdır. Belə ki, işin materiallarına əlavə edilmiş Ali Attestasiya Komissiyasının ekspert şurasının rəyləri əsas götürülməklə, cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilmişdir. Həmin rəylərdə isə iddiaçının tədqiqat işinin dissertasiya üçün Ali Attestasiya Komissiyası tərəfindən qoyulan tələbləri ödəməməsi və plagiat olduğu qənaətinə gəlinmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh orqan Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-264/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-264/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver