Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-265/2020 21.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7rşı mənzilin özəlləşdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2019-cu il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu,Hərbi şəhərcik 38, Rabitə evi binasının 2 saylı mənzilinin özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik-38, Rabitə evi, 2 saylı mənzil xx.xx.1995-ci il tarixli order əsasında ona məxsusdur. İddiaçı ailəsi ilə birlikdə 1995-ci ildən hazırkı vaxta qədər orada yaşamış və həmin mənzildə qeydiyyatda durmuşdur. Hazırda iddiaçı həmin mənzilin özəlləşdirilməsi üçün cavabdeh orqana rəsmi müraciət etmiş, sonuncu isə həmin mənzilin özəlləşdirilməsindən imtina etmişdir. Cavabdeh mənzili özəlləşdirməkdən imtina etməklə iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC X2 həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh: Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, vətəndaşın müraciəti ilə bağlı aparılmış araşdırma zamanı mənzilin hərbi şəhərcikdə yerləşdiyi, eyni zamanda ərizəyə əlavə edilmiş xx.xx.1995-ci il tarixli 2 saylı Orderin Gəncə RİB Həmkarlar Komitəsinin sədri tərəfindən verildiyi, bundan başqa ərizəyə mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının əlavə edilmədiyi aşkar edilmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Üçüncü şəxs: Üçüncü şəxs X2 cavabdehə ünvanladığı xx.xx.2016-cı il tarixli KŞ-44 nömrəli məktubunda Gəncə şəhəri, Hərbi şəhərcik 38 adlanan ünvandakı Rabitə evi binası, 2 nömrəli mənzilin X3 adına özəlləşdirilməsinə razılıq vermişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixli 11/570 nömrəli məktubunda bildirmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik-38, Rabitə evinin binası, 2 nömrəli mənzil Müdafiə Nazirliyinin balansına aid deyildir. Cavabdehin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin iddiaçıya ünvanladığı imtina məktubu, X8 X4 Komitəsinin xx.xx.1995-ci il tarixli 2 nömrəli orderi, xx.xx.2019-cu il tarixli ******* nömrəli Yaşayış yerindən arayış, X5 X6 şöbəsinin xx.xx.2004-cü il tarixli 22 nömrəli “Forma 2” arayışı, X1 xx.xx.2016-cı il tarixli KŞ-44 nömrəli məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mahiyyəti üzrə də əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik-38, Rabitə evi binası, 2 nömrəli mənzilə dair xx.xx.1995-ci il tarixli 2 nömrəli order mövcud olmuşdur. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsilə bağlı rəsmi qaydada ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq məktubu məhkəmə qaydasında mübahisələndirmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir. Qanunun əsas prinsiplərindən biri də mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması və yaşadıqları mənzilin həmin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüquqlarının təmin olunmasından ibarətdir. Qanun müəyyən edir ki, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) həmin Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsinə əsasən vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Qanunun yuxarıda qeyd edilən sonuncu müddəasının göstərişindən göründüyü kimi mənzilin özəlləşdirilməsindən imtinaya yalnız vətəndaş tərəfindən saxta sənədlər təqdim edildikdə, yaxud onun yaşadığı mənzil (ev) mübahisəli olduqda yol verilir. Lakin cavabdeh inzibati orqan hazırkı mübahisə üzrə göstərilən səbəblərdən heç birinə istinad etməmişdir. Cavabdehin imtinasının əsaslarını mənzilin hərbi şəhərcikdə yerləşməsi, orderin Gəncə RİB Həmkarlar Komitəsinin sədri tərəfindən verilməsi, bundan başqa mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının təqdim edilməməsi olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Sözügedən maddənin tələbindən göründüyü kimi, bütün hərbi şəhərciklərdə deyil, yalnız qapalı hərbi şəhərciklərdə mənzillərin özəlləşdirilməsinə yol verilmir. Hazırkı iş üzrə mübahisə edilən mənzil hərbi şəhərcikdə yerləşsə də, həmin hərbi şəhərciyin qapalı hərbi şəhərcik olması barədə cavabdeh tərəfindən sübut təqdim edilməmiş, eyni zamanda cavabdehin imtinasında da bu hal qeyd edilməmişdir. Azərbaycan Respublikasında mənzil münasibətlərini tənzimləyən xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərində rayon, qəsəbə kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxx 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İşin hallarından görünür ki, iddiaçı 1995-ci ildən iddia olunan mənzildə yaşayır. Həmin vaxt qüvvədə olan və mənzil münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərlərdə rayon, qəsəbə, kənd xalq deputatları icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdehin “mənzilin hərbi şəhərcikdə yerləşməsi, habelə orderin Gəncə RİB Həmkarlar Komitəsinin sədri tərəfindən verilməsi barədə” arqumentləri ilə razılaşmır və bildirir ki, bu hallar mənzilin özəlləşdirilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı ilə bağlı əsaslara gəlincə məhkəmə qeyd edir ki, sözügedən sənədlərin ərizəyə əlavə edilməsi yuxarıda qeyd olunan Qanunun tələbindən irəli gəldiyindən mənzilin özəlləşdirilməsi həmin sənədlər təqdim edildikdə həyata keçirilməlidir. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə mənzilə hüququ olan şəxslərin (həmin şəxslərin 18 yaşı tamam olduqda), həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin razılıq ərizəsi, habelə mənzilin kommunal-məişət vəziyyəti barədə arayışı təqdim edildikdən sonra cavabdehin üzərinə mənzilin özəlləşdirilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.6-cı maddəsinə əsasən məhkəmə qərarının icra qaydasının və müddətinin müəyyən edildiyi hallarda, qərarın nəticəvi hissəsində bu barədə müvafiq göstəriş nəzərdə tutulmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qərarın icrası aşağıdakı qaydada müəyyən edilsin: Gəncə şəhəri, Hərbi şəhərcik-38, Rabitə evi ünvanında yerləşən 2 nömrəli mənzilin özəlləşdirilməsi “mənzilə hüququ olan şəxslərin (həmin şəxslərin 18 yaşı tamam olduqda), həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin razılıq ərizəsi, habelə mənzilin kommunal-məişət vəziyyəti barədə arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X9 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-265/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-265/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver