Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-265/2024 26.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs Bakı Dövlət Universiteti publik hüquqi şəxsi) diplomun verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsinə dair diplomun veriməsi öhdəliyinin Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının hüquqi varisi olan Bakı Dövlət Universitetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8535/2022 nömrəli qərardadı ilə cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əvəz edilmiş, Bakı Dövlət Universiteti publik hüquqi şəxsi isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8535/2022 nömrəli qərardadı ilə iş baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Gürcüstan Respublikasında Dövlət Aqrar Universitetinə daxil olmuş, sonradan köçürmə əsasında Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına köçürülmüşdür. 2007-ci il tarixdə həmin Universiteti bitirsə də, lakin rəhbərlik tərəfindən müxtəlif bəhanələr gətirildiyindən diplomun verilməsi iki ilə yaxın bir müddətdə ləngidilmişdir. Çoxsaylı şikayətlər nəticəsində iddiaçı 2009-cu il tarixdə diplomu əldə edə bilmişdir. Həmin dövrlərdə övladlarının azyaşlı olması səbəbindən işləmək mümkün olmamış, bu səbəbdən də diplomla bağlı heç bir yerə müraciət edilməmişdir. Lakin 2012-ci il tarixdə işlə bağlı müraciət etdikdə məlum olmuşdur ki, onun adına verilmiş B N 141891 (qeydiyyat nömrəsi 6/0437 onda isə 6/0726) dövlət nümunəli bakalavr diplomu 2009-cu il tarixdə AMİ-nin Qazax filialının "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisasının məzunu X3 da verilmişdir. Belə olan halda o yenidən Universitetə müraciət etmiş, dəfələrlə gedib-gəldikdən sonra bildirilmişdir ki, nömrənin verilməsində yanlışlıq olmuşdur. Səhvin aradan qaldırılması və yeni diplomun verilməsi üçün diplomun əslinin təqdim edilməsi tələb edilmişdir. Diplomun əslini Universitetə təqdim etməzdən öncə xx.xx.2012-ci il tarixdə iki müxtəlif notariat kontorunda surətlərini təsdiq etdirdikdən sonra 2013-cü ilin yanvar aylarının sonlarına yaxın fakültənin dekanı Tofiq Əlihüseynova təqdim edilmişdir. Həmin vaxtdan bu günə kimi diplomun nə köhnəsini, nə də yenisini ala bilməmişdir. X5 işdən azad edildiyini və onunla bərabər digər vəzifəli şəxslər barəsində cinayət işi başlanıldığından xəbər tutmuşdur. Universitetə müraciət etdikdə isə arxiv məlumatlarının aşkar edilmədiyi barədə ona məlumat verilmiş, universitetin rəhbərliyinin cinayət əməllərinə görə həbs edildiklərini, universitetin arxiv sənədlərini də həmin şəxslərin məhv etdiyini bildirilmişdir. Həmin cinayət işinin materiallarından da məlum olur ki, həmin rəhbər şəxslərin ittiham olunduqları maddələrdən biri də Azərbaycan Respublikasının 326.1.-ci ( Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə-- ) maddəsi olmuşdur. Öz cinayətkar əməllərini gizlətmək məqsədilə günahsız insanlara aid olan sənədləri (əmrlərin qeydiyyat kitablarını, jurnallarını) yandırılmışdır. Belə olan halda diplomun dublikatının verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı bacısıdır, onun tələbə bileti və qiymət kitabçası olmuşdur. Həmçinin Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının əməkdaşları barəsində olan cinayət işi üzrə bacısı dindirilməmişdir. Cavabdehin nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, bir təhsil müəssisəsindən digərinə köçürülmə Təhsil Nazirliyinin məlumatı və icazəsi olmadan keçirilə bilməzdi və bu müvafiq əmrlə olmalı idi. İddiaçının isə adı heç bir rəsmi sənədlərdə əksini tapmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməy məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gürcüstan Aqrar Universitetinin xx.xx.2018-ci il tarixli, xxxx/1069 nömrəli arxiv arayışından görünür ki, X4 həqiqətən 24 sentyabr 2001-ci il tarixli 02-38 əmrlə Filologiya (Azərbaycan dili və Ədəbiyyat) ixtisası üzrə X11 Universitetinin, X7 Profilli İnstitutunun, Pedaqoji fakültənin, ödənişli sektorun birinci kursuna qəbul olunmuş, 02 oktyabr 2003-cü il tarixli 02-33 əmrlə başqa bir təhsil müəssisəsinə keçdiyinə görə, şəxsi ərizəsi əsasında tələbə siyahısından çıxarılmışdır. -surəti işə əlavə edilmiş B 141891 nömrəli diplomdan görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci l tarixli qərarı ilə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən X1 Azərbaycan dili və ədəbiyyatı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Müəllimlər İnstitutunun xx.xx.2012-ci il tarixli, 01-10/42 nömrəli məktubunda bildirilir ki, X1 Azərbaycan Müəllimlər İnstitutu tərəfindən diplom verilməmiş, göstərilən BN 141891 (qeydiyyat nömrəsi 6/0437) dövlət nümunəli bakalavr diplomu isə 2009-cu ildə AMİ-nin Qazax filialının "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisasının məzunu X3 verilmişdir. -surəti işə əlavə edilmiş Bakı Dövlət Universitetinin Qazax filialının xx.xx.2017-ci il tarixli, 240 nömrəli məktubunda bildirilir ki, Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının 2002-ci ildə daxili qəbul əsasında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının "Fililogiya" fakultəsinin "Azərbaycan dili və ədəbiyyat" ixtisasına qəbul olunması və 2007-ci ildə həmin ixtisası bitirməsi haqqında arxivdə heç bir sənəd aşkar edilməmişdir. İddiaçı (Məmmədova) 2009-cu ildə bitirdiyi ixtisas üzrə B 141891 (qeydiyyat 6/0726) diplom aldığını qeyd etsə də Ali Təhsil Müəssisələrində diplom (diplom dublikatı) və ona əlavənin qeydiyyatı kitabında onun adına diplom verilməsi haqqında qeydiyyat yoxdur. İddia olunduğu kimi onun adına verilimiş və yalnız notarial qaydada təsdiq olunmuş surətinin saxlandığı B 141891 (qeydiyyat 6/0726) diplomun araşdırma zamanı AMİ-nin Qazax filialı tərəfindən "Azərbaycan dili və ədəbiyyat" ixtisasının məzunu X3 verildiyi Ali Təhsil Müəssisələrində diplom (diplom dublikatı) və ona əlavənin qeydiyyatı kitabına əsasən məlum olmuşdur. Qaraveva (Məmmədova) Pərvanə Bayram qızının adına yazılmış diplomla X2 adına qeyd edilmiş diplomun nömrələri eyni olsa da, qeydiyyat nömrələri fərqlidir. Qarayeva (Məmmədova) Pərvanə Bayram qız - B 141891 (qevdivyat 6/0726). X6- B 141891(geydiyyat 6/0437) Filialın arxivində aparılmış araşdırmalara əsasən Qarayeva (Məmmədova) Pərvana Bayram qızının adı BDU-nun Qazax filialında (keçmiş AMİ-nin Qazax filialı) 1992-ci ildən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarının nəticələrinə görə tələbələr sırasına qəbul olunma əmrlərində, köçürülmə və bərpa olunma əmrlərində, yekun dövlət imtahanlarında iştirak etmə əmrlərində və diplom verilməsi haqqında əmrlərdə aşkar edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 24 sentyabr 2001-ci il tarixli müvafiq əmrlə Filologiya (Azərbaycan dili və Ədəbiyyat) ixtisası üzrə X11 Universitetinin, X7 Profilli İnstitutunun, Pedaqoji fakültənin birinci kursuna qəbul olunmuş, 02 oktyabr 2003-cü il tarixli 02-33 əmrlə başqa bir təhsil müəssisəsinə keçdiyinə görə şəxsi ərizəsi əsasında tələbə siyahısından çıxarılmışdır. İddiaçı köçürmə əsasında Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına köçürülməsini və ona B 141891 nömrəli diplom verildiyini, sonradan sözügedən diplomun ali təhsil müəssisəsi tərəfindən ondan alındığını və geri qaytarılmadığını iddia edərək, hazırda onun Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsinə dair diplomun veriməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı iddia qaldırmışdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsipləri və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun:- -1.0.7-ci maddəsinə əsasən bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşəixtisas dərəcəsidir. -5.1. maddəsinə görə dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. -5.2. maddəsinə görə dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. -6.1. maddəsinə görə maddəsinə görə təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. -6.5. maddəsinə görə bütün təhsil müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkili təmin olunur. -27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasının: -3.1-ci bəndinə əsasən ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının (bundan sonra — diplom) nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin və AMEA-nın ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. -3.2-ci bəndinə əsasən diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Təhsil Nazirliyinin 402 saylı xx.xx.1996 cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamənin 1.2.1-ci bəndində qeyd olunmuşdur ki, xarici ölkələrdən tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi Əsasnamənin 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmrinin İİ bəndində qeyd edilmişdir ki, köçürmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilsin. Göründüyü kimi, yuxarıda istinad olunan müvafiq əmrin tələblərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyində olduğundan iddiaçının həmin təhsil müəssisəsinə köçürülməsi yalnız Nazirliyin müvafiq razılığı olduğu halda aparıla bilərdi. Lakin təqdim olunmuş sənədlərdən də göründüyü kimi iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, bu barədə müvafiq razılığın olması və həmin müəssisədə təhsil alması barədə hər-hansı sübut mövcud deyil. Həmçinin məhkəmə iclasında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının 2002-ci il üzrə tələbələrin köçürülməsi və 2009-cu il üzrə diplomların verilməsi ilə bağlı əmr kitablarına baxış keçirilmiş və iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, ona diplom blankının ayrılması, habelə həmin təhsil müəssisəsində təhsil alması barədə həmin qurumun arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavadeh orqanın iddiaçıya müvafiq diplom verilməsi ilə bağlı öhdəliyi istisna olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-265/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-265/2024
26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver