Məhkəmə qərarları › İş №2-1(114)-2654/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2654/2023

22.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2654/2023 22.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı adının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 069t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı, xx.xx.2008-ci il tarixli 0141t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı və xx.xx.2013-cü il tarixli 0104t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı verilmişdir.

3. İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli 046t nömrəli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal və xx.xx.2011-ci il tarixli 025t nömrəli əmrinə əsasən “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalla təltif olunmuşdur.

4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 10 nömrəli əmrinə əsasən mayor İddiaçı N nömrəli hərbi hissənin Yardımçı idarəolunma mərkəzinin (Gəncə aeroportu üzrə) rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 13 yanvar 2015-ci il tarixli 021 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş, 2015-ci ilin növbəti məzuniyyəti verilməklə, 03 may 2015-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi uçota durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsinə göndərilməsi əmr edilmişdir.

5. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(095)-140/2015 nömrəli arayışına əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinib, Gəncə Hərbi Məhkəməsinin 01 iyul 2013-cü il tarixli hökmü ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Kapital bankın 264 saylı 08 iyul 2013-cü il tarixli qəbzinə əsasən İddiaçı ona təyin olunmuş 700 (yeddi yüz) manat miqdarında cəriməni tam həcmdə dövlət nəfinə ödəmişdir.

6. İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə Nazirliyin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklərin edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq hərbi qulluqçunun ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda 20 təqvim ili olarsa mənzil təminatına baxılmaq üçün adlı siyahıya daxil edilir. Onun Azərbaycan Ordu sıralarında ümumi təqvim xidmət müddəti (xx.xx.1994-xx.xx.2015) və 20 (iyirmi) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün, barəsində Gəncə Hərbi Məhkəməsinin 01 iyul 2013-cü il tarixli 700 (yeddi yüz) manat cərimə cəzasına məhkum edildiyi hökmə əsasən məhkumluq müddəti 1 (bir) il təşkil edir. Yuxarıda qeyd olunan Fərmanın icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ili olmadığına görə bu Fərman ona şamil edilmir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-12- 1/2-Ə-178610/2023 nömrəli arayışa əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1978-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuş İddiaçı məhkumluğu yoxdur. II. Məhkəmədə icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanına əsasən 20 ildən artıq xidmət etdiyini nəzərə alaraq onun evlə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1994-cü il tarixdə Bakı Ali Birləşdirilmiş Komandirlər məktəbinə daxil olmuş, xx.xx.1998-ci il tarixdən xx.xx.2001-ci il tarixədək N saylı hərbi hissədə xidmətini davam etdirmiş, xx.xx.2001-ci il il tarixdən xx.xx.2007-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissədə və xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmiş, oradan da ordu sıralarından tərxis edilərək xx.xx.2015-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Yuxarıda göstərilən hallara nəzər salınsa müəyyən olunur ki, o, xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət etmiş və yalnız Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 021 saylı əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən tərxis olunaraq xx.xx.2015-ci il tarixdən təqaüdə (pensiyaya) çıxmışdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 21 ildən çox qüsursuz xidmət etmişdir və bununla bağlı hərbi biletində lazımi qeydlər də aparılmışdır. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar şöbəsi bu halları nəzərə almayaraq onun mənzillə təmin olunmasında süni maneələr yaradır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

11. İddiaçı xx.xx.2023-cü il tarixli iclas zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmasını xahiş etmiş və ərizə həmin tarixli qərardadla məhkəmənin icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

19. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.

20. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

21. İddiaçı həmin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, adının “Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə eyni tarixli məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

23. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-12-1/2- Ə-178610/2023 nömrəli arayışı; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli 530 nömrəli məktubu; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 10 nömrəli əmrindən çıxarış; - Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(095)-140/2015 nömrəli arayışı; - İddiaçıya məxsus medalların vəsiqələrinin surətləri; - İddiaçıya məxsus xx.xx.2015-ci il tarixli EZ ******* nömrəli hərbi biletin surəti.

Əsaslandırma hissəsi:

Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. O, xidməti dövründə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları, eyni zamanda “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla təltif olunmuşdur. Mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 13 yanvar 2015-ci il tarixli 021 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılmış və N nömrəli hərbi hissə komandirinin xx.xx.2015-ci il tarixli 10 nömrəli əmrinə əsasən 03 may 2015-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır.

27. Həmçinin, müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə təqsirli bilinib, Gəncə Hərbi Məhkəməsinin 01 iyul 2013-cü il tarixli hökmü ilə CM-in 62-ci maddəsi tətbiq edilməklə 700 (yeddi yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş və 08 iyul 2013-cü il tarixdə həmin cəriməni tam həcmdə dövlət nəfinə ödəmişdir. Hazırda İddiaçı məhkumluğu yoxdur.

28. İddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin olunması ilə bağlı cavabdehə etdiyi müraciətinə imtina cavabı ilə bildirilmişdir ki, onun Azərbaycan Ordu sıralarında ümumi təqvim xidmət müddəti (xx.xx.1994-xx.xx.2015) və 20 (iyirmi) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün, barəsində Gəncə Hərbi Məhkəməsinin 01 iyul 2013-cü il tarixli 700 (yeddi yüz) manat cərimə cəzasına məhkum edildiyi hökmə əsasən məhkumluq müddəti isə 1 (bir) il təşkil edir. Ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim ili olmadığına görə Fərman ona şamil edilmir.

29. Lakin məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni hesab etmir.

30. Belə ki, qüsursuz xidmət anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Bu kateqoriyadan olan anlayışlar məzmun baxımından qeyri-dəqiq və qeyrimüəyyən olmaları ilə fərqlənir. İnzibati orqanlar qanunları tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışları təfsir etməli və həmin anlayışların təfsiri əsasında qərar qəbul etməlidirlər. Qanunverici tərəfindən, belə anlayışlardan, bir qayda olaraq, işin faktiki hallarına münasibətdə istifadə olunur. İnzibati orqan bu cür hallarda, o cümlədən hazırkı mübahisəyə münasibətdə qüsursuz xidmət anlayışının təfsiri zamanı obyektiv göstəriciləri, o cümlədən şəxsin hərbi xidmətə münasibəti və hərbi peşəkarlıq səviyyəsi ilə bağlı, habelə hərbi xidmət zamanı və xidmətlə əlaqədar əldə etdiyi uğurları və onun insani keyfiyyətləri ilə bağlı faktiki halları nəzərə almalı və bunların üzərindən onun hərbi xidmətini qiymətləndirməlidir. Qiymətləndirmə zamanı inzibati orqan əlahiddə bir faktdan və ya faktiki haldan çıxış etməkdə haqlı sayıla bilməz. Şəxsin xidməti həmin anlayış prizmasından dəyərləndirilərkən, onun xidmət göstəriciləri vəhdət halında götürülməli və onlara məcmu halında qiymət verilməlidir.

31. Eyni zamanda qeyd edilməlidir ki, belə qeyri-müəyyən anlayışlar əsasında inzibati orqanlar tərəfindən qəbul olunan qərarlar inzibati məhkəmə nəzarəti qaydasında tam şəkildə yoxlanıla bilər. 28. Hazırkı mübahisəyə münasibətdə də həmin yanaşma tətbiq olunmalı, iddiaçının hərbi xidmətinin qüsursuz olub-olmadığı və bunun üzərindən onun tələbində haqlı olub-olmadığı yuxarıda qeyd olunan obyektiv göstəricilər nəzərə alınmaqla müəyyən edilməlidir.

32. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: Maddə 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; Maddə 83.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.

33. Göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr – şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur.

34. Belə olan halda iddiaçının məhkumluğunun ödənilməsinə baxmayaraq, onun əvvəllər məhkum olması əsası ilə hər hansı məhdudiyyətə məruz qalması artıq cinayət qanununun “ədalət” prinsipi ilə uzlaşmır və bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

35. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri qərara alınmış və dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır.

36. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının 4-cü bəndinə əsasən, aşağıdakı məzmunda 3-1-ci, 3-2-ci və 3-3-cü hissələr əlavə edilmişdir: 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.

37. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2015-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır.

38. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən xeyli müddət sonra, yəni 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1ci, 3-2-ci və 3-3cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir.

39. Ona görə də, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır.

40. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

41. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz.

42. Digər tərəfdən, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçdiyi müddətdə bir dəfə böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmuş, məhkum olunduqdan sonra da iddiaçı xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyində görə medallarla, xüsusi ilə də 2 dəfə qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltif edilmişdir.

43. Belə ki, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları, eyni zamanda “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli və “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla təltif olunmuşdur.

44. Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli 330-1İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin 1-ci bəndinə əsasən “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. Əsasnamənin 2-ci bəndinə əsasən, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə verilir.

45. Göründüyü kimi, qanunverici istinad olunan medalla silahlı birləşmələrdə 10, 15 və 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçuların təltif oluna biləcəyini qeyd etmişdir.

46. Belə olan halda, iddiaçının hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması), onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən sözügedən Fərman ona da şamil edilməlidir.

47. Məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlıdır və iddiaçının adının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur.

48. Beləliklə, iddia əsaslı və qanuni olduğundan təmin edilməlidir.

49. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

50. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. İddiaçı adının Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar