Məhkəmə qərarları › İş №2-1(114)-2655/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-2655/2023

21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-2655/2023 21.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə qarşı xüsusi təyinatlı mənzilə dair kirayə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə qarşı xüsusi təyinatlı mənzilə dair kirayə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aiddir və Gəncə rayon Mənzil-İstismar Hissəsinin balansındadır.

2. Həmin mənzil xx.xx.1993-cü il tarixli 127 nömrəli xidməti orderlə X5 və onun ailə üzvləri həyat yoldaşı X6, X7, X1 istifadəsinə verilmişdir.

3. Mənzil komissiyasının xx.xx.2014-cü il tarixli iclasının protokolundan çıxarışa əsasən N nömrəli hərbi hissəsində A/O qulluqçusu X9 Gəncə şəhəri, 84 saylı hərbi şəhərciyin evlər idarəsinin balansından yaşayış sahəsi ayrılmışdır.

4. X10, İddiaçı və X4 şəhəri, 84 saylı hərbi şəhərcik, bina 3, mənzil 32 ünvanda yaşayırlar, bu barədə 5 nömrəli Əlavə - “Yaşayış şəraitinin yoxlanması haqqında” arayış tərtib edilmişdir.

5. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)- 2004/2019 nömrəli qətnaməsi ilə X2 X8 ailə üzvləri ilə birgə qanunsuz zəbt etdikləri mənzildən çıxarılması tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır.

6. İddiaçı istifadələrində olan xüsusi təyinatlı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə müraciət etmiş, İdarə tərəfindən müraciət baxılması üçün aidiyyəti üzrə Gəncə şəhər Mənzil-İstismar Hissəsinə göndərilmiş və sonuncu orqan tərəfindən xx.xx.2023-cü il tarixli 457 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən yaşayış sahəsi ilə ilk növbədə zabit, gizir heyəti təmin edildiyindən və iddiaçı mülki şəxs olduğuna görə göstərilən xidməti mənzilin onun adına sənədləşdirilməsi Gəncə rayon Mənzil-İstismar hissəsinin səlahiyyətləri xaricindədir. II. Məhkəmədə icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, 84 nömrəli hərbi şəhərcik, bina 3, 32 saylı xüsusi təyinatlı mənzilə dair onlarla kirayə müqaviləsinin bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin balansında olan Gəncə şəhəri 84 nömrəli hərbi şəhərcik, bina 3-də, sahəsi 28 kv.m olan 32 saylı xüsusi təyinatlı mənzil N saylı hərbi hissənin komandiri tərəfindən təsdiq edilmiş, həmin hərbi hissənin mənzil komissiyasının 28 yanvar 2014-cü il tarixli qərarı ilə ona və ailə üzvlərinə ayrılmışdır. Həmin vaxtdan hazırkı vaxtadək qeyd olunan mənzildə daimi olaraq cavabdeh orqan və ya başqa fiziki və ya hüquqi şəxs tərəfindən hər hansı etirazla qarşılaşmadan yaşayırlar. Tərəflərindən həmin mənzilin təmiri üçün xeyli miqdarda xərc çəkilmişdir. Onlar dəfələrlə cavabdeh orqan Gəncə rayon Mənzil İstismar Hissəsinə onunla qanunun tələblərinə müvafiq olaraq mənzilin kirayə müqaviləsi bağlanması üçün müraciət etsələr də cavabdeh orqan nədənsə onlarla kirayə müqaviləsi bağlamamışdır. Lakin həmin mənzildə yaşamaqlarına da hər hansı etiraz bildirməmiş, mənzillə bağlı hər hansı iddiaları olmamışdır. Mənzilin bütün kommunal ödənişlərini vaxtında ödəmişlər. Lakin cavabdeh orqan tərəfindən onlardan hər hansı ödəniş rəsmi və ya şifahi qaydada tələb olunmadığından ona hər hansı ödəniş etməmişlər. 2019-cu ildə mənzilin əvvəllər müvəqqəti istifadəçisi olmuş X6 adlı şəxs məhkəməyə həmin mənzilin boşaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(043)-2004/2019 saylı qətnaməsi ilə iddia rədd edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X2 və onun ailə üzvlərinin hazırda həmin mənzil üzərində heç bir hüququ yoxdur. Lakin bundan sonra cavabdeh orqan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğu halda yenə də X3 həmin mənzilə yerləşdirmək məqsədilə onlardan həmin mənzili boşaltmalarını tələb edir. Belə vəziyyətdə cavabdehin nə üçün onlarla bu vaxta qədər müddət ərzində kirayə müqaviləsi bağlamaqdan imtina etməsi başa düşülür. Necə ola bilər ki, onların mənzildə yaşamaqları üçün və onlarla kirayə müqaviləsi bağlanması üçün əsas, yəni mənzil komissiyasının qərarı olduğu halda mənzilə heç bir hüququ olmayan və bu məhkəmə qətnaməsi ilə təsdiq olunan şəxsə verilməsi üçün onların mənzili boşaltmaları tələb olunur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi (Gəncə rayon Mənzil İstismar Hissəsi) rəsmi müraciətinə 454 saylı məktub ilə cavab verərək onlarla mənzil kirayə müqaviləsi bağlamaqdan imtina etmiş, yenə də əsassız olaraq mənzilə həmin Simuzər Quliyeva və onun ailə üzvlərinin hüququ olmasını əsas gətirərək ərizənin təminindən imtina etmişdir. Hazırkı iddia tələbi ilə bağlı daha əvvəl Gəncə İnzibati Məhkəməsinə müraciət edilib və məhkəmədə işə daha əvvəl baxılmışdır. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə iddiaları təmin edilməmişdir. Həmin qərardan apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaları mümkünsüz sayılmışdır. Səbəb isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar Hissəsinin inzibati orqan olmaması və iddiaya cavab verməli inzibati orqanın Azərbaycan Respublikası Müdafiə Nazirliyi olması qeyd edilmiş, cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldırmaq hüquqları onlara izah olunmuşdur. İşə cəlb edilmiş üçüncü şəxslərin isə işdə iştiraklarına xitam verilmişdir. Bu səbəbdən də cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdeh orqanın imtinası qanunsuzdur. Hesab edir ki, Gəncə şəhəri 84 nömrəli hərbi şəhərcik, bina 3, 32 saylı xüsusi təyinatlı mənzilə dair N saylı hərbi hissənin komandiri tərəfindən təsdiq edilmiş, həmin hərbi hissənin mənzil komissiyasının 28 yanvar 2014-cü il tarixli qərarı onlarla mənzilin kirayə müqaviləsi bağlanılması üçün əsasdır. Hesab edir ki, inzibati orqan olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil İstismar hissəsi ərizənin icrasından əsassız olaraq imtina etmişdir. Onlar qanunun bütün tələblərinə əməl etdikləri üçün inzibati orqan ərizəni mütləq şəkildə müsbət həll etməli idi.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

11. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü ilə bağlı məlumat verməmişlər.

12. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

13. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

14. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

15. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aid olmaqla, Gəncə rayon Mənzil-İstismar Hissəsinin balansındadır. Mənzil komissiyasının xx.xx.2014-cü il tarixli iclasının protokolundan və N nömrəli hərbi hissənin mənzil bölmə siyahısından çıxarışlara əsasən N nömrəli hərbi hissənin A/O qulluqçusu X9 ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi ayrılmışdır.

16. Hazırkı iddianı hərbi qulluqçu X10 qaldırmalı olduğu halda, onun ailə üzvü – arvadı olan İddiaçı qaldırmış, lakin onun buna dair subyektiv hüququ mövcud olmamışdır.

17. Azərbaycan Respublikası Mənzil Məccələsinə görə: Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri... Maddə 92. Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquqmühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir.

18. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

19. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

21. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar