Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2656/2023 16.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1961-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, 16 noyabr 1979-cu ildə Azərbaycan SSR-nin tərkibində hərbi xidmətə getmiş və 25 noyabr 1981-ci il tarixdə hərbi xidmətini başa vurmuşdur. İddiaçı xx.xx.1982ci ildə Kəlbəcər rayon Təsərrüfat hesablı Avtoqarajda köməkçi çilingər kimi əmək fəaliyyətinə başlamış, xx.xx.1984-cü il tarixdə həmin qarajda İV dərəcəli çilingər vəzifəsinə keçirilimiş və xx.xx.1993-cü il tarixədək, yəni Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal edilənədək Kəlbəcər rayon Təsərrüfat hesablı Avtoqarajda çilingər işləmişdir. Kəlbəcər rayonu erməni işğalçıları tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun İdarə, Müəssisə və Təşkilatlarının, eləcədə kolxoz və sovxozlarının arxiv sənədləri işğal zonasında qaldığından onun əmək kitabçası xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayon Təsərrüfat hesablı Avtoqarajın müdiri Ələmdar Atakişiyev tərəfindən yenidən tərtib edilərək xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək işləməyi qeyd edilmişdir. Kəlbəcər rayon Təsərrüfat hesablı Avtoqaraj Kəlbəcər rayonunun işğalından sonra 1994-1995-ci illərə qədər fəaliyyət göstərmişdir. Belə ki, həmin vaxt Avtoqaraja məxsus avtomobillərin təhviltəslim edilməsi, eyni zamanda özəlləşdirilməsi prosesi davam edirdi. İddiaçı xx.xx.2004-cü il tarixdə «NN» kiçik müəssisəsində fəhlə kimi işə qəbul olmuş, xx.xx.2004-cü il tarixdə Metal-əridən işinə keçirilmiş və xx.xx.2010-cu il qədər «NN» kiçik müəssisəsində Metaləridən işləmişdir. Daha sonra müəssisənin adı dəyişdirilərək «Sem-San» şirkəti olduğundan həmin tarixdən, yəni xx.xx.2010-cu il tarixdən hal-hazıradək «Sem-San» şirkətinin Əlvan Metallar sahəsinə metal əridən qəbul olunaraq həmin sahədə işləyir. Əmək kitabçasının təsdiq edilmiş surətindən də göründüyü kimi iddiaçının xx.xx.2004-cü ildən hal-hazıradək 19 ildən artıq ağır işdə işləməyi barədə iş stajı var və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun olaraq xx.xx.2021-ci ildən güzəştli şərtlərlə pensiya almaq hüququm yaranmışdır. Bu səbəbdən də iddiaçı sənədlərini toplayaraq ona qanunvericiliyin tələblərinə əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şətlərlə pensiya təyin edilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh 17 mart 2023-cü il tarixli, 3-17-1/2-C-59083/2023 nömrəli məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, əmək kitabçasının 1982-1993-cü illərə aid hissəsi 1993-cü ildə məcburi köçkün düşdükdən sonra Gəncə şəhərində həmin müəssisəsinin baş mühəndisi Ələmdar Atakişiyev tərəfindən yazılmışdır. Müəssisənin möhürü Ələmdar Atakişiyevdə idi, lakin əmr kitabları yox idi, o, işlədiyi dövrü Ələmdara demiş, sonunucu da yazmışdır. Cavabdehin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Kəlbəcər rayon Təsərrüfathesablı Avtoqarajda işlədiyi qeyd olunub. Sözügedən əmək kitabçasını araşdırılarkən orada qeyd olunan doldurulma tarixinin (xx.xx.1993-cü il) Kəlbəcər rayonunun Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi tarixdən (xx.xx.1993-cü il) sonrakı tarixə aid olduğundan xx.xx.1982-xx.xx.1993-cü il tarixləri arasındakı dövr üzrə məlumatların həqiqiliyinə dair əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar idddiaçının sözügedən müəssisədəki iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün aidiyyəti üzrə sorğu göndərilmiş, sorğuya cavab olaraq sözügedən müəssisədə iddiaçının işləməyi barədə Kəlbəcər rayon Dövlət arxivində heç bir əsaslı sənədin mövcud olmadığı və Kəlbəcər rayonunun xx.xx.1993-cü il tarixində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi üçün həmin tarixə qədər rayona aid idarə, müəssisə, təşkilatlarının Kəlbəcər rayon Dövlət arxivinə verdiyi bütün sənədlərin işğal zonasında qaldığı bildirilmişdir. Buna görə də, İddiaçı ümumi iş stajı 25 ildən az (20 il 8 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr və xx.xx.2006-cı il tarixindən sonra 16 il 1ay)), güzəştli iş stajı isə 12 il 6 aydan az (12 il 20 gün (xx.xx.2010-xx.xx.2022-ci il il tarixləri arasındakı dövr)) təşkil edir. İş materiallarından da aşkardır ki, iddiaçının ümumi iş stajı 25 ildən az olduğu və güzəştli iş stajının olmaması səbəbindən İddiaçı müvafiq pensiyanın təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı bugünə cəmi 17042,53 manat təşkil edir. Odur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş AТ-İX ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Kəlbəcər rayon Təsərrüfathesablı Avtoqarajda, xx.xx.2004-cü il tarixdən xx.xx.2010-cu il tarixədək « NN » kiçik müəssisəsində, xx.xx.2010-cu il tarixdən hal-hazıradək « SemSan » şirkətində işləməsi qeyd edilmişdir. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C-59083/2023 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının isə 12 il 6 aydan az təşkil etdiyinə görə ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yuxarıda göstərilən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq İddiaçı pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci ildə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən cavabdeh qurum tərəfindən mübahisələndirilməyən ümumi iş stajı (xx.xx.1979-xx.xx.1981-ci il hərbi xidmət dövrü, xx.xx.2004-xx.xx.2006-cı il tarixləri arasındakı dövr və xx.xx.2006-cı il tarixindən sonra 16 il 1ay işlədiyi dövr) 20 il 8 gün təşkil edir. İddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1982-ci ildən xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayonunda işlədiyi müddət isə cavabdeh tərəfindən mübahisələndirilən iş stajıdır. Qeyd olunan əmək kitabçası araşdırılarkən qeyd olunan doldurulma tarixinin (xx.xx.1993-cü il) Kəlbəcər rayonunun Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi tarixdən (xx.xx.1993-cü il) sonrakı tarixə aid olduğundan həmin dövr üzrə (əmək kitabçasının 2-3-cü səhifələrindəki qeydlərin hansı sənədlərə əsasən aparılması ilə bağlı) məlumatların həqiqiliyinə dair əsaslı şübhələr yaranmış, bu səbəbdən də həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasının doldurulma tarixinin (xx.xx.1993-cü il) Kəlbəcər rayonunun işğal edildiyi tarixdən (xx.xx.1993-cü il) sonrakı tarixə aid olması və bu səbəbdən də həmin məlumatların həqiqiliyinə şübhələr olması ilə bağlı cavabdehin arqumentləri əsaslı hesab edilməlidir. Belə ki, iddiaçı özü də məhkəmə iclasında sözügedən əmək kitabçasının məcburi köçkün düşdükdən sonra Gəncə şəhərində həmin müəssisəsinin baş mühəndisi Ələmdar Atakişiyev tərəfindən yazıldığını, müəssisənin möhürünün həmin şəxsdə oduğunu və əmək kitabçasının əmr kitablarına əsasən deyil, onun diktəsinə əsasən yazıldığını etiraf etmişdir. Qeyd olunanlar isə həmin dövrlərin iddiaçının sosial sığorta stajına hesablanmasını istisna edir. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı tələbini ödəmədiyinə görə onun əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2656/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2656/2023
16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver