Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2658/2023 19.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi və 65 yaşı tamam olduğu tarixdən indiyədək ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1973-cü ildən hərbi xidmət illəri nəzərə alınmaqla SSR dövründə və ondan sonrakı dövrlərdə müxtəlif müəssisələrd işləməklə 35 ildən artıq əmək stajına malikdir. Belə ki, əmək kitabçasına, arxiv arayışları və digər zəruri sənədlərə əsasən təkcə 1 yanvar 2006-ci il tarixinədək sığorta stajı 32 il, 3 ay 19 gün təşkil edir. Bununla bağlı bütün zəruri sənədlər tərəfindən cavabdehə təqdim edilmişdir. Lakin, bütün bunlara rəğmən, ona əmək pensiyası təyin edilməmiş, əvəzində xx.xx.2021-ci il tarixdə ona yaşa görə sosial müavinat təyin edilmişdir. Halbuki iddiaçıya pensiya təminatına imkan verən mövcud qanunvericiliyin tələbinə əsasən 25 ildən artıq sosial sığorta stajı nəzərə alaraq 65 yaşı tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməli idi. İddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “1999-2006-cı illərdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 23 il 18 gün təşkil edir. İddiaçının təqdim etdiyi Tovuz rayonu Avtonəqliyyat müəssisəsinin arxiv arayışının surətinə əsasən xx.xx.1984-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti zamanı xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək adına əməkhaqqı hesablanmamışdır. Bu səbəblə xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Əlavə olaraq bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər əmək stajı kimi öz təsdiqini tapmadığı, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılıb. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü il tarixədək ayrı-ayrı vaxtlarda ayrı-ayrı müəssisələrdə işləmişdir. -surəti işə əlavə edilmiş xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -işə əlavə edilmiş Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 5-79-46/2- 69/2023 nömrəli arxiv arayışından görünür ki, X3nin Tovuz rayon Dövlət arxivində saxlanılan sənədlərində vətəndaş İddiaçı 22 may 1984-cü il tarixdə 53 L/S №-li əmrlə X3nə 4-cü dərəcəli slesar təyin edilmiş, 11 iyun 1991- ci il tarixdə 16 №-li əmrlə Şəmkir ANİB-nin 67№-li əmrinə əsasən X3 ləğv olunub onun bazasında iki müəsisənin - yuk daşıma avtonəqliyyat müəsisəsinin və sərnişindaşıma müəsisəsi yaradılması ilə əlaqədar olaraq İddiaçı dərəcəsi ilə yükdaşıma avtonəqliyyat müəsisəsində saxlanılması göstərilmişdir, 02 iyun 1993- cü il tarixdə 26 Ş/H №-li əmrlə 5-ci dərəcəli avto-elektrik vəzifəsinə təyin edilmiş, 03 iyul 2006-cı il tarixdə 13a №-li əmrlə Tovuz Avtonəqliyyatı ASC üzrə uzun müddətli məzuniyyətdə olan İddiaçı 03 iyul 2006 cı il tarixdən işdən azad edilməsi göstərilmişdir. -işə əlavə edilmiş Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 5-79-46/2- 69/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1984-1999-cu illər üzrə ayrı-ayrı vaxtlarda X1 əmək haqqı almış, 1994-cü ilin iyun ayından 1995-ci ilin iyul ayına kimi şəxsi hesab kitabında adlar oxunmadığına görə vətəndaşın həmin illərdə əmək haqqından çıxarış verilməsi mümkün olmamışdır. -ƏƏSMN tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-40084/23 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 1999-cu ildən 2006-cı ilədək işlədiyini, eləcə də ümumilikdə 25 ildən artıq sığorta stajı olduğunu iddia edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Qeyd edilməlidir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi əmək kitabçası, arxiv arayışı və hərbi bileti əsasən ümumilikdə 23 il 18 gün təşkil etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun 1999-cu ildən 2006-cı ilədək Tovuz Avtonəqliyyatı ASC-də işlədiyi müddətlərdir. Cavabdeh orqan 1999cu ildən 2006-cı ilədək iddiaçının adına əməkhaqqı hesablanmadığına görə həmin dövrləri onun sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. Qeyd edilməlidir ki, 1999-cu ildən 2006-cı ilədək olan dövr üzrə əmək haqqı almadığından həmin dövr sosial sığorta stajı kimi nəzərə alına bilməz. Buna baxmayaraq həmin dövrün nəzərə alınmaması iddiaçıya pensiya təyinatından imtinaya əsas verə bilməz. Cünki qeyd olunan dövr nəzərə alınmasa da bele iddiaçının 25 il sosial sığorta stajı vardır. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Bu səbəbdən də onun əmək haqqı almadığı dövlər onun sosial sığorta stajına daxil edilə bilməz. Başqa sözlə iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə tələbin “yaşa görə əmək pensiyasının təyin edilməsi” hissəsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur (1 iyul 2020 – 30 iyun 2021-ci il tarixləri üzrə kişilər üçün pensiya yaş həddi 65 yaş olmuşdur). Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. İddiaçının sosial sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçıya məxsus əmək kitabçası ilə onun xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (1 il 2 ay 5 gün), xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 8 ay 15 gün), xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (4 ay 22 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (1 il 4 ay) və xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (11 il 6 ay 20 gün) ümumilikdə 17 il 2 ay 25 gün, hərbi biletə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixədək 1 il 11 ay 23 gün, eyni zamanda Tovuz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 5-79-46/2-69/2023 nömrəli arxiv arayışına əsasən iyun 1993-cü il tarixdən dekabr 1999-cu il tarixədək 6 il 6 ay olmaqla ümumilikdə 25 ildən çox sığorta stajının olması öz təsdiqini tapır. Beləliklə müəyyən olunur ki, iddiaçının xx.xx.1973-cü il tarixdən dekabr 1999-cu il tarixədək qeyd olunan iş və hərbi xidmət müddəti nəzərə alındıqda onun ümumilikdə 25 ildən çox sığorta stajının olması müəyyən olunur. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 25 ildən çox) malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia 1999-cu ildən 2006-cı ilədək olan dövrün sosial sığorta stajına daxil edilməsi hissəsində əsaslı olmadığından təmin edilməməlidir. Odur ki, iddia qismən təmin edilməli, iddiaçıya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-2658/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-2658/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver