Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-2659/2023 21.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı pensiya təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur.
2. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən o xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Daşkəsən rayon kolxozlararası kökəltmə birlində 3 nömrəli arıçı briqadasında köməkçi, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Daşkəsən Avtonəqliyyat müəssisəsində 3-cü dərəcəli sürücü, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Daşkəsən Təmir-Tikinti sahəsində 3-cü dərəcəli sürücü, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Daşkəsən rayon kolxozlararası kökəltmə birliyində sürücü, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Daşkəsən avtobazada sürücü, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X4 İdarəsində sürücü, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Daşkəsən rayon kiçik Təmir-tikinti sahəsində 3-cü dərəcə fəhlə və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Daşkəsən Təmir sahəsində çilingər işləmişdir.
4. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli imtina cavabı ilə ona bildirmişdir ki, təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 21 il 1 ay 18 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 5 ay 18 gün sığorta stajına uyğun olaraq 16.005,10 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3.335,84 manat olmaqla, ümumilikdə 19.340,94 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320,00 manat, minimum əmək pensiyasının məbləği isə 280,00 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək (işə daxil olma tarixində qaralama var) və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək (işdən çıxma tarixində qaralama var) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və adında aktov əmək müqaviləsi (“X5” MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmayıb.
5. Məhkəmənin sorğularına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-3/2- 97127/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-123044/2023 nömrəli cavab məktublarında bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlanıldığı üçün 2005-ci il üzrə İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının araşdırılması mümkün olmamışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixinə kimi İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat müəyyən edilməmişdir.
6. Sığortaolunanın hesabından çıxarışdan görünür ki, İddiaçı 2021 aprel-2023 mart dövrü ərzində xeyrinə 3850,99 manat məbləğində məcburi dövlət sosial sığorta haqları ödənilmişdir.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2- 177289/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, araşdırma zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı aid sığortaedən kimi uçot məlumatları, 2006- 2008-ci illər üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lar (forma B1) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (forma B3), həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. II. Məhkəmədə icraat
8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1994-xx.xx.1996-cı və xx.xx.1996xx.xx.1999-cu ilədək işlədiyi illərin sosial sığorta stajına hesablanaraq, 2005-2008-ci illər ərzində Dövlət Sosial Müdafiə Fonduna ödədiyi məcburi dövlət sosial sığorta haqqının nəzərə alınaraq ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində anadan olmuşdur. Hal-hazırda yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, cavabdeh orqana rəsmi ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-62980/2023 saylı məktubu ilə ona əmək pensiyası verilməsindən imtina etmişlər. Cavabdeh orqanın imtinası tam əsassızdır. Əmək kitabçasında olan qaralamaya görə işlədiyi illərin sosial sığorta stajına hesablanmamasının heç bir məntiqi izahı yoxdur. Çünki, əmək kitabçasında olan qaralanmış sahə növbəti səhifədə tam və dəqiq yazılmışdır. Cavabdeh orqan yeni yazılmış səhifəyə hər hansı münasibət bildirməmişdir. Əslində isə həmin sahəyə münasibət bildirməklə imtinasını əsaslandırmalı olduğu halda əsaslandırmamışdır. Onun tərəfindən 2005-2008-ci illər ərzində Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Cavabdeh orqan isə bildirir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Ödəniş qəbzlərinin olması o deməkdir ki, məcburi sosial sığorta haqları ödənilmişdir.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
12. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Daşkəsən rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
21. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumilikdə 21 il 1 ay 18 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı ümumilikdə 04 il 11 ay 06 gün təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları’na əsasən əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək (işə daxil olma tarixində qaralama var) və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək (işdən çıxma tarixində qaralama var) olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 5 ay 18 gün sığorta stajına uyğun olaraq 16.005,10 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 3.335,84 manat olmaqla, ümumilikdə 19.340,94 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34.560,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240,00 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2023-cü il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40.320,00 manat, minimum əmək pensiyanın məbləği isə 280,00 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********6 nömrəli xidməti məktubuna əsasən, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixinə kimi İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə heç bir məlumat müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və onun adına aktiv əmək müqaviləsi (“X5” MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də mümkün olmamışdır.
22. Cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək, etirazda göstərilənləri müdafiə etdiyini bildirməklə iddianın rədd edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
23. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi; - İddiaçıya məxsus əmək kitabçası; - İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet; - Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli məktubları; - Mədaxil qəbzləri; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli məktubları; - Daşkəsən rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubu; - Daşkəsən rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubu; - İddiaçının pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
24. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
25. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə onun xx.xx.1994cü il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyi illəri onun sosial sığorta stajı kimi qəbul etməyərək, sığorta stajının 25 ildən az - (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 21 il 1 ay 18 gün təşkil etdiyi qeyd edərək, müraciətini təmin etməkdən imtina etmiş və bu barədə xx.xx.2023-cü il tarixli imtina məktubu göndərmişdir.
26. Həmin məktubda cavabdehin imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək (işə daxil olma tarixində qaralama var) və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək (işdən çıxma tarixində qaralama var) işlədiyi dövrlərin doldurulma qaydası pozulduğu üçün, həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab olunmamışdır.
27. Məhkəmə cavabdeh orqanın imtina əsaslarını nəzərə alaraq, cavabdehin dəlilinə qiymət verməklə, aşağıdakılara görə onun mövqeyini əsassız hesab edir.
28. Azərbaycan Respublikasının Konstitusiyasına görə: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
31. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
32. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
34. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olması.
35. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixdə, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz halıdır.
36. İddiaçının tələb olunan 25 il sığorta stajına malik olması da iş materialları ilə öz təsdiqini tapır.
37. Belə ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Daşkəsən rayon kolxozlararası kökəltmə birlində 3 nömrəli arıçı briqadasında köməkçi, xx.xx.1978-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Daşkəsən Avtonəqliyyat müəssisəsində 3-cü dərəcəli sürücü, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Daşkəsən Təmir-Tikinti sahəsində 3-cü dərəcəli sürücü, xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək Daşkəsən rayon kolxozlararası kökəltmə birliyində sürücü, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək Daşkəsən avtobazada sürücü, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X4 İdarəsində sürücü, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Daşkəsən rayon kiçik Təmir-tikinti sahəsində 3-cü dərəcə fəhlə və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Daşkəsən Təmir sahəsində çilingər işləməsi qeyd edilmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı 21 il 1 ay 18 gün təşkil edir.
38. Cavabdeh inzibati xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Daşkəsən rayon kiçik Təmir-tikinti sahəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Daşkəsən Təmir sahəsində işlədiyi müddəti əmək kitabçasının doldurulma qaydasının pozulması – işə daxil olma və işdən azad olma tarixlərində qaralamanın olması) əsası ilə mübahisələndirmişdir.
39. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda sadalanan normaların məzmunundan da göründüyü kimi, işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd əmək kitabçası hesab edilir və iddiaçının əmək kitabçasında onun xx.xx.1994cü il tarixdən xx.xx.1996-cı il tarixədək Daşkəsən rayon kiçik Təmir-tikinti sahəsində 3-cü dərəcə fəhlə və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Daşkəsən Təmir sahəsində çilingər işləməsi qeyd edilmişdir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən.
41. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə: Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
42. Göründüyü kimi, istinad olunan Qaydalarda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı isə qeyd edilən müddətdə işləməsinə dair əmək kitabçasını təqdim etmişdir. İddiaçının hazırda mübahisələndirilən iş stajı da (xx.xx.1994-xx.xx.1996-cı və xx.xx.1996-xx.xx.1999-cu illər) həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edir.
43. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
44. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, əmək kitabçasının doldurulma qaydasının pozulması – işə daxil olma və işdən azad olma tarixlərində qaralamanın olması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
45. Məhkəmə bununla bağlı qeyd edir ki, əmək kitabçasının tərtib olunması və orada məlumatların qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən onun düzgün tərtib olunması və məlumatın qeyd edilməsi (edilməməsi) işəgötürənin məsuliyyət sferasına aiddir.
46. Göründüyü kimi, iddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilən dövr 4 il 11 ay 06 gün (xx.xx.1994-xx.xx.1996-cı və xx.xx.1996-xx.xx.1999-cu illər) təşkil edir və həmin müddət yuxarıda qeyd edilənlərə əsasən onun sosial sığorta stajına daxil edilməlidir.
47. Bundan əlavə, iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli НЗ ******* nömrəli hərbi biletlə onun xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 4 ay) hərbi xidmətdə olduğu qeyd edilmiş, həmin müddət cavabdeh orqanın özü tərəfindən mübahisələndirilməmiş və iddiaçının sosial sığorta stajına daxil edilmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi xidmət müddəti daxil olmaqla mübahisələndirilməyən əmək fəaliyyəti dövrü (21 il 1 ay 18 gün), mübahisələndirilən əmək fəaliyyəti dövrü (4 il 11 ay 06 gün), cəmi 26 il 24 gün təşkil etməsi nəzərə alındıqda, iddiaçıya münasibətdə qanunvericiliklə nəzərdə tutulmuş dispozisiya şərtlərinin, yəni həm 25 il sığorta stajı və həm də yaş həddi ilə bağlı şərtlərin mövcudluğu müəyyən olunur.
49. Buna görə də iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, cavabdeh orqanın bundan imtinası isə əsassız olmuşdur.
50. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
52. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək Daşkəsən rayon kiçik Təmir-tikinti sahəsində 3-cü dərəcə fəhlə və xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Daşkəsən Təmir sahəsində çilingər işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva